BP ilə SOCAR arasında Şimali Abşeron hövzəsində D230 blokunun geoloji-kəşfiyyatına dair Anlaşma Memorandumu imzalandı

24 may 2016

BP və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) elan edirlər ki, bu gün Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunda potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılmasına dair Anlaşma Memorandumu imzalanmışdır.

Azərbaycanın dəniz ərazilərinin bütünlüklə tədqiq olunmasının təmin edilməsi üzrə hökümət planının bir hissəsi kimi, bu memorandum BP-yə müstəsna hüquq verir ki, D230 blokunun geoloji-kəşfiyyatı və işlənməsi üzrə saziş bağlamaq üçün SOCAR-la danışıqlar aparsın.
Anlaşma Memorandumu bu gün Bakıda Azərbaycan hökuməti adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell tərəfindən imzalanmışdır.

Cənab Rövnəq Abdullayev demişdir: “BP ilə SOCAR-ı uzunmüddətli səmərəli tərəfdaşlıq münasibətləri bağlayır. BP Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli böyük layihələrin əsas sərmayədarı və operatoru olmuşdur. Şirkətlərimiz arasında münasibətlər daim yüksələn xətt üzrə inkişaf edir. Əməkdaşlıq etdiyimiz bütün layihələr üzrə uğurlu nəticələr qazanmışıq. Bu gün yeni bir ofşor layihəsinin əsasını qoyacaq Anlaşma Memorandumunu imzalayırıq. Bu bizim BP ilə birlikdə uzun illər əməkdaşlığımıza əsas verəcək perspektivlərdən biri olacaqdır”.

Cənab Birrell demişdir: “Bu gün həm Azərbaycan, həm də BP şirkəti üçün əhəmiyyətli bir gündür. Bu, Azərbaycanda neft və qaz hasilatının uzunmüddətli gələcəyini təmin etmək üçün birgə işləyərək yeni imkanlar axtarmaq sahəsindəki  əməkdaşlığımızın davamıdır. Dünyanın digər  yerlərində geoloji-kəşfiyyat sahəsindəki geniş təcrübəmizə və sənayedə mövcud olan ən qabaqcıl texnologiyalar üzrə səriştəmizə əsaslanaraq biz bu yeni imkana ümidlə baxırıq və Azərbaycanda neft hasilatının bir çox onilliklər ərzində saxlanılmasına töhfə verməkdə davam edəcəyik.”

Blok D230 suyun dərinliyi 300 metrədək və kollektorun dərinliyi 3000-5000 metr olan əraziləri əhatə edir.

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya - tel.: 599 47 75 və SOCAR-ın mətbuat xidmətində Nizaməddin Quliyevə - tel.:  521 01 29 müraciət edə bilərsiniz.