Azərbaycanda həyata keçirilən altıncı Biomüxtəliflik Müsabiqəsi başa çatmışdır

6 dekabr 2007

Bu gün BP şirkəti Azərbaycanda həyata keçirilən iri neft və qaz layihələrindəki tərəfdaşları adından altıncı Biomüxtəliflik Müsabiqəsinin mükafatlarını elan etmişdir. Mükafatlandırma mərasimi bütün müvafiq qurumların, hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, habelə mətbuat nümayəndələrinin iştirakı ilə bu gün Bakıda keçirilmişdir. 

Bu müsabiqə BP şirkəti və onun tərəfdaşlarının Azərbaycanda bioloji müxtəlifliyin qorunması ilə bağlı rəhbər tutduqları strategiyanın bir hissəsidir və bizim fəaliyyət göstərdiyimiz ölkələrdə və sahələrdə biomüxtəliflik üzrə silsilə xarakterli xüsusi təşəbbüsləri həyata keçirmək öhdəliyimizi dəstəkləyir. Builki müsabiqə daha əvvəl həyata keçirilmiş beş müsabiqənin uğuruna əsaslanır və məqsəd dəyişməz olaraq qalır - dünyanın bioloji müxtəlifliyinə real, ölçülə bilən və müsbət təsir göstərmək. Müsabiqənin məqsədi dünyada biomüxtəlifliyin qorunmasının əhəmiyyəti barədə məlumatlılığın yüksəldilməsi üçün həm bu gün, həm də gələcəkdə həyata keçirilə biləcək ən yaxşı praktiki ideyaları müəyyən etməkdir. 

Müsabiqə iki kateqoriya - ən yaxşı biomüxtəliflik layihəsi və ən yaxşı ekoloji məlumatlılıq layihəsi - üzrə keçirilmişdir. Ən yaxşı biomüxtəliflik layihəsi kateqoriyasına mühüm ekoloji sistemlər, mühafizə olunan ərazilər, nəsli kəsilməkdə olan növlərin qorunması və ekoloji turizm kimi mövzular daxil idi. Bu kateqoriya üçün ayrılmış ümumi büdcə təxminən 20.000 ABŞ dolları təşkil etmişdir. Ümumi büdcəsi 10.000 ABŞ dolları olan ən yaxşı ekoloji məlumatlılıq kateqoriyası isə ekoloji tədris vəsaitlərinin, o cümlədən kitabların, bukletlәrin, plakatların və məqsədyönlü tədbirlərin hazırlanması kimi sahələri əhatə etmişdir. 
2007-ci ilin may ayında dövrü mətbuatda bu müsabiqənin keçiriləcəyi haqqında geniş elan verilmiş, BP şirkətinin bütün ofisləri vasitəsi ilə müxtəlif təşkilatlara layihədə iştirak üçün ərizə formaları paylanmışdır. Təqdim olunan təklifləri və məqalələri nəzərdən keçirərək qiymətləndirmək üçün üç şura yaradılmışdır. Bu şuralar təqdim olunan materialları çoxmərhələli proses çərçivəsində qiymətləndirmişdir. 

1. Təqdim olunan materialların BP şirkətinin müəyyənləşdirdiyi standartlara və siyasətə uyğun olduğunu yoxlamaq – bu, BP şirkəti və Ekologiya və təbii sərvətlər nazirliyi nümayəndələri daxil olduqları müsabiqənin təşkilat komitəsinin üzvlərindən ibarət olan münsiflər heyəti tərəfindən həyata keçirilmişdir. 
2. Texniki qiymətləndirmə – bu, nüfuzlu hökumət və qeyri-hökumət təşkilatlarını təmsil edən məşhur alimlərdən ibarət Elmi Məsləhət Şurası tərəfindən yerinə yetirilmişdir. 
3. Layihənin yekun qiymətləndirilməsi – bu, BP şirkəti və Ekologiya və təbii sərvətlər nazirliyi nümayəndələri daxil olduqları Mükafatlandırma Komitəsi tərəfindən həyata keçirilmişdir. 

Bu müsabiqədə iştirak etmək üçün 2007-ci il sentyabr ayının 1-dək 44 təşkilatdan həştad ərizə daxil olmuşdur. 

“Ekostil-Azərbaycan” qeyri-hökumət təşkilatının təqdim etdiyi “Abşeron yarımadasının nadir və nəsli kəsilməkdə olan bitkilərinin çoxaldılması və reintroduksiyası” layihəsi builki müsabiqənin “ən yaxşı biomüxtəliflik layihəsi” kateqoriyası üzrə əsas mükafata layiq görülmüşdür. Sözügedən layihənin dəyəri 19.120 ABŞ dollarıdır. 

Eynilliklə, ikinci mükafat və 1.500 ABŞ dolları dəyərində pul vəsaiti də qeyri-hökumət “Ekostil-Azərbaycan” təşkilatının təqdim etdiyi “Azərbaycanın veteran və çempion ağacları” adlı layihəsinə verilmişdir. 
Üçüncü mükafat və 1.000 ABŞ dolları dəyərində pul vəsaitinə “Quşların Ekologiyası və Mühafizəsi” ictimai birliyinin “Xəzər dənizinin Azərbaycan hissəsində və ona həmsərhəd ərazilərdə qlobal və regional təhlükədə olan quş növləri və onların xilas edilməsi yolları” mövzusunda layihəsi layiq görülmüşdür. 

Bundan əlavə, münsiflər heyəti tərəfindən “Avroqafqaz Ekoloji Təşəbbüsü” İctimai birliyinin “Azərbaycanın yabanı florası timsalında bitkilərin genetik eroziya riskinin proqnozlaşdırılması” layihəsi həvəsləndirici mükafata layiq görülüb.. Layihənin dəyəri 500 ABŞ dolları məbləğindədir ki, sözügedən birlik , bu vəsaiti təşkilatın bacarıqlarının artırılmasına yönəldəcək. 

Builki müsabiqənin “ən yaxşı ekoloji məlumatlılıq” kateqoriyası üzrə əsas mükafatı “Azərbaycanın ekoloji problemləri gənclərin gözü ilə ” layihəsinə görə “Gəncliyin Şöləsi” Gənclərin inkişafı ictimai birliyi təşkilatına verilmişdir. Layihənin dəyəri 9.356 ABŞ dolları məbləğindədir. 

Bu kateqoriya üzrə ikinci mükafat və 1.500 ABŞ dolları dəyərində maddi vəsait “Azərbaycanın qərb regionunda yaşayan əhalinin ətraf mühitin mühafizəsi üzrə ekoloji maarifləndirilməsi” layihəsinin müəllifi olan “Baytarlıq Sanitariyası və Ətraf Mühitin Mühafizəsi” ictimai birliyinə verilmişdir. 

Üçüncü mükafat və 1.000 ABŞ dolları məbləğində maddi vəsaitə isə “Azərbaycanın biomüxtəlifliyinə həsr olunmuş dörd müxtəlif plakat” layihəsinə görə “Ekostil-Azərbaycan” təşkilatı layiq görülmüşdür. 

Bundan əlavə, “Azərbaycanda biomüxtəlifliyə mənfi amillərin təsiri və aradan qaldırılması yolları ” layihəsinə görə “Ecoil“ Elmi-ekoloji birliyi münsiflər heyəti tərəfindən həvəsləndirici mükafata layiq görülüb. Layihənin dəyəri 500 ABŞ dolları məbləğindədir ki, sözügedən birlik , bu vəsaiti təşkilatın bacarıqlarının artırılmasına yönəldəcək. 
Redaktorlar üçün qeyd: 

Biomüxtəliflik məsələsi BP və onun partnyorlarının Ekoloji strategiyası çərçivəsində mühüm rol oynayır. BP şirkətinin ətraf mühitlə bağlı siyasəti “ətraf mühitə heç bir ziyan vurmamaq”dır. O, bir şirkət olaraq inanırı ki, dünyanın bioloji müxtəlifliyinə real, ölçülə bilən və müsbət təsir göstərə bilər. Bu, yüksək bir amaldır və digər amalları kimi, BP şirkəti bunu da təmin edə biləcəyini nümayiş etdirməkdə qərarlıdır. 

BP şirkəti və tərəfdaşları bu günə kimi Azәrbaycanda biomüxtəlifliklə bağlı bir neçə vacib təşəbbüsə dəstək vermişdir. Bu təşəbbüslərin sırasına tısbağaların yetişdirilməsi layihəsi, Səngəçal körfəzində yaşayan balıqların tədqiqi, mövcud və planlaşdırılan boru kəmərləri boyunca bitkilərin və məməlilərin tədqiqatı və biomüxtəlifliyin qorunması istiqamətində Xəzər Ekoloji Proqramı ilə birgə layihənin həyata keçirilməsi daxildir. Ətraf mühit və biomüxtəlifliklə bağlı əldə olunmuş məlumatların geniş istifadəsini təmin etmək üçün BP şirkəti bu məlumatları Xəzər Ekoloji Proqramı vasitəsi ilə Xəzəryanı ölkələrlə bölüşmüşdür. BP şirkəti həmçinin Azərbaycanda Tuqay meşələrinin bərpasına yönəldilmiş layihəni də dəstəkləyir. Bu layihə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycanın bu sahədə ixtisaslaşan ekspertləri ilə əməkdaşlıq çərçivəsində axırına çatmaqdadır. 


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: +994 (0) 12 599 45 57