• Xəzər
  • Xəbərlər
  • Press relizlər
  • 2007.11.30-BP şirkəti və BMK Azərbaycanın qərb rayonlarında maliyyə vəsaitlərin əldə edilməsinə yardım proqramı

BP şirkəti və BMK Azərbaycanın qərb rayonlarında maliyyə vəsaitlərin əldə edilməsinə yardım proqramı

30 noyabr 2007

BP şirkəti və BMK Azərbaycanın qərb rayonlarında maliyyə vəsaitlərin əldə edilməsinə yardım proqramına start vermişlər 
Dünən BP şirkəti öz tərəfdaşları adından Regional İnkişaf Təşəbbüsü çərçivəsində Azərbaycanın qərb rayonlarında yerləşən kiçik və orta müəssisələrin maliyyə vəsaitləri əldə etməsinə yardım göstərmək üçün Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası ilə 1 milyon dollar dəyərində qrant sazişi imzalamışdır.

Bu yeni layihə Azərbaycan Mikromaliyyələşdirmə Bankına (AMMB) filiallar şəbəkəsini Mingəçevir və Qazax şəhərlərinə genişləndirməklə, bu şəhərlərin hər birində yeni bir filial açmağa, eləcə də Gəncə filialındakı xidmətlərini təkmilləşdirməyə imkan verəcəkdir. Bu genişləndirmə ayrıca bir saziş çərçivəsində 2,3 milyon dollar məbləğində BMK-nın və AMMB-nin öz investisiyaları hesabına təmin ediləcək. 

Bundan əvvəl Təchizatçı Müəssisələri Maliyyələşdirmə Mexanizmi (TMMM) uğurla öz fəaliyyətinə başlamışdır ki, bu, yerli biznesin inkişafının dəstəklənməsinə yönəlmiş, BMK ilə birlikdə BP şirkəti və onun tərəfdaşları tərəfindən maliyyələşdirilən və AMMB tərəfindən həyata keçirilən mühüm bir layihədir. 

Yeni layihə ticarət və kənd təsərrüfatı sektorlarındakı kiçik və orta müəssisələrə və sahibkarlara kreditlərdən istifadə etməyə kömək etmək, eləcə də təkmilləşdirilmiş maliyyə vasitəçiliyi təmin etmək üçün nəzərdə tutulmuşdur. BP şirkətinin və onun tərəfdaşlarının ayırdığı yardım konkret olaraq beynəlxalq kredit mütəxəssislərinin maliyyələşdirilməsi və peşəkar yerli kredit işçilərinin və filial rəhbərlərinin inkişaf etdirilməsi üçün istifadə olunacaq. 
“Biz inanırıq ki, bu layihə sözügedən rayonlarda özəl sərmayə qoyuluşlarına, iş yerlərinin yaradılmasına və sosial-iqtisadi vəziyyətə davamlı və müsbət təsir göstərəcək. Bu, yerli biznesin inkişafının dəstəklənməsinə yönəlmiş səylərimizin əhəmiyyətli dərəcədə genişlənməsidir, bununla yanaşı, layihənin həyata keçirilməsi zamanı maliyyə vəsaitlərindən istifadəyə kömək etmək üçün üstünlük BP şirkətinin iqtisadi inkişafa təkan verdiyi icmalara, yəni Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) marşrutları boyunca yerləşən icmalara veriləcək. Buna baxmayaraq, biz ümid edirik ki, müasir beynəlxalq bank praktikasını tətbiq etməklə, layihə ölkənin qərb rayonlarındakı kiçik müəssisələrin daha geniş qrupları üçün də faydalı olacaq,” BP Azərbaycan şirkətinin prezidenti Bill Şreyder belə deyir. 

“Bu yeni layihə, ümumilikdə kiçik və orta müəssisələri dəstəkləmək və BTC boru kəmərinin yerli firma və təchizatçı müəssisələrə müsbət təsirini artırmaq üçün BMK, BP şirkəti və onun tərəfdaşlarının birgə şəkildə maliyyələşdirdiyi və Azərbaycanda həyata keçirdiyi uzunmüddətli böyük bir investisiya proqramıdır”, BMK-nın Cənubi Avropa və Mərkəzi Asiya üzrə direktoru Şahbaz Məvəddət belə deyir. 

Redaktorlar üçün qeydlər: 

BP şirkəti Azərbaycanda həyata keçirilən nəhəng neft və qaz işlənməsi və nəqli layihələrinin əməliyyatçısı olaraq, öz qarşısına Azərbaycanın yerli şirkətləri vasitəsilə həyata keçirilən müqavilələrin dəyərini 2010-cu ilədək ikiqat artırmaq kimi böyük yeni bir məqsəd qoymuşdur. Bu məqsədə nail olmaq üçün BP şirkəti yerli kiçik və orta müəssisələrin inkişafına dəstək verməkdən ötrü keçən il Bakıda Biznes İnkişaf Mərkəzini yenidən açmışdır. Bizim ölkə daxilində yerli Azərbaycan kiçik və orta müəssisələri vasitəsilə birbaşa xərclərimiz 2007-ci ilin ilk üç rübü ərzində 80 milyon dollara bərabər olmuşdur. Bu da, 2006-cı ilin eyni dövrü ərzində xərclənmiş məbləğdən çoxdur. 
BP şirkəti və tərəfdaşları kiçik və orta müəssisələrin şəffaf maliyyə mənbələri ilə təchiz edilməsi vasitəsilə yerli biznesin inkişafının dəstəklənməsinə yönəlmiş mühüm bir təşəbbüs olan Təchizatçı Müəssisələri Maliyyələşdirmə Mexanizmini (TMMM) də maliyyələşdirir. TMMM Azərbaycanın yerli neft və qaz sənayesi təchizatçıları və xidmət müəssisələrinə daha böyük şəffaf maliyyə mənbələri əldə etmək imkanları yaratmaq üçün təşkil edilmişdir. Bu, öz tərəfdaşları adından BP şirkətinin və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) təsis etdikləri birgə kredit mexanizmidir. 

BP şirkəti həmçinin özünün yerli müəssisələrin inkişafına dəstəyinin bir hissəsi olaraq, “Ən yaxşı Biznes Mükafatı”na sponsorluq edir. Mükafatlar BP şirkətinin əməliyyatçı olduğu neft və qaz layihələrinə öz sahibkarlıq bacarıqları ilə dəstək verən və yerli biznes mühitində uzunmüddətli təsiri olan görkəmli yerli və beynəlxalq şirkətlər və fərdi şəxslər üçün nəzərdə tutulur. 

Bu təşəbbüslərin hərəkətverici qüvvəsi BP şirkətinin Azərbaycanın davamlı iqtisadi inkişafı üzrə üzərinə götürdüyü öhdəlikdir. BP şirkəti həmçinin Regional İnkişaf Təşəbbüsümüz, İctimai və Ekoloji Sərmayə Proqramlarımız, Mədəni İrs Proqramımız və təhsil sahəsində sponsorluq proqramımız vasitəsilə Azərbaycanın müəssisələrinin inkişafına dəstək vermək üçün bir çox başqa təşəbbüslərin işlənməsi ilə ölkənin öz iqtisadiyyatını çoxsahəli etməsinə yardım göstərir. 


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: +994 (0) 12 599 45 57