BP və ARDNŞ texniki xidmətlər haqqında çərçivə müqaviləsi imzalayır

5 oktyabr 2012

Bu sənəd BP şirkətinə texniki xidmətlər göstərilməsi sahəsində ARDNŞ-nin imkanlarından daha geniş istifadə etmək məqsədi daşıyır.
 
BP şirkəti Azərbaycanın iri neft və qaz işlənməsi və kəşfiyyatı layihələrinin operatoru kimi bu gün ARDNŞ-nin Geologiya və Geofizika İdarəsi ilə “Texniki Xidmətlər haqqında Çərçivə Müqaviləsi” sənədini imzaladı. Bu sənəd BP şirkətinə texniki xidmətlər göstərilməsi sahəsində ARDNŞ-nin imkanlarından daha geniş istifadə etmək məqsədi daşıyır. 

Bu gün ARDNŞ-də keçirilən müqavilənin imzalanması mərasimində çıxış edən BP şirkətinin kəşfiyyat və qiymətləndirmə məsələləri üzrə vitse-prezidenti Qreq Rayli demişdir: “Biz geoloji və geofiziki xidmət sahələrində ARDNŞ ilə əməkdaşlığımızı genişləndirməkdən çox məmnunuq. BP şirkətinin ARDNŞ ilə əməkdaşlığının 20 illik tarixi var və bu müqavilə ARDNŞ-nin Xəzərdə axtarış-kəşfiyyat və qiymətləndirmə sahələrində böyük təcrübə və biliyə malik olduğunu bir daha təsdiq edir. ARDNŞ həmişə öz təcrübəsini bizimlə bölüşməyə hazır olub və biz inanırıq ki, bu müqavilə əməkdaşlığımızı daha da dərinləşdirmək üçün əhəmiyyətli bir vasitəyə çevriləcəkdir”. 

Bu müqaviləyə əsasən BP şirkəti Şəfəq-Asiman Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) operatoru kimi Şəfəq-Asiman müqavilə sahəsini əhatə edən 2-ölçülü xətlərin yenidən texniki emalı və 3-ölçülü məlumatların emalına əsas yaratmaqdan ötrü Şəfəq-Asimanın 3-ölçülü tədqiqatında əsas layların seysmik interpretasiyası işlərində ARDNŞ-nin xidmətlərindən istifadə etməyi planlaşdırır.