BP və ARDNŞ Xəzərdə yeni geoloji-kəşfiyyat ərazisi üzrə Anlaşma Memorandumu imzalayır

13 iyul

BP və ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu gün elan edib ki, onlar Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq və Asiman perspektiv strukturlarının birgə geoloji-kəşfiyyatı və işlənməsi üçün anlaşma memorandumu imzalamışdır. 

Azərbaycanın dəniz ərazilərinin hamısının tam işlənməsinin təmin edilməsi üzrə hökümət planının bir hissəsi kimi, bu memorandum BP-yə müstəsna hüquq verir ki, Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşən həmin blokun geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi bağlamaq üçün danışıqlar aparsın. 

Bu Anlaşma Memorandumu Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyevin və Böyük Britaniyanın Baş Naziri Qordon Braunun iştirakı ilə, bu gün Londonda ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev və BP-nin Geoloji-Kəşfiyyat və Hasilat üzrə Baş İcraçı Direktoru Əndi İnqlis tərəfindən imzalanmışdır. 

Bu blok təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir və orada indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmamışdır. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7000 metrdir. 

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57