BP neft akademiyası üçün illik təhsilə dəstək proqramını təqdim etdi

31 may 2011

BP şirkəti bu gün Azərbaycan Dövlət Neft Akademiyası üçün nəzərdə tutulmuş illik təhsilə dəstək proqramını təqdim etdi. 2011-ci il üçün proqram bu təhsil müəssisinin bir qrup birinci və ikinci kurs tələbəsinə xüsusi mükafatların verilməsini nəzərdə tutur. 

Bu proqram BP-nin Azərbaycanda təhsilin inkişafını dəstəkləyən iri layihələrindən biridir və Dövlət Neft Akademiyasında neft-qaz mədən, geoloji kəşfiyyat, neft mexanikası, energetika, istehsalat proseslərinin avtomatlaşdırılması sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədi daşıyır. 

BP-nin bu gün keçirdiyi tədbirdə Neft Akademiyasının 66 tələbəsinə 2011-ci ilin xüsusi mükafatları təqdim edilib. Onların 30 nəfəri Akademiyaya qəbul zamanı ən yüksək bal toplamış birinci kurs tələbəsidir və onlara xüsusi mükafat kimi BP-nin kompyuterləri verildi. Qalan 36 nəfər ikinci kurs tələbəsidir ki, onları BP riyaziyyat, fizika və məntiq üzrə özünün keçirdiyi texniki testlərin nəticələri əsasında xüsusi olaraq seçmişdir. Bu tələbələrə isə ingilis dili bilgilərini təkmilləşdirmək üçün BP-nin maliyyəsi ilə xüsusi təlim proqramında iştirak etmək imkanı verildi. Bu bilgilər onların texniki sahələrdəki yüksək biliklərini tamamlayacaq. 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir deyir: “Azərbaycanda təhsilin inkişafına dəstək BP-nin bu ölkənin ümumi inkişafında yaxından iştirak etmək istəyinin ən mühüm istiqamətidir. Təhsilə dəstək verməklə biz ölkənin gələcəyinin qurulmasına öz töhfəmizi vermək niyyətindəyik. Bizim Dövlət Neft Akademiyası üçün nəzərdə tutulmuş illik təhsilə dəstək proqramımız bu tədris ocağı ilə geniş əməkdaşlığımızın bir hissəsidir. Proqramın məqsədi Akademiyanın ən qabaqcıl və istedadlı tələbələrindən xüsusi seçilmiş bir qrupuna onların təhsildə daha uğurlu nəticələr qazanmasında və ümumi elmi inkişafında dəstək verməkdir. İnanırıq ki, bu mükafatlar onları yeni uğurlara ruhlandıracaq”. 


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57