BP-nin Azərbaycanda təhsil təşəbbüsləri

26 may 2010

Azərbaycanın mühüm neft və qaz işlənmələri və nəqli layihələrinin operatoru kimi BP şirkəti öz üzərinə Azərbaycanın uğurlu gələcəyinə öz töhfələrini vermək öhdəliyi götürüb və bu öhdəliyin bir hissəsi kimi o, bu ölkədə çox mühüm təhsil təşəbbüslərinə və proqramlarına dəstək verir.

Bu təşəbbüslərin əksəriyyəti energetika sənayesinin inkişafına dəstək vermək, texniki sahələrdə təhsil imkanlarını genişləndirmək və biznes tədrisini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. BP şirkəti Milli Elmlər Akademiyası, Dövlət Neft Akademiyası, Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Texniki Universitet və Qafqaz Universiteti, bir çox orta və peşə-texniki məktəbləri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq Azərbaycanın neft-qaz sənayesinin inkişaf etdirilməsinə öz töhvəsini verməkdə davam edir və milli energetika sənayesində çalışan yüksək ixtisaslı mütəxəssislərin və işçi qüvvəsinin yeni nəslinin təhsil və təliminə dəstək verir. 

Mətbuat üçün nəzərdə tutulmuş bu paket BP-nin təhsil və bacarıqların yaradılması təşəbbüslərinin ən mühüm nümunələri haqqında məlumat verir.

1. BP-nin xüsusi təqaüd proqramı 

Dövlət Neft Akademiyasında neft-qaz mühəndisliyi və geoloji kəşfiyyat elmləri sahəsində ixtisaslaşan tələbələrin təhsildə əla göstəricilərə nail olmasını stimullaşdırmaq məqsədi ilə ilk dəfə 2007-ci ildə həyata keçirilən BP-nin xüsusi təqaüd proqramı indi də davam edən bir təşəbbüsdür. 

İndiyədək BP-nin xüsusi təqaüd mükafatlarını (hər biri 1000 AZN olmaqla) Dövlət Neft Akademiyasında neft-qaz mədən mühəndisliyi və geoloji-kəşfiyyat sahələrində ixtisaslaşan 120 nəfər birinci kurs tələbəsi almışdır. Onlar əsasən şəhər, rayon və milli olimpiadaların qalibləri, eləcə də məcburi köçkün və qaçqın ailələrindən olan istedadlı tələbələrdir. 

BP-nin xüsusi təqaüd proqramı onun iştirak etdiyi digər mühüm təqaüd təşəbbüsləri ilə birlikdə, şirkətin hər il yay vaxtı üçün nəzərdə tutulmuş interna (tələbələr üçün müvəqqəti iş) proqramı üçün əsas kontingenti təmin edir. Məsələn, 2009-cu ildə neft-qaz mədən mühəndisliyi və geoloji kəşfiyyat sahələri üzrə BP-də yay internası keçən tələbələrin 70%-i ya BP-nin xüsusi təqaüd mükafatlarını, ya da BP-nin iştirak etdiyi digər təqaüdləri alanlar olmuşdur. 

Bundan başqa, xüsusi təqaüdlər proqramının bir hissəsi kimi, son illərdə BP Dövlət Neft Akademiyasının kitabxanasına dəyəri 5000 AZN olan kitablar və elmi jurnallar hədiyyə etmişdir (bu, 26 may 2010-cu il tarixində hədiyyə etdiyimiz 10000 AZN dəyərində kitablara əlavədir. Bu haqda daha ətraflı bu gün (26 may 2010-cu il) buraxdığımız pres relizə baxın).

2. Qafqaz Universitetində yeni fakültələrin yaradılması 

BP Bakıdakı Qafqaz Unversitetinə öz tədris planına kimya mühəndisliyi, neft-qaz və maşınqayırma kimi əsas fənlər daxil etməklə tədris planını genişləndirməkdə kömək etmək üçün davamlı bir öhdəlik götürmüşdür. Bu, gələcək illərdə Azərbaycanın iqtisadi inkişafına dəstək verəcək çox mühüm bir sərmayədir. Gözlənilir ki, bu proqram neft və qaz, boya, kimya, plastmas, ərzaq, əczaçılıq və digər emal sənayeləri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin edəcəkdir. 

2009-cu ildə BP 2009-2012-ci illəri əhatə edən və üç mərhələdə həyata keçiriləcək bu layihəyə başlamaq üçün universitet ilə anlaşma memorandumu (AM) imzaladı. Memoranduma əsasən bu üç yeni fənnin tədrisi üçün tələb olunan laboratoriyaların və əlaqədar materialların maliyyələşdirilməsini BP təmin edəcəkdir. Universitet hələ keçən il seçilmiş səkkiz tələbə ilə Kimya mühəndisliyi fakültəsini yaratmağa başlamışdır. Bu məqsədlə aparılan işlərə universitetin Bakıdakı şəhərciyində müasir kimya mühəndisliyi laboratoriyasının yaradılması da daxildir.

3. Cənubi Xəzər Hövzəsinin Modellədirilməsi Mərkəzi 

Milli Elmlər Akademiyasının Geologiya İnstitutu ilə özünün uzun müddətli və müvəffəqiyyətli əməkdaşlığının bir hissəsi kimi, 2008-ci ildə BP sözügedən instituta Cənubi Xəzər Hövzəsinin Modelləşdirilməsi Mərkəzini təqdim etdi. Mərkəz instituta çətin və nadir Cənubi Xəzər Hövzəsinin yeraltı modelləşdirilməsinə imkan verən ən qabaqcıl geoloji modelləşdirmə bacarığını gətirmək üçün nəzərdə tutulmuşdu. Bundan başqa, mərkəz Azərbaycanın sahilə yaxın və qurudakı ərazilərində karbohidrogen potensialının başa düşülməsini yaxşılaşdırmaq üçün geologiya, geofizika, geokimya və biostratiqrafiya ilə əlaqədar sahələrin geniş əhatə dairəsini bir araya gətirəcəkdir. Texnologiyanın ötürülməsi cəhdi olmaqla bərabər, bu mühüm layihə BP mütəxəssislərinin bu son dərəcə yüksək texnologiyalı və mükəmməl avadanlıqla necə işləməyi mərkəzin işçilərinə öyrətmək vasitəsilə öz bilik və təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşmək arzusu və niyyətini nümayiş etdirir. Bu məqsədlə BP institutun bir neçə mütəxəssisinin Parisdə və Moskvada internatura keçməsini də planlaşdırmışdı. 

ARDNŞ bildirdi ki, İnstitutun mütəxəssisləri tərəfindən aparılan hövzənin modelləşdirilməsinin praktikada tətbiqini səbirsizliklə gözləyirlər və inanırlar ki, bu nəticələr onların qazdıqları geoloji strukturların mürəkkəbliyini başa düşməyə kömək edəcəkdir. BP inanır ki, mükəmməl texnologiyanın ötürülməsi və şirkət və institut mütəxəssislərinin əməkdaşlığı Azərbaycanın geologiya elmində yeni bir mərhələnin başlanğıcı kimi əlamətdar olacaqdır. 
Bu mərkəz Geologiya İnstitutuna dəstək vermək üçün BP-nin əvvəlki səylərinə bir əlavədir: 
  • 1992-2000-ci illərdə BP geologiyaya dair silsilə məqalələrin və monoqrafiyaların nəşr edilməsinə kömək etdi.
  • 2000-ci ildə BP institutun BTC boru kəməri boyunca seysmik stansiyaların yaradılması, qlobal mövqetutma sisteminin, radiometrik və qravimetrik avadanlığın quraşdırılması da daxil olmaqla BTC-nin monitorinq layihəsinin hazırlamasına və həyata keçirməsinə kömək etdi.
  • 2005, 2007 və 2009-cu illərdə BP gənc yerşünasların konfrans keçirməsinə dəstək verdi.
Geologiya İnstitutuna keçən 15 ildə BP-nin verdiyi dəstəyin ən böyük nailiyyəti barədə söhbət açan akademik Akif Əlizadə deyir: “BP institutun əməkdaşlarını inkişaf etməyə sövq etdi və onlara köməklik göstərdi, onları təlimləndirdi və elə hazırladı ki, onlar beynəlxalq elmi ictimaiyyətlə eyni səviyyədə danışa bilirlər.”

4. Yerşünaslıq və mühəndislik üzrə silsilə məruzələr təşəbbüsü 

BP-nin Azərbaycanda gələcək nəsil mühəndislərin yerşünaslıq elmlərini inkişaf etdirmək səylərini artırmaq məqsədi daşıyan və hal-hazırda davam edən yerşünaslıq və mühəndislik üzrə silsilə mühazirələr (BPYMSM) təşəbbüsü vardır. Bu layihə geologiya, geofizika və mühəndislik sahələrində olan tələbə və elmi işçilərə imkan verəcək ki, bu sahələr üzrə alim və mütəxəssislərlə görüşüb onlarla fikir mübadiləsi və müzakirələr aparsınlar. Məşğələlər BP tərəfindən təşkil edilir. Bu silsilə mühazirələrin birincisini BP Azərbaycan şirkətinin Prezidenti, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rəşid Cavanşir oxudu. D-r Cavanşirin mühazirəsinin mövzusu “Cənubi Xəzər hövzəsi: nadir geologiya və nadir neft sistemi”idi. 

Təşəbbüsün 2009-cu ilin noyabr ayının 23-də başlanmasından indiyədək BP mütəxəssisləri tərəfindən beş əlavə məşğələ keçirilib: 
  • 9 dekabr 2009-cu il – “BP Azərbaycan” şirkətinin Geofizika üzrə fəaliyyət göstərən Beynəlxalq Məsləhətçisi Pit Uatson, “Seismik məlumatların təsvirində son nailiyyətlər” “
  • 18 fevral 2010-cu il – “BP Azərbaycan” şirkətinin Baş Rezervuar Mühəndisi Stiv Karhart, “Bright Water”
  • 17 mart 2010 – “BP Azərbaycan” şirkətinin Baş Rezervuar Mühəndisi Alistair Cons, “AÇG - də yerdəyişmədə sedimentoloji kontrollar”
  • 20 aprel 2010-cu il – “BP Azərbaycan” şirkətinin Baş Geoloqu Nazim Abdullayev, - “Cənubi Xəzər hövzəsinin cökməsi və tektonikasi”
  • 18 may 2010-cu il – “BP Azərbaycan” şirkətində Lay Təzyiqi üzrə Mütəxəssis Mayk Makleyn, “Qazma və sementləmə zamanı itkilərin azaldılması üçün Gərginlik Qəfəsi”
Bu günədək bu məşğələlərdə Dövlət Neft Akademiyasının, Bakı Dövlət Universitetinin, Xəzər Universitetinin və başqa universitetlərin geologiya, geofizika və neft-qaz mühəndisliyi fakültələrinin 150 nəfərdən çox tələbə və müəllimləri iştirak etmişdir.

5. BP-nin tələbələr üçün geologiya üzrə yay praktikası 

Bu, neft və qaz sənayesi və əlaqədar sahələr üzrə ixtisaslaşan gənclərin təhsilinə dəstək vermək üçün BP tərəfindən həyata keçirilən digər bir təşəbbüsdür. 2009-cu ilin avqust ayında BP tələbələr və aspirantların sedimentologiya və struktur geologiya üzrə yay çöl-səhra təcrübəsinə sponsorluq etdi. Bakıda keçirilən bu kursların məqsədi Azərbaycanın akademik bilik və bacarıqlarının yaradılmasına, yer elmləri ilə məşğul olan mütəxəssislərin gələcək nəslinin bacarıq və vərdişlərinin inkişaf etdirilməsinə kömək etmək və Azərbaycanın karbohidrogen sənayesi imkanlarını gücləndirmək idi. Açıq müsabiqə yolu ilə Neft Akademiyasından və digər universitetlərdən seçilmiş 13 tələbə BP-nin təşkil etdiyi 12-günlük praktik kursda iştirak etdi. Kurs Durham Universitetindən (Böyük Britaniya) d-r Ken MakKafri, Azərbaycan Geologiya İnstitutundan d-r Elmira Əliyeva, eləcə də Milli Elmlər Akademiyasının, ARDNŞ-nin və BP-nin nümayəndələri tərəfindən keçirildi.

6. İngilis dili müəllimlərinin təlimləndirilməsi proqramı 

Azərbaycanda ingilis dili tədrisinin yaxşılaşdırılmasına dəstək vermək məqsədi ilə BP keçən il Azərbaycan Dillər Universitetində ingilis dili müəllimlərinin təlimləndirmə kurslarına sponsorluq etdi. Təlim Böyük Britaniyadan dəvət edilmiş mütəxəssislər tərəfindən keçirildi. Gözlənilir ki, bu proqramda iştirak edənlər əldə etdikləri vərdiş və bilikləri nəticə etibarı ilə universitetin ingilis dili müəllimlərinin daha böyük bir qrupuna verəcəkdir. 

7. Media üçün ingilis dili və biznes jurnalistikası üzrə təlim kursu 

On ildir ki, BP 200 nəfərdən artıq yerli jurnalistlər üçün ingilis dili üzrə təlim uğurlu bir proqramı maliyyələşdirir. Proqramın uğuru belə bir faktla ölçülə bilər ki, indi çox yaxşə ingilis dili vərdişlərinə malik çoxlu Azərbaycan jurnalistləri vardır və bu, onlara beynəlxalq şəbəkəyə qoşulmaq və əməkdaşlıq, eləcə də qlobal media bazarlarına daxil olmaq üçün yaxşı imkanlar yaradır. 

Dil təlimi proqramlarının qazandığı uğurlara əsaslanmaqla və ölkədəki aparıcı biznes jurnalistləri ilə bir neçə məsləhətləşmələrdən sonra 2006-cı ildə BP xüsusi olaraq hazırlanmış Biznes jurnalistikası üzrə təlim proqramı vasitəsilə jurnalistlərin bacarıqların yaradılması və inkişaf etdirilməsi səylərinə dəstək vermək üçün yeni bir təşəbbüsün həyata keçirilməsinə başladı. Bu təşəbbüsün ümumi məqsədi xüsusi olaraq seçilmiş hədəf auditoriyasının ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş təlim proqramı vasitəsi ilə milli media (çap və onlayn media) mənsublarının öz peşə səriştələrini və bacarıqlarını gücləndirməyə kömək etməkdir. 
Dörd il davam edən bu layihənin geniş ictimaiyyət, yerli və beynəlxalq işgüzar dairələr, beynəlxalq media, biznes analitikləri və digər icmalar arasında yerli media mənsublarına olan inamın gücləndirilməsinə öz töhfəsini verəcəyi gözlənilir. Layihənin başa çatmasına yaxınlaşdığı bir mərhələdə bir qrup aparıcı biznes jurnalisti artıq təlim keçmişdir və gözlənilir ki, onlar beynəlxalq səviyyədə qəbul edilmiş qaydada obyektiv və kefiyyətli məlumatlar verməkdə nümunə olacaq və ölkədə jurnalistika standartlarını yüksəldəcəklər. 

8. Neft-qaz mühəndisləri cəmiyyətləri 

BP peşəkar mühəndisləri şəbəkəyə qoşulmaq və bilik və təcrübələrini bölüşdürmək vasitəsilə onların inkişafına dəstək vermək məqsədi ilə bir sıra peşəkar mühəndis cəmiyyətləri yaratmağa sövq etmişdir. Bu cəmiyyətlərin ən çox uğur qazananları 2007-ci ildə BP əməkdaşları tərəfindən yaradılmış Xəzər Mühəndislər Cəmiyyəti (XMC) və neft-qaz mühəndisliyi və yerşünaslıq elmləri təhsili olan 6 nəfər gənc BP əməkdaşı tərəfindən 2006-cı ildə yaradılmış Azərbaycan Gənc Mütəxəssisləri İnkişaf Etdirən Cəmiyyətidir (AGMİEC). Bunlar Azərbaycanın neft və qaz mühəndisliyi elminin inkişafına töhfələr vermək kimi ümumi məqsədi olan peşəkarları və istedadlı universitet tələbələrini bir araya gətirən könüllü təşkilatlardır.