Şahdəniz 2 üçün birinci platformanın üst tikililəri quraşdırıldı

Şahdəniz 2 üçün inşa olunmuş  Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platformasının üst tikililərinin STB-1 barjı üzərində dənizə yola salınmasından sonra,  iyulun 2-si saat 18.00-da bu qurğu öz daimi yerinə çatmış, dünən (iyulun 3-də) səhər isə onun artıq çoxdan həmin yerdə quraşdırılaraq üzt tikililərini gözləyən dayaq blokunun üzərinə quraşdırılması işlərinə hazırlıq başlanmışdır. STB-1 barjı yavaş-yavaş dayaq blokunun dayaqları arasına hərəkət etmiş, saat 15:00-da üst tikililər çox dəqiqliklə və uğurla barjdan dayaq blokunun üzərinə oturdulmuşdur. Yükü boşalmış barj dayaq blokunun o biri tərəfindən çıxaraq geriyə istiqamət götürmüşdür.

Dünən axşam isə platformanın ilk sakinləri – menecer və sazlama-montaj üçün işçi heyəti, gəmidən platformaya  köçürülmüş və sazlama-montaj işlərinə hazırlıq başlanmışdır.

BP-nin Layihələr üzrə vitse-prezidenti  Yuan Drammond: “Bu gözəl xəbərdir. Shahdəniz 2-nin ilk platforması artıq yerindədir, üst tikililər uğurla dayaq blokunun üzərinə oturdulub. Həm də nə gözəl ki, hər şey tam təhlükəsiz başa çatdırılıb. Bu nəhəng əmiəliyyatın uğurlu olmasında, həmçinin layihənin bütün mərhələlərinin uğurla həyata keçirilməsində əməyi olanların hər birini təbrik edir, onlara təşəkkürümü bildirirəm.”