BP neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi proqramının ilk buraxılışını qeyd edir

24 sentyabr 2013

Bu gün BP öz “Neft-qaz İxtisaslı Məzunların Təkmilləşdirilməsi Proqramı”nın (NİMTP) ilk uğurlu buraxılışı münasibətilə tədbir keçirib. Bir neçə milyon dollar dəyərində olan bu təlim proqramı yerli neft-qaz ixtisaslı məzunlar üçün nəzərdə tutulub və BP-yə qoşulmaq istəyən gənc mühəndislərin ixtisasının artırılmasına dəstək məqsədi daşıyır. 
NİMTP ötən il fəaliyyətə başlayıb və proqrama ilk qəbul yerüstü mühəndislik, geologiya-geofizika və quyular üzrə ixtisaslaşan 55 məzundan ibarət olub. Onların hamısı 2011-ci ildə BP şirkətinin neft-qaz ixtisaslı məzunlar üçün elan etdiyi iş yerlərinə ərizə vermiş təxminən min nəfərin arasından seçiliblər. 


İlk buraxılış münasibətilə bu gün Bakıdakı “Marriott” mehmanxanasında keçirilmiş tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell dedi: “‘Neft-qaz İxtisaslı Məzunların Təkmilləşidirilməsi Proqramı’nın birinci ilinin nəticələri çox uğurludur. Bu nəticələr bizə imkan verir ki, 2013-cü ildə şirkətdəki neft-qaz ixtisaslı ‘Gənc mütəxəssis’ vəzifələrinə rekord sayda yerli mütəxəssisi işə götürək. Əminəm ki, işə götürdüyümüz və ixtisasını artırdığımiz yerli neft-qaz mühəndislərinin sayı ilbəil artacaq. Karyeralarını BP-də qurmaq istəyən və proqramın növbəti təlim ili üçün seçdiyimiz 88 nəfərlə daha bir uğurlu tədris ilinə ümid bəsləyirik. BP güclü texniki biliklərə malik olan yerli məzunlara “BP-nin Azərbaycandakı ailəsinə” qoşulmaq üçün özlərini hazırlamaq imkanı verən bu dünya səviyyəli təlim proqramının əsasını qoymaqdan qürur duyur. Mən təlim proqramını uğurla başa vurmuş mütəxəssisləri təbrik edirəm və onlara ‘BP-yə xoş gəldiniz’ deyirəm.” 

NİMTP proqramına qəbul hər il BP-nin məzunların işə qəbulu planları çərçivəsində həyata keçirilir və proqram hər ilin sentyabr ayından başlayaraq on bir ay davam edir.


Redaktorlar üçün qeydlər

NİMTP gənc azərbaycanlı neft-qaz mühəndislərini BP şirkəti daxilində uğurlu karyera yolu keçməyə hazırlamaq üçün beynəlxalq səviyyəli təlim və inkişaf vasitəsi kimi planlaşdırılıb. Bu, BP-nin regionda genişlənməkdə olan biznesinin planlarına uyğun olaraq hər il şirkətin işə götürdüyü yerli mütəxəssislərin sayının artırılması məqsədi ilə üst-üstə düşür. 
Bu proqram işə götürülən yerli mühəndislərin universitet məzunluğundan BP şirkətində uzunmüddətli peşəkar karyeraya doğru inkişafının ilk addımıdır. Ona görə də, NİMTP çərçivəsindəki təlim proqramı gənc neft-qaz mühəndislərinin əsasən texniki sahələrdə və biznes üzrə bilgilərini, ünsiyyət və ingilis dili bacarıqlarını dərinləşdirmələrinə kömək etmək üçün hazırlanıb. Proqram həmçinin bu bilik və bacarıqların neft və qaz sənayesində praktikaya tətbiqini öyrədən bir tədris mexanizmi kimi layihələndirilib. 

Proqram biznes və sənaye üzrə aparıcı və nüfuzlu beynəlxalq tədris və təlim müəssisəsi olan Heriot-Uatt Universiteti (Böyük Britaniya) və TTE-Petrofak şirkəti (Böyük Britaniya) tərəfindən aparılır. 

Bu gün ilk buraxılışı qeyd olunan neft-qaz mühəndisləri üçün təlim proqramından əlavə, BP indiyədək Azərbaycanda həm ayrılıqda, həm də tərəfdaşları ilə birlikdə bir sıra digər uğurlu təlim layihələri ilə yerli texniki və neft-qaz ixtisaslı mütəxəssislərin peşəkar inkişafına şərait yaradıb. Bunlara Səngəçal Terminalında yerləşən Xəzər Texniki Təlim Mərkəzi (XTTM) və BP-nin şirkətdaxili “Gənc mütəxəssis (Challenge)” proqramı daxildir. 

Əlavə məlumat üçün BP şirkətinin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Tel.: (+994 12) 599 45 57