BP neft və qaz ixtisaslı tələbələrə öz xüsusi mükafatlarını təqdim etdi

28 iyun 2012

BP gənc azərbaycanlı istedadların inkişafını daim dəstəkləyib və onların təhsilinə və ixtisaslarının artırılmasına sərmayə qoymaqda davam edəcək.

BP şirkəti bu gün Azərbaycan Dövlət Neft Akademiyasının bir qrup birinci və ikinci kurs tələbəsinə öz illik xüsusi mükafatlarını təqdim etdi. 
BP-nin illik xüsusi mükafatlar proqramı şirkətin Azərbaycanda təhsilin inkişafını dəstəkləmək öhdəliyinin bir hissəsidir. Bu proqram Dövlət Neft Akademiyasında neft-qaz mədən, geoloji kəşfiyyat, neft mexanikası, energetika, istehsalat proseslərinin avtomatlaşdırılması sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədi daşıyır.
BP-nin bu gün Bakıdakı Hilton otelində keçirdiyi tədbirdə Neft Akademiyasının 60 tələbəsinə 2012-ci ilin xüsusi mükafatları təqdim edilib. Onların 30 nəfəri Akademiyaya qəbul zamanı ən yüksək bal toplamış birinci kurs tələbəsidir və onlara xüsusi mükafat kimi BP-nin kompyuterləri verildi. Qalan 30 nəfər ikinci kurs tələbəsidir ki, onları BP riyaziyyat, fizika və məntiq üzrə özünün keçirdiyi texniki testlərin nəticələri əsasında xüsusi olaraq seçmişdir. Bu tələbələrə isə öz ingilis dili bilgilərini təkmilləşdirmək üçün BP-nin maliyyəsi ilə xüsusi təlim proqramında iştirak etmək imkanı verildi. Bu bilgilər onların texniki sahələrdəki yüksək biliklərini tamamlayacaq. 
Tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir dedi: “Bu il biz Azərbaycandakı fəaliyyətimizin 20 illiyini qeyd edirik. Sevinirik ki, tariximizin belə mühüm bir hadisəsini həm uğurlarımızla, həm də əhəmiyyətli tədbirlərlə əlamətdar edə bilirik. Bu baxımdan neft və qaz ixtisaslı tələbələrə öz xüsusi mükafatlarımızı təqdim etmək üçün keçirdiyimiz bugünkü tədbirimizin özü də əlamətdardır. 

BP gənc azərbaycanlı istedadların inkişafını daim dəstəkləyib və biz onların təhsilinə və ixtisaslarının artırılmasına sərmayə qoymaqda davam edəcəyik. Bizim şirkətimizdə də belə gənc istedadlar çoxdur, biz onların çoxunun mütəxəssis kimi inkişafına və şirkətdə çox yüksək vəzifələrə yüksəlişinə nail olmuşuq. Şirkətimizin idarə etdiyi iri neft və qaz layihələrimiz yeni mərhələyə qədəm qoyduqca işçilərimizin bütünlüklə yerli Azərbaycan vətəndaşlarından ibarət olması bizim kadrlar üzrə əsas məqsədimiz və strategiyamızdır. Ümidvarıq ki, BP-nin hər il neft və qaz ixtisaslı tələbələrə təqdim etdiyi xüsusi mükafatları bizim digər sanballı təhsilə dəstək proqramlarımızla birlikdə şirkətimizin Azərbaycanda neft və qaz ixtisaslı gənclərin inkişafına yönəlmiş səylərinin uğuruna mühüm tohfə olacaq.” 

BP-nin Azərbaycanda təhsilin inkişafına yönəlmiş digər mühüm layihələri haqqında məlumat bu press relizə əlavə olunur. 


Əlavə məlumat üçün aşağıdakı şəxslərə müraciət edə bilərsiniz:

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlı.

Tel.:  994 (0) 12 599 4557