BP şirkəti Cənub Dəhlizi üzrə yeni vitse-prezident təyin edir

3 aprel 2014

Bu gün BP şirkəti Co Mörfinin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunun Cənub Dəhlizi üzrə vitse-prezidenti vəzifəsinə təyin olunduğunu elan etdi. Bu yeni vəzifəsində cənab Mörfi Şahdəniz üzrə qazın dəyər zəncirinin (QDZ) inteqrasiyasına və BP-nin bütün Cənub Dəhlizi məsələləri üzrə şirkətxarici işlərinə, o cümlədən Şahdəniz QDZ-nin Yunanıstan, Albaniya, İtaliya hökumətləri və Avropa Komissiyası ilə əlaqələrdə təmsil  olunmasına cavabdeh olacaq. Co BP-nin Bakı ofisində işləyəcək və BP-nin AGT regionu üzrə rəhbər qrupunun  üzvü olacaq.

Bu təyinat AGT regionunun Cənub Dəhlizi üzrə hazırkı vitse-prezidenti Al Kukun BP Qrupu prezidentinin icra aparatının rəhbəri vəzifəsinə təyin olunmasından sonra  verilib.

Hər iki təyinat may ayının əvvəllərində qüvvəyə minəcək.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell dedi: “Mən dünyanın ən böyük və ən mürəkkəb qaz layihələrindən birinə ilk gündən rəhbərlik edərək göstərdiyi əhəmiyyətli səylərə görə Ala öz minnətdarlığımı bildirmək istəyirəm. O, bu vəzifəni gərgin fəaliyyətlə dolu son beş il ərzində yerinə yetirib və bu fəaliyyətlər layihəni 2013-cü ilin dekabr ayında yekun investisiya qərarına gətirib  çıxardı. Öz bacarıq və qətiyyəti ilə o, çoxsaylı maraqlı tərəfi və çoxistiqamətli xüsusiyyəti olan bu layihəni uğurla inteqrasiya edən və irəli aparan bir komandaya rəhbərlik etmişdir. Mən Ala yeni təyin olunduğu BP Qrupunun baş icraçı direktorunun icra aparatının rəhbəri vəzifəsində uğurlar arzulayıram. Bu yeni vəzifəsində o, birbaşa Bob Dadlinin rəhbərliyi altında işləyəcək.

Həmçinin fürsətdən istifadə edərək mən Conun AGT regionuna təyinatından məmnunluğumu bildirmək istərdim. Co neft və qaz sənayesində geniş beynəlxalq təcrübəyə malikdir. Mən əminəm ki, onun bu təcrübəsi Cənub Dəhlizinin irəliləyişinin uğurla davam etməsi və Şahdəniz Mərhələ 2 layihəsi çərçivəsində ilk qazın 2018-ci ilin sonlarında bazarlara çatdırılması səylərinə dəyərli töhfə verəcək.” 

Co Mörfi öz yeni təyinatına hazırda işlədiyi əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə icraçı vitse-prezidentin icra aparatının rəhbəri vəzifəsindən keçəcək. Co BP şirkətinə 2000-ci ildə gəlib. O, neft və qaz sənayesi sahəsində təcrübəli menecerdir və Meksika Körfəzi, Vyetnam, Yaxın Şərq, Misir və Şimali Amerika regionlarında  rəhbər vəzifələrdə çalışmışdır.

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.  Telefon: +994 (0) 12 599 45 57