BP özünün xüsusi illik təqaüdlərini təqdim edir

26 may 2010

Bu təqaüd proqramı BP-nin Azərbaycanda təhsilin inkişafını dəstəkləyən iri layihələrindən biridir. Təqaüd Dövlət Neft Akademiyasında neft-qaz mədən və geoloji kəşfiyyat sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədini daşıyır. 

BP-nin bu gün keçirdiyi tədbirdə Neft Akademiyasının 58 tələbəsinə 2010-cu ilin xüsusi təqaüdləri təqdim edilib. Onların 30 nəfəri akademiyaya qəbul zamanı ən yüksək bal toplamış birinci kurs tələbəsidir və onlara xüsusi təqaüd kimi BP-nin kompyuterləri verildi. Qalan 28 nəfər ikinci kurs tələbəsidir ki, onları BP riyaziyyat, fizika, məntiq və geologiyanın əsasları üzrə özünün keçirdiyi texniki testlərin nəticələri əsasında xüsusi olaraq seçmişdir. Bu tələbələrə isə ingilis dili bilgilərini təkmilləşdirmək üçün BP-nin maliyyəsi ilə xüsusi təlim proqramında iştirak etmək imkanı verildi. Bu bilgilər onların texniki sahələrdəki yüksək biliklərini tamamlayacaq. 

BP Azərbaycan şirkətinin prezidenti Rəşid Cavanşir tədbirdəki çıxışında dedi: “BP-nin tələbələr üçün təqaüd proqramı Azərbaycanın neft və qaz işlənmələrinin əsas tərəfdaşı kimi bizim həyata keçirdiyimiz ən mühüm təhsil təşəbbüslərindən biridir. Təşəbbüsün məqsədi neft-qaz mühəndisliyi və geologiya elmlərini özlərinə ixtisas seçmiş gənc nəslin istedadlı nümayəndələrinin təhsilinə və inkişafına dəstək verməkdir. İnanırıq ki, bu mükafatlar onların ümidverici gələcəyinin yalnız uğurlu bir başlanğıcıdır və ümid edirik ki, onlar nəzəri və praktiki elmlər sahəsində gözəl nailiyyətlər əldə edəcək və Azərbaycanın neft-qaz sənayesinin və elminin inkişafına çox yaxşı töhfələr verəcəklər. Onlara və başqalarına bu məqsədə çatmağa kömək etmək üçün qərara almışıq ki, bizim dəstəyimiz yalnız müxtəlif təhsil layihələrini maliyyələşdirməklə məhdudlaşmayacaq, biz həmçinin müvafiq sahələrdə ən yaxşı təcrübələrimizi bölüşəcək və bu yolda elmi ictimaiyyətlə, ali məktəblərin professor-müəllim heyətləri və tələbələri ilə birbaşa işləyəcəyik.”

BP həmçinin bu gün elan etdi ki, 2010-cu il xüsusi təqaüdlərindən əlavə, Azərbaycan Dövlət Neft Akademiyasının kitabxanasına 10000 AZN dəyərində neft-qaz və texniki elmlərə aid kitablar da hədiyyə edir. 

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57