Bakı 2015 Avropa Oyunları BP-ni rəsmi tərəfdaş elan edir

12 iyun 2014

Bu gün Bakı 2015 Avropa Oyunları BP şirkətini növbəti yay keçiriləcək möhtəşəm və tarixi idman tədbirinin rəsmi tərəfdaşı elan etməkdən qürur duyur.

BP şirkəti ilk dəfə keçiriləcək Avropa Oyunlarının neft və qaz tərəfdaşı olacaq və bununla bağlı əldə olunan razılaşmaya əsasən şirkət Azərbaycanda yüksək səviyyəli idmançıların yetişdirilməsinə yardım edəcək.

Bakı 2015 Avropa Oyunlarını bütün Azərbaycanda təbliğ etməklə yanaşı, BP şirkəti Avropa Oyunlarından əvvəl bu tədbirə ev sahibliyi edəcək ölkənin medala iddialı olan idmançılarının yetişdirilməsini maliyyələşdirməyə yardım edəcək.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri və Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru cənab Azad Rəhimov dedi: “BP şirkəti uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və ölkəni dərindən tanıyır.

BP bütün dünyada böyük beynəlxalq idman tədbirlərinin dəstəklənməsində təcrübəyə malikdir və biz onu Avropa Oyunlarının rəsmi tərəfdaşı kimi qəbul etməkdən məmnunluq duyuruq. 

Mən əminəm ki, onun dəstəyi bu Oyunların Azərbaycan və Avropa boyunca dəstəklənməsinə yardım edəcək və eləcə də idmançılarımızın ən yüksək nəticələr qazanmaq üçün daha da inkişaf etdirilməsinə köməklik edəcək.”

BP şirkətinin Azərbaycanda 3250 nəfərdən artıq əməkdaşı işləyir və o, ölkədə peşəkar istedadların aşkar edilməsinə və yetişdirilməsinə köməklik etməyi nəzərdə tutan Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin innovativ “Oyunlar Akademiyası” təşəbbüsü ilə tərəfdaş olacaq.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional vitse-prezidenti İan Saderlənd dedi: “Biz bu cür nəhəng idman tədbiri üçün hazırlıq işlərinə başladığı bir məqamda Azərbaycana dəstək ola biləcəyimizdən məmnunluq duyuruq. Biz inanırıq ki, ölkənin idman sahəsində yüksək nailiyyətlər qazanmaq üçün böyük bir mərkəzə çevrilməsi istiqamətində göstərdiyi səylər baxımından bu tədbir ölkə üçün unikal bir imkan yaradır.

Bu təşəbbüs yüzlərlə Azərbaycan gəncinin yeni bacarıqlara və biliklərə yiyələnərək ölkənin beynəlxalq tədbirlər həyata keçirmə potensialına töhfə verməsi üçün çox gözəl bir imkandır. BP şirkəti Azərbaycanın bacarıq və potensialların yaradılması istiqamətində göstərdiyi ümumi səyləri gücləndirəcək və layihələrin həyata keçirilməsində böyük bir təcrübəni miras qoyacaq bu təşəbbüsü dəstəkləməkdən məmnunluq duyur.”

Bakı Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleqq dedi: “Şirkət olaraq BP idman üçün də son dərəcədə mühüm olan ehtiram, mükəmməllik və birgə komanda işi kimi dəyərləri təşviq edir – və bütün bu dəyərlərin hamısı Bakı 2015 Avropa Oyunları üçün də vacib əhəmiyyət kəsb edir.

O, Avropa Oyunlarını yeni nəsil üçün Azərbaycanı beynəlxalq idman arenasında ən yüksək nailiyyətlər qazanmış ölkələrin siyahısına daxil etmək baxımından bir fürsət kimi görür və onun Azərbaycan idmançılarının yetişdirilməsində göstərdiyi köməklik bunun bariz nümunəsidir.

Mən əminəm ki, biz ilk Avropa Oyunlarının təşkili üzrə hazırlığımızı davam etdirdiyimiz bir məqamda Bakı 2015 və BP şirkəti birlikdə güclü tərəfdaşlıq quraraq ölkə ictimaiyyətini cəlb edəcək və ruhlandıracaq.”

BP şirkəti dünyanın ən tanınmış neft və qaz təchizatçılarından biridir və o, mühüm enerji mənbələrinin təhlükəsiz şəkildə işlənməsi və hasilatı ilə məşğul olur.
Azərbaycanda BP şirkəti neft və qazın geoloji-kəşfiyyatı, işlənməsi və nəqli üzrə beş böyük layihəni təhlükəsiz və etibarlı şəkildə idarə edir. 1994-cü ildən etibarən, o, öz tərəfdaşları ilə birlikdə ölkədəki layihələrə təxminən 45 milyard dollar sərmayə yatırıb və öz fəaliyyətləri, o cümlədən geniş davamlı inkişaf təşəbbüsləri vasitəsilə yerli icmalara müsbət təsir göstərib.

Redaktorlar üçün qeyd

Bakı 2015 qitə üçün həyəcan dolu və innovativ yeni çoxsaylı idman növlərini əhatə edən və 12 - 28 iyun 2015-ci il tarixləri arasında baş tutacaq ilk dəfə keçirilən Avropa Oyunlarıdır.

Bakı 2015 Avropa Oyunları 19 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü və üçü qeyri-olimpiya idman növü olacaq. 17 yarış günü müddətində 6000-dən artıq idmançının öz ölkələrini təmsil etməsi gözlənilir.

Doqquz idman növü 2016-cı il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanı verəcək. Həmin idman növlərinə oxçuluq, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakıya həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
Imzalama mərasimindən olan yüksək keyfiyyətli şəkilləri yükləyə bilərsiniz