BP təhsilə dəstək məqsədilə anlaşma memorandumu imzalayır

7 dekabr

BP şirkəti Azərbaycanda təhsilə dəstəyini davam etdirmək niyyətini açıqlayaraq bu gün Qafqaz Universiteti ilə anlaşma memorandumu imzalamışdır. Bu sənəd həmin universitetə özünün bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya, neft və qaz, həmçinin mexanika mühəndisliyi sahələrini əhatə etmək imkanı yaradır.

Layihənin 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə kimya mühəndislyi fakültəsinin yaradılması planlaşdırılır və bu mərhələnin uğurlu nəticəsindən asılı olaraq layihənin sonrakı mərhələləri həyata keçiriləcək. Sonrakı mərhələlərdə müvafiq olaraq neft və qaz mühəndisliyi və mexanika mühəndisliyi fakültələrinin yaradılması planlaşdırılır.

BP Azərbaycan şirkətinin prezidenti Rəşid Cavanşir bu gün Qafqaz Universitetində keçirilən imzalanma mərasimində demişdir: “Bu gün əsasını qoyduğumuz layihə BP şirkəti və Qafqaz Universiteti arasında potensial uzunmüddətli əməkdaşlığın ilk addımıdır. Bu layihənin ən mühüm cəhəti, məncə, onun Azərbaycanlı tələbələrə və, ola bilsin ki, hətta ətraf Xəzər regionundan olan gənclərə bu ölkə daxilində beynəlxalq standartlara uyğun təhsil almaq imkanları açmasındadır. Qafqaz Universiteti ilə yaxın əməkdaşlıq etmək niyyətini bildirməklə BP şirkəti özünün dünyada ən qabaqcıllardan sayılan bilik və təcrübəsini Azərbaycanın gələcək mühəndisləri ilə bölüşmək üçün nadir bir imkan təklif edir. İnanırıq ki, yeni yaradılacaq fakültənin məzunları digər gələcək mühəndislərlə birlikdə Azərbaycanın kimya sənayesinin və əlaqədar sahələrin beynəlxalq səviyyəyə çatdırılmasında aparıcı qüvvə olacaqlar.”

Anlaşma memorandumuna əsasən BP şirkəti üç yeni fakültənin yaradılması üçün lazım olan laboratoriyaların və materialların alınması, habelə fakültələrin beynəlxalq akreditasiyası üçün maliyyə vəsaiti ayıracaq. Bundan əlavə BP həmçinin yeni fakültə tələbələrinə şirkətdə mövcud olan yerli və beynəlxalq səviyyədə təcrübə keçmək proqramları və işəgötürmə proqramlarında digər vətəndaşlarla bərabər əsaslarla iştirak etmək, Qafqaz Universiteti ilə birgə təqaüd proqramının yaradılması istiqamətində əməkdaşlıq etmək, şirkətin mütəxəssislərinin öz bilik və təcrübələrini bölüşməsi məqsədilə mütəmadi seminar və konfranslar təşkil etmək və tələbələrin sənayeyə inteqrasiyasına kömək məqsədilə onların BP-nin müvafiq laboratoriyalarına buraxılması imkanlarını da təklif edir.

BP şirkəti və Qafqaz Universiteti rəhbərliyinin bərabər sayda təmsil olunduğu İdarə Heyəti layihənin icrasına nəzarət edəcək. Heyətin işlərin keyfiyyətini və irəliləyişini müzakirə etmək məqsədilə altı aydan bir toplaşması planlaşdırılır.

Redaktorlar üçün qeyd:

BP öz tərəfdaşları adından ixtisaslı Azərbaycan vətəndaşlarına nüfuzlu beynəlxalq və yerli təhsil ocaqlarında neft və qaz sahələri üzrə təhsillərini davam etdirməyi təmin edən “Azərbaycan neft-qaz ixtisaslı məzunlar üçün təqaüd proqramı ” adlı illik təqaüd layihəsinin operatorudur. Bu proqramın həyata keçirilməsinə 2001-ci ildə başlanmışdır və bu gunə qədər bu mühüm təşəbbüsün bir hissəsi kimi 100-ə yaxın gənc azərbaycanlı ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya və Azərbaycan universitetlərində təhsil almaq imkanı əldə edib. 

Azərbaycanın uğurlu gələcəyi üçün uzunmüddətli öhdəliyinin bir hissəsi kimi BP şirkəti “Tələbələr üçün təqaüd proqramı”nı da həyata keçirir. BP-nin “Tələbələr üçün təqaüd proqramı”na ilk dəfə 2007-ci ildə başlanıldı. Proqram Azərbaycanda neft-qaz ixtisasları üzrə təhsil almağa marağı olan tələbələr üçün nəzərdə tutulur. Bu günədək Azərbaycan Dövlət Neft Akademiyasında neft-qaz mühəndisliyi və yerşünaslıq ixtisaslarına yiyələnən 100 tələbə bu proqrama daxil edilmişdir. 

BP 2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda Hövzənin Modelləşdirilməsi Mərkəzi yaradılmasına sponsorluq etmişdir. Bu mərkəz Geologiya İnstitutunu Cənubi Xəzər hövzəsinin nadir və çətin geoloji modelini hazırlamağa imkan verən ən müasir geoloji modelləşdirmə vasitələrilə təmin edir və mkanı verəcəkdir. Mərkəz, Azərbaycanın sahilyanı və quru ərazilərindəki karbohidrogen potensialını daha yaxşı başa düşmək üçün geologiya, geofizika, geokimya və biostratiqrafiya elmləri üzrə bütün sahələri bir araya gətirir. 

2009-cu ilin noyabr ayından BP şirkəti özünün təhsil proqramları çərçivəsində yeni təşəbbüsünə – “Yerşünaslıq və mühəndislik üzrə silsilə məruzələr” layihəsinə başlamışdır. Silsilə məruzələr geologiya və digər əlaqədar sahələri ixtisas seçmiş gələcək mühəndislərin bu elm sahələrini daha da inkişaf etdirmək səylərini artırmaq məqsədilə diqqətin bu elmlərə yönəldilməsi məramını daşıyır. Layihə geologiya, geofizika və mühəndislik sahələrində olan tələbə və elmi işçilərə imkan verəcək ki, bu sahələr üzrə tanınmış alim və mütəxəssislərlə görüşüb onlarla fikir mübadiləsi və müzakirələr aparsınlar. Bu yeni təşəbbüs çərçivəsində BP Azərbaycan şirkəti hər ay Azərbaycan Dövlət Neft Akademiyasında tədbir keçirərək geologiya, yerşünaslıq, geofizika və texnologiyalar üzrə yerli və beynəlxalq mütəxəssisləri bu sahələri ixtisas kimi seçmiş gənc nəslin nümayəndələri ilə bir araya gətirərəcək. BP həmçinin özünün bu sahələrdəki qabaqcıl təcrübəsi, ən son elmi yeniliklər və onların sənayedə tətbiqi üzrə bilgilərini bölüşəcək. 

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57