BP şirkəti mədəni irsin ictimai təbliği üzrə böyük qrant sazişi imzalayır

18 mart

Bu gün BP şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından Azərbaycan-Gürcüstan-Türkiyə boru kəmərləri dəhlizi boyunca mədəni irs proqramını həyata keçirmək üçün dünyanın ən iri muzey kompleksi və tədqiqat təşkilatı olan ABŞ-ın Smitsonian İnstitutu ilə böyük qrant sazişi bağladı. 

Üç əsas benefisiar - Qobustan Dövlət Tarixi-Bədii Qoruğu (QDTBQ), Azərbaycan Arxeologiya və Etnoqrafiya İnstitutu və Gürcüstan Milli Muzeyi üçün nəzərdə tutulan bu proqramın iki əsas məqsədi vardır – ictimai təbliğat və bacarıqların yaradılması. 

BP Azərbaycan şirkətinin prezidenti Bill Şreyder deyir: “BP və onun tərəfdaşları dünya mədəniyyəti tarixində tutduğu yerlə haqlı olaraq fəxr edən ölkələrin mədəni irsinin qorunub saxlanılmasında iştirak edə bilməsindən böyük məmnunluq duyur. İnanırıq ki, bu proqramın həyata keçirilməsinin nəticələri yalnız BTC/CQBK dəhlizində aşkar edilmiş arxeoloji tapıntıların deyil, eləcə də bu boru kəmərlərinin keçdiyi ölkələrin mədəni irsinin beynəlxalq aləmdə tanınması imkanlarına əsaslı şəkildə əlavə təsir göstərəcəkdir.” 

Bu proqramın ümumi dəyəri 1 milyon ABŞ dollarından bir qədər artıq və həyata keçirilmə müddəti iki ildir. 
Proqramın ictimai təbliğat komponenti bir sıra fəaliyyətlər vasitəsilə həyata keçiriləcəkdir. Bu fəaliyyətlərə aşağıdakılar daxildir:
  • BTC/CQBK boru kəmərləri marşrutu boyunca üç ölkədə (Azərbaycan, Gürcüstan və Türkiyə) aşkar edilmiş maddi-mədəniyyət nümunələrinə dair və mədəni irs proqramı haqqında 1000 tirajlı kataloqun nəşri. Bu kataloq dörd dildə -Azərbaycan, gürcü, türk və ingilis dillərində nəşr ediləcəkdir;
  • İctimai təbliğat üçün bir vasitə kimi BTC və CQBK şirkətlərinin sponsorluğu ilə mədəni irsə dair vebsaytın yaradılması. Bu vebsaytda BTC/CQBK tərəfindən həyata keçirilən Mədəni İrs Proqramı təsvir ediləcək və BTC/CQBK boru kəmərləri marşrutu boyunca üç ölkədə aşkar edilmiş maddi-mədəniyyət nümunələri interaktiv yolla təqdim ediləcəkdir. Bu vebsaytdan geniş ictimaiyyət maneəsiz olaraq istifadə edə biləcəkdir;
  • BTC/CQBK boru kəmərləri dəhlizi boyunca aşkar edilmiş mədəni irs tapıntılarının təfsiri ilə bağlı mövzulara dair beynəlxalq konfransın keçirilməsi. Bu konfrans BTC/CQBK kəmərlərinin inşası zamanı arxeoloji qazıntı işlərində iştirak etmiş arxeoloqlarına, habelə boru kəmərlərinin keçdiyi hər üç ölkə ekspertlərinə və dünyanın digər mütəxəssislərinə BTC/CQBK tapıntılarını beynəlxalq praktikaya uyğun tərzdə təhlil və təfsir etməyə imkan verəcəkdir. Bu ölkələrin hamısının iştirakı ilə keçiriləcək konfransda həmin ölkələrdə istifadə olunan təhlil prosedurları, tapıntılar və onların qorunub saxlanma praktikaları müqayisə ediləcək və bundan sonra konfrans sənədləri nəşr ediləcəkdir; və
  • BTC/CQBK boyunca aşkar edilmiş mədəni irs nümunələrinin təhlili və texniki hesabatının son mərhələsinin başa çatdırılması.
Proqramın bilik və bacarıqların yaradılması komponenti bir sıra fəaliyyətlər vasitəsilə, eləcə də Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun, Azərbaycan Arxeologiya və Etnoqrafiya İnstitutunun və Gürcüstan Milli Muzeyinin işçi heyətləri üçün əməli təcrübələr, təlimlər, seminarlar və mühazirələr təşkil edilməklə həyata keçiriləcəkdir. Proqramın bir hissəsi olaraq, benefisiar təşkilatların əməkdaşları üçün muzeyin idarə edilməsi, tapıntıların emalı, mədəni irs nümunələrinə qulluq edilməsi, qayaüstü təsvirlərə dəyən ziyanın qiymətləndirilməsi; abidələrin düzgün sənədləşdirilməsi və qeydiyyatı; yeni kompüter texnologiyaları və proqramları tətbiq etməklə materialların saxlanması və mühafizə edilməsi; elmi, ədəbi və tarixi dəyərə malik tapıntıların idarə edilməsi; sərgilərin idarə edilməsi və turizmin davamlı inkişafı üzrə təlimlər keçirilməsi planlaşdırılır. 
Bundan əlavə, Azərbaycanın yerli institutları ilə əməkdaşlıq şəraitində Qobustan Qoruğu üçün fauna və floranın tədqiqatı (etnobioloji məlumatlar daxil olmaqla) aparılacaqdır.


Redaktorlar üçün qeyd:
  • Sovet İttifaqının süqutundan sonra Azərbaycanda və Gürcüstanda ilk böyük arxeoloji qazıntı proqramına BTC və CQBK şirkətləri sponsorluq etmişdir;
  • Mədəni irs proqramı genişlənərək 4 arxeoloji qazıntı yerindən 54-dək artmış və bu da BP və onun BTC və CQBK-daki tərəfdaşları üçün xeyli çətinlik və əlavə məsuliyyət yaratmışdır;
  • Bu ölkələrin ərazilərindəki qazıntı yerlərindən aşkar edilmiş mədəni irs nümunələrindən əhəmiyyətli elmi biliklər əldə olundu. Bu nümunələrin bir hissəsi milli və regional əhəmiyyətə malikdir;
  • Aşkar edilmiş bu qiymətsiz mədəni irs nümunələrinin böyük bir hissəsi lazımi qaydada yerləşdirilməli, tədqiq edilməli və gələcək nəsillər üçün qorunub saxlanılmalıdır;
  • Beynəlxalq və yerli mütəxəssislər birgə işləyərək fikir mübadiləsi aparmış və Azərbaycanda istifadə olunan müvafiq elmi metodları təkmilləşdirmişlər;
  • Muzeylərin idarə edilməsi işində bilik və bacarıqların əhəmiyyətli dərəcədə təkmilləşməsinə nail olunmuşdur.
Smitsonian İnstitutu dünyanın ən böyük muzey və tədqiqat kompleksidir. Bu kompleksə 19 muzey, qalereyalar və Milli Zoologiya Parkı daxildir. Smitsonian kolleksiyalarındakı maddi-mədəni abidələrin, incəsənət əsərlərinin və eksponatların ümumi sayının 137 milyon olması ehtimal edilir. Bu materialın əsas hissəsi – 126 milyondan çox nümunə və maddi-mədəniyyət abidəsi – Milli Təbiət Tarixi Muzeyinin bir hissəsini təşkil edir. Bundan başqa, Smitsonian İnstitutunun kitabxanasında nadir kitablar da daxil olmaqla 1,5 milyon cild kitab və 89 000 kub fut arxiv materialı saxlanılır.

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57