BP Qafqaz Universitetində beş laboratoriya açır

15 may 2011

Bu gün BP şirkəti Azərbaycanda təhsilə dəstəyini davam etdirərək Qafqaz Universitetində beş laboratoriya açdı. Bu laboratoriyalar BP-nin 2009-cu ildə Qafqaz Universiteti ilə əməkdaşlıqda həyata keçirməyə başladığı irimiqyaslı təhsil təşəbbüsünün bir hissəsi olaraq açılır. Layihənin ümumi məqsədi kimya, neft və qaz, həmçinin mexanika mühəndisliyi sahələrində ixtisaslı mütəxəssislər hazırlamaqdır, buna BP-nin maliyyə dəstəyilə yeni açılmış fakültələr vasitəsilə nail olunacaq. 

Yeni açılan bu müəssisələr ümumi kimya, analitik kimya, üzvi kimya, kimya-mühəndisliyi və fiziki kimya sahələrində ixtisaslaşmış və tam təchiz edilmiş müasir laboratoriyalardır. Onlar universitetin tələbələrinə ölkə daxilində beynəlxalq standartlar səviyyəsində təhsil almağa şərait yaradacaq. 

Bütövlükdə layihə BP şirkətinin və Qafqaz Universitetinin birgə təşəbbüsüdür və onun ümumi dəyəri 2,240,000 dollardır. Bu vəsaitin 1,150,000 dollarını BP, qalan hissəsini isə universitet özü təmin edir. 

BP-nin regional prezidenti Rəşid Cavanşir deyir: “BP-nin Qafqaz Universiteti ilə əməkdaşlığının yaxşı nəticələr verdiyini görməkdən məmnunuq. Bizim açdığımız kimya mühəndisliyi fakültəsi artıq iki ildir ki, fəaliyyət göstərir və bu fakültəyə Azərbaycanın hər yerindən çox istedadlı gənclər cəlb edilmişdir ki, onlar kimya mühəndisliyi kimi çox mühüm bir sahədə ixtisaslaşan ilk yerli məzunlar olacaq. 

Ümid edirəm ki, bu gün bizim açdığımız laboratoriyalar bu ölkənin inkişafı üçün çox mühüm olan bir sahəni ixtisas seçmiş tələbələrin bütün lazımi bilik, vərdiş və bacarıqları əldə etməsində faydalı bir tədris vasitəsi olacaq. 
“Tələbələrin bu fakültəyə yüksək ballarla, üç nəfərin isə prezident təqaüdü almasına imkan verən ən yüksək balla qəbul edildiyini eşitmək mənim üçün xüsusilə xoşdur. Mən BP-nin Azərbaycanda belə istedadlı gənclərə dəstək verməsindən çox məmnunam və birgə təşəbbüsümüzün belə uğurla həyata keçməsinə görə bu layihədəki tərəfdaşımıza – Qafqaz Universitetinə təşəkkür etmək istərdim.” 


Redaktorlar üçün qeydlər: 


BP 2009-cu ildə Qafqaz Universiteti ilə anlaşma memorandumu (AM) imzalayıb ki, bu da universitetə özünün bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya, neft və qaz, həmçinin mexanika mühəndisliyi sahələrini əhatə etmək imkanı yaradır. 

Layihə 3 mərhələdə həyata keçirilir. Birinci mərhələdə kimya mühəndisliyi fakültəsinin yaradılması planlaşdırılırdı ki, bu mərhələnin uğurlu nəticəsindən asılı olaraq layihənin sonrakı mərhələləri həyata keçirilsin. Sonrakı mərhələlərdə müvafiq olaraq neft və qaz mühəndisliyi və mexanika mühəndisliyi fakültələrinin yaradılması planlaşdırılır. 

Artıq iki ildir ki, 1-ci mərhələ uğurla davam edir. Kimya mühəndisliyi fakültəsi 2009-cu ildə yaradılıb və indiyədək bu fakültəyə 29 tələbə qəbul olunub. Onlardan 8 nəfəri 2009-2010-cu il və 21 nəfəri isə 2010-2011-ci ildə daxil olublar. Bu tələbələrin üç nəfəri ən yüksək bal topladığına görə prezident təqaüdü alırlar, 2010-cu ildə qəbul olunmuş tələbələrin isə hamısı yüksək bal topladıqlarına görə dövlət təqaüdü alırlar.

Bu layihəni maliyyələşdirməklə yanaşı, BP həm də yeni yaradılmış fakültələrin tələbələrini BP-nin mövcud intern proqramlarına müraciət etməyə və işəgötürmə proseslərində başqaları ilə eyni əsasda iştirak etməyə dəvət edir, BP mütəxəssislərinin müntəzəm olaraq keçirilən seminar və konfranslarda öz bilik və təcrübələrini bölüşdürməklə universitetin mühəndis proqramlarına töhfələr verməsini təmin edir və tələbələrin sənaye ilə təmasını artırmaq üçün onların müvafiq BP laboratoriyalarından istifadəsinə şərait yaradır. 


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57