BP Azəri-Çıraq-Günəşlı hasilatının idarə olunması yönümündə növbəti addımlar atır

16 noyabr 2012

BP Azəri-Çıraq-Günəşli (AÇG) yatağının istismarla bağlı fəaliyyətinə dərindən baxış keçirilməsini başa çatdırıb.

BP ilə ARDNŞ arasında neft hasilatının idarə olunması üzrə aparılan müzakirələrin davamı olaraq BP Azəri-Çıraq-Günəşli (AÇG) yatağının istismarla bağlı fəaliyyətinə dərindən baxış keçirilməsini başa çatdırıb. BP-nin hasilatın idarə olunması sahəsində qlobal funksional rəhbərliyinin bir qrup nümayəndəsi tərəfindən aparılmış bu araşdırma keçən həftə şirkətin Bakıda səfərdə olan layların geologiyası üzrə bölümünün rəhbəri İan Kavananın başçılığı ilə həyata keçirilib. Baxışda məqsəd 2013-cü il üçün hasilatın əldə olunması planlarını təhlil etmək və bununla bağlı yataqda qarşıya çıxan texniki məsələlərə cavab vermək üçün imkanları müəyyənləşdirməkdən ibarət idi. 

İan Kavana deyir: “BP-nin Şimal dənizindəki və Anqoladakı layların geologiyası üzrə əməliyyat mütəxəssisləri də daxil olmaqla seçilmiş ekspertlər tərəfindən həyata keçirilmiş bu baxış vacib məsələlərin çözülməsi üçün tədbirlərin müəyyənləşdirilməsi üzərində cəmləşmişdi. Bunlar elə məsələlərdir ki, bizim fikrimizcə, onlar 2013 və ondan sonrakı illərin hasilatının əsaslandırılması üçün vacibdir. Biz birlikdə plan hazırlamış və laylardakı təzyiq və hasilatın enməsinin idarə olunması, quyuların idarə olunması və sistemin optimallaşdırılması, həmçinin quma nəzarət sahəsində qlobal texnoloji təcrübənin tətbiqi üzrə tədbirlər razılaşdırmışıq. 

Bütövlükdə bu səfər və növbəti tədbirlərin müəyyənləşdirilməsi BP-nin ən yaxşı təcrübə, texnologiya və səriştəsinin AÇG yatağında hasilatla bağlı mürəkkəbliklərin çözülməsinə tətbiqinin təmin edilməsi işlərinin bir hissəsidir. Biz hazırlanmaqda olan planların həyata keçirilməsinə dəstək olaraq bundan sonra da buradakı mütəxəssis heyətimizə kömək etmək üçün dünyanın digər yerlərindən ekspertlərimizi Bakıya gətirməkdə davam edəcəyik.” 

BP layların geologiyası sahəsində ixtisaslaşmış və Azərbaycandakı heyətə dəstək məqsədilə xüsusi olaraq seçilmiş 12 mütəxəssisini Bakıya gətirməyi planlaşdırır. Bu mütəxəssislər BP-nin dünyanın digər yerlərində əvvəllər buna bənzər məsələlərlə qarşılaşmış olduğu bizneslərindən bir-bir seçiliblər. Onlara BP–nin Sanberi (İngiltərə) və Hyustondakı (ABŞ) qlobal Texnologiya təşkilatından tam dəstək veriləcək. 

Əlavə məlumat üçün aşağıdakı şəxslərə müraciət edə bilərsiniz:

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlı.

Tel.:  994 (0) 12 599 4557;