BP və SOCAR arasında Abşeron yarımadasının dayazsulu hissəsində geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında Hasilatin Pay Bölgüsü Sazişi imzalanmışdır

22 dekabr 2014

BP və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu gün Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında Hasilatın Pay Bölgüsü sazişi (HPBS) imzalayıb.

Bu yeni saziş Azərbaycan Hökumətinin Xəzərin milli sektorundakı  bütün dəniz ərazilərinin tam tədqiq olunması ilə bağlı planının bir hissəsidir.

Sazişi Azərbaycan Respublikası Hökuməti adından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imzalayıblar.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev demişdir: “BP ilə tərəfdaşlığımızı daha da dərinləşdirəcək bu yeni sazişin imzalanması iştirakçı tərəflər – Azərbaycan Hökuməti, SOCAR və BP üçün əlamətdar  hadisədir. Bununla əməkdaşlığımızın yeni mərhələsi başlanır. Bu mərhələ bizə imkan verəcək ki, yeni imkanlar aramaqla Azərbaycanda neft və qaz hasilatına uzunmüddətli gələcək təmin etmək üçün birgə işləyək. Bu yeni imkan Azərbaycanda neft hasilatının bundan sonra da on illərlə davam etməsinə töhfə verəcək.”

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell demişdir: “BP şirkəti SOCAR ilə birlikdə Xəzərdə geoloji kəşfiyyat işlərinin bu yeni mərhələsinə qədəm qoymaqdan qürur duyur. Bu, tərəfdaşlığımızda  yeni bir dövrün başlanğıcıdır. Bu yeni tərəfdaşlıq BP-nin dünyanın digər yerlərində dayazsulu ərazilərdə məsuliyyətli şəkildə geoloji kəşfiyyat işlərinin aparılması və həmin ərazilərin işlənməsi üzrə geniş təcrübəsinə və sənayedə mövcud olan ən qabaqcıl texnologiyaların istifadəsi sahəsində səriştəsinə əsaslanır. Bizim təcrübə və texnologiyalarımızın tətbiqinə daha bir imkan yaratdığına görə Azərbaycan Hökumətinə və SOCAR-a təşəkkürümüzü bildiririk.” 

Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Bu sahəyə suyun dərinliyi 40 metrədək, potensial məhsuldar layın (kollektorun) dərinliyi isə 3000-5000 metr olan ərazilər daxildir. 


Əlavə məlumat üçün müraciət edə bilərsiniz: 
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya, telefon:  994 (0) 12 599 4557
ARDNŞ-nin mətbuat xidmətində Nizaməddin Quliyevə            telefon:  994 (0) 12 521 0129