BP şirkəti Azərbaycanda Paralimpiya hərəkatına dəstəyini davam etdirir

19 dekabr 2013

Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) ilə tərəfdaşlıq çərçivəsində BP şirkəti Azərbaycanda keçirilən Uşaqların Paralimpiya Festivalına dəstək verir. Bu tədbir Birləşmiş Millətlər Təşkilatının 3 dekabr tarixində keçirilən Beynəlxalq Əlillər Gününə həsr olunub.

Festival MPK tərəfindən Azərbaycanın müxtəlif regionlarını əhatə edən Paralimpiya yarışları və oyunları kimi planlaşdırılıb. BP şirkəti MPK-nın tərəfdaşı kimi Festivalın Ağsu və Kürdəmir rayonlarında keçirilən tədbirlərində iştirak edib, həmçinin 19 dekabr tarixində Sumqayıt şəhərindəki Paralimpiya Kompleksində keçirilən final oyunlarına də dəstək verib. BP-nin xüsusi nümayəndələri kimi seçilmiş idmançılar uşaqlarla görüşmək və onları ruhlandırmaq məqsədilə bütün tədbirlərdə iştirak ediblər. 

Festivalın məqsədi milli Paralimpiya Hərəkatının inkişafını dəstəkləmək və Paralimpiya dəyərlərini - ilham, cəsarət, bərabərlik və əzmkarlıq- yaymaqdır. 

Festivalda iştirak edən uşaqlara dəstək olmaq üçün Sumqayıtdakı yekun tədbirinə qatılan BP şirkətinin Ünsiyyət, Xarici Əlaqələr və Təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov dedi: “BP şirkəti bu həyəcandolu tədbirin bir hissəsi olmaqdan məmnunluq duyur. Ümid edirik ki, bu tədbir gənc və istedadlı əlil uşaqlara Azərbaycan Paralimpiya Hərəkatının iştirakçıları kimi öz potensiallarını idman sahəsində inkişaf etdirməyə və reallaşdırmağa ruhlandıracaq. Cəsarət Paralimpiya Hərəkatının və BP-nin ortaq dəyəridir. İnanırıq ki, çətinliklərin öhdəsindən gəlmək üçün cəsarət və əzmkarlıq olarsa, istənilən hədəfə nail olmaq mümkündür. 

Biz Azərbaycanın İlham Zəkiyev, Afaq Sultanova, Oloxan Musayev və Oleq Panyutin kimi bir sıra yüksək nailiyyətlərə malik Paralimpiya idmançıları ilə tərəfdaşlıq etməkdən qürur duyuruq. Biz gələcəkdə də Paralimpiya Oyunlarında bir sıra gənc istedadlı idmançıların ölkəmizi təmsil edəcəyinə inanırıq.” 

BP şirkəti 2012-ci ilin yanvar ayında Azərbaycanın Milli Paralimpiya Komitəsi ilə tərəfdaşlıq sazişi imzalayıb və bu sazişin müddəti bu il 2016-cı ilin sonuna qədər uzadılıb. Müddəti uzadılmış bu tərəfdaşlıq çərçivəsində BP şirkəti Azərbaycanda uşaqların Paralimpiya Hərəkatının inkişaf etdirilməsi və genişləndirilməsinə dair Azərbaycan Milli Paralimpiya Komitəsinin 2013-16-cı illər üzrə strateji planının icrasına dəstək olmaq öhdəliyi götürüb. Bu plana yeni Paralimpiya idman növləri üzrə idmançıların yetişdirilməsi və ölkədə Paralimpiya idman növlərinin təşviq edilməsi daxildir.

Bundan əlavə, BP şirkəti Paralimpiya idmançılarının milli və beynəlxalq yarışlarda iştirak edə bilmələri üçün onlara 14 əlil arabası bağışladı və eləcə də Azərbaycan Milli Paralimpiya Komitəsinə “Ford” markalı mikroavtobus hədiyyə etdi. Bu mikroavtobusdan idmançıların, məşqçilərin və rəsmi şəxslərin rayonları və kəndləri gəzərək idman sahəsində yüksək potensiala malik əlil uşaqları müəyyənləşdirib seçmələri üçün istifadə olunacaq və beləliklə də, Azərbaycanda istedadlı Paralimpiya idmançılarının sayının artırılmasına dəstək veriləcək. 

Redaktorlar üçün qeydlər: 
BP bir sıra iri neft-qaz işlənməsi və kəşfiyyatı layihəsinin, eləcə də dünya səviyyəli Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərinin operatoru kimi Azərbaycanda və Cənubi Qafqaz regionunda aparıcı əməliyyatçı şirkətdir. BP şirkətinin bu regionda operatoru olduğu layihələr aşağıdakılardır: 

1.Azəri, Çıraq, Dərinsulu Günəşli (AÇG) - bu nəhəng neft yatağında 1997-ci ildən etibarən hasilata başlanılıb. Bu günədək yataqdan təxminən 2,3 milyard barel neft hasil edilib.

2.Dünya səviyyəli Şahdəniz qaz kondensat yatağının işlənməsi - Şahdəniz hasilat sistemi hazırda özünün gündəlik maksimum gücü səviyyəsində çalışır. Mərhələ 2 işlənməsi nəhəng bir layihədir, onun hazırda mövcud Mərhələ 1 hasilatına ildə 16 milyard kubmetr qaz əlavə edəcəyi gözlənilir. Bu layihənin Azərbaycanı yeni Cənub Qaz Dəhlizi vasitəsilə yeni qaz bazarlarına iri bir təchizatçı kimi bağlayacağı gözlənilir. Mərhələ 2 layihəsi üzrə yekun investisiya qərarı 17 dekabr 2013-cü il tarixdə Bakı şəhərində imzalandı və ilk qazın əldə olunması 2018-ci ilin sonlarına planlaşdırılır.

3.Şəfəq-Asiman üzrə hasilatın pay bölgüsü sazişi (HPBS) – bu saziş 2010-cu ilin oktyabr ayında Bakıda imzalanıb. Layihə üzrə ilk üçölçülü seysmik tədqiqat proqramı artıq başa çatıb. Hal-hazırda əldə olunmuş məlumatlar emal edilir. Bu məlumat emalı prosesinin ölkədə bu vaxtadək aparılmış ən böyük üçölçülü tədqiqat olduğu hesab edilir.

4.Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəməri – bu boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib. BTC boru kəməri neftin Xəzər regionundan birbaşa dünya bazarlarına nəql edilməsində təhlükəsiz və etibarlı nəqliyyat marşrutu kimi özünü təsdiqləyib.


Əlavə məlumat üçün:

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya. Tel.: (+994 12) 599 45 57

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətində. Tel.: (+994 12) 594 54 33