BP şirkəti Elmlər Akademiyasının təhsil təşəbbüsünə sponsorluq edəcəkdir

24 yanvar

BP şirkəti bu gün Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bir sıra layihələr vasitəsilə akademik bacarıq və biliklərin yaradılmasına kömək etmək üçün Anlaşma Memorandumu imzaladı. Bu layihələr geologiya və geofizika sahəsində fəaliyyət göstərən alimlərin növbəti nəslinə ölkə daxilində öz bilik və bacarıqlarını artırmaq və Azərbaycanın dünya səviyyəli sənaye imkanlarının davamlı inkişafını gücləndirmək məqsədi daşıyır. 

Anlaşma Memorandumunun bir hissəsi kimi, BP və AMEA Azərbaycanın sahilyanı və quru ərazilərində karbohidrogen potensialının öyrənilməsinin təkmilləşdirilməsi üçün yataq modelləşdirmə layihəsinin yaradılması barədə razılığa gəlmişlər. Bu layihə həm də ölkə daxilində neft geologiyası ixtisası üzrə magistrlərin hazırlanmasına və müvafiq tədris fakültəsinin yaradılmasına təkan verə biləcək tədqiqat işlərinin və texniki ekspertizanın aparılmasını təmin edəcəkdir. 

Bundan başqa, BP sedimentologiya və struktur geologiya üzrə dünyanın aparıcı mütəxəssisıərinin rəhbərliyi ilə tələbələr üçün təşkil ediləcək geologiya üzrə yay praksikasının keçirilməsinə sponsorluq edəcəkdir. Bu müddət ərzində BP beynəlxalq tədris tərəfdaşı ilə birgə işləyən Akademiyaya neft geologiyası üzrə potensial magistr proqramı və beynəlxalq akademik və etik standartlara cavab verən və gələcəkdə təsərrüfat hesabı ilə fəaliyyət göstərən Geologiya və Geofizika fakültəsinin uzun müddətli inkişafı üçün təlabatların qiymətləndirilməsində kömək edəcəkdir. 

Bu layihənin həyata keçirilməsi bir il davam edəcək və Azərbaycanın geologiya-geofizika sahəsində aparıcı mütəxəssislərindən istifadə edilməklə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda yeni yataq modelləşdirilməsi qrupu yaradılacaqdır. Qrup Abşeron yarımadasının sahilyanı və quru ərazilərindəki mövcud quyu və seysmik məlumatlardan istifadə edərək, ərazinin inteqrasiya edilmiş yataq modelini hazırlayacaqdır. 
Yatağın modelləşdirilməsi üzrə birgə layihənin maliyyələşdirilməsi, o cümlədən proqram təminatı, kompüter avadanlığı, layihə üzrə məsləhətçilərin və işçi heyətin əmək haqları, təlimlər və müvafiq xidmətlərin ödənilməsi üçün BP şirkəti 550 000 ABŞ dolları məbləğində vəsait ayıracaqdır. Layihənin həyata keçirilməsi üçün yerli mütəxəssisləri AMEA cəlb edəcəkdir. 

BP Azərbaycan şirkətinin prezidenti Bill Şreyder deyir: “Neçə illərdir ki, biz həm tərəfdaşlarımızla, həm də təklikdə təhsilə sərmayə layihələrini həyata keçiririk. 2001-ci ildən bəri BP və onun tərəfdaşlarının dəstək verdikləri Neft və Qaz ixtisaslı məzunların Təqaüd Proqramı sayəsində otuzdan çox Azərbaycan vətəndaşı dünyanın bir çox aparıcı universitetlərində geologiya, geofizika, neft və qaz yataqlarının işlənməsi sahələrində magistr təhsili almaq üçün təqaüdlə təmin olunmuşdur. Bizim digər təşəbbüslərimizlə yanaşı bu təşəbbüs də Azərbaycanın gənc istedadları üçün vətənlərinin çiçəklənməsi və davamlı inkişafına öz töhfələrini vermək imkanı yaratmaqla iqtisadi və sosial inkişafı irəlilətmək məqsədini daşıyır. Biz irəlilədikcə belə imkanların Azərbaycanın özündə mümkün qədər daha çox yaranmasını görmək istərdik”. 

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57