BP-nin Enerji Perspektivlərinə Baxışı: Karbon emissiyalarının daha az olduğu dövrə keçid

10 fevral 2016

Hazırda dünya enerji bazarlarındakı zəifliyə və Çinin inkişaf tempinin zəifləməsinə baxmayaraq, dünya iqtisadiyyatının genişləndiyini və daha yüksək iqtisadi fəallığa dəstək olmaq üçün daha çox enerji tələb olunduğunu nəzərə alsaq, növbəti 20 il ərzində və sonrakı müddətdə enerjiyə tələbat artmağa davam edəcək.

Bu gün dərc edilmiş “BP-nin Enerji Perspektivlərinə Baxışı” hesabatının 2016-cı il buraxılışına əsasən dünyada enerjiyə tələbatın 2014 və 2035-ci illər arasında 34% və yaxud ildə orta hesabla 1,4% artacağı gözlənilir. Ümumi tələbatdakı bu artıma enerji resurslarının strukturundakı əhəmiyyətli dəyişiklik də daxildir və daha az karbon tərkibli yanacaqlara tələbat yüksək karbon tutumlu yanacaqlara nisbətən daha sürətlə artır, çünki dünya karbonun daha az olacağı bir dövrə keçid mərhələsindədir.

“Enerji Perspektivlərinə Baxış” hesabatı uzunmüddətli enerji tendensiyalarına nəzər salır və növbəti iyirmi il üçün dünyadakı enerji bazarları üçün proqnozlar verir. Bu gün Londonda BP Qrupunun baş iqtisadçısı Spenser Deyl və Qrupun baş icraçı direktoru Bob Dadli tərəfindən hesabatın 2016-cı il buraxılışının təqdimatı olub.

Bob Dadli dedi: “Neft və qaz qiymətlərinin aşağı düşdüyü bir dövrdə yalnız hazırkı mürəkkəb şəraitə uyğunlaşmaq deyil, həm də növbəti bir sıra çətinliklərə hazır olmaq vacib əhəmiyyət daşıyır. Enerji sektoru uzun perspektivli bir fəaliyyət sahəsidir və biz fəaliyyət göstərdiyimiz enerji sahəsində vəziyyətin uzun perspektivdə necə inkişaf edəcəyini bilməliyik.”

“Builki hesabatdan da göründüyü kimi, dünyada enerji təchizatına tələbat artmaqda davam edir, lakin həmin enerji daşıyıcılarının növ tərkibi dəyişir və daha az karbon tərkibli enerji daşıyıcıları ilə əvəzlənir. Buna baxmayaraq, karbon emissiyalarının məhdudlaşdırılması istiqamətindəki beynəlxalq hədəflərə çatmaq üçün əlavə siyasi tədbirlərə zərurət ola bilər.”

Neft və qaz əsas artım mənbəyi olaraq qalır

Digər mənbələrin sürətli artımına baxmayaraq, “Enerji Perspektivlərinə Baxış” hesabatında proqnozlaşdırılır ki, 2035-ci ilə qədər olan müddət ərzində mədən yanacaqları əsas enerji daşıyıcısı olaraq qalacaq və tələbatda proqnozlaşdırılan artımın 60%-ni və 2035-ci ildə dünyanın ümumi enerji təchizatının demək olar ki, 80%-ni təşkil edəcək.

Qaz ildə 1,8% artmaqla ən sürətlə artan mədən yanacağı olacaq və neft ildə 0,9% olmaqla sabit şəkildə artacaq, lakin buna baxmayaraq onun enerji daşıyıcılarının strukturundakı payı azalmağa davam edir. Kömürə tələbatda artımın kəskin şəkildə zəifləyəcəyi proqnozlaşdırılır, belə ki, 2035-ci ilədək onun enerji daşıyıcılarının strukturundakı payı rekord həddə aşağı səviyyəyə çatacaq və qaz onu ikinci ən böyük enerji mənbəyi kimi əvəz edəcək.
 Qeyri-mədən yanacaqlarının hətta ötənilki hesabatda proqnozlaşdırıldığına nisbətən daha sürətlə artacağı proqnoz edilir. Bərpa olunan enerji mənbələrinin, o cümlədən bioyanacaqların ildə təxminən 6,6% artacağı proqnozlaşdırılır və nəticədə onların enerji daşıyıcılarının strukturundakı payı hazırda mövcud olan 3%-dən artaraq 2035-ci ilədək 9%-a çatacaq.

Tələbata təkan verən amillər

Spenser Deyl dedi: “Növbəti 20 il üçün proqnoz ondan ibarətdir ki, enerjiyə tələbat artmağa davam edəcək, çünki dünya iqtisadiyyatı genişlənir və daha yüksək iqtisadi fəallığa dəstək olmaq üçün daha çox enerji tələb olunur.”

Gəlir və əhalinin sayı enerjiyə tələbatın artmasına təkan verən əsas amillərdir. 2035-ci ilədək dünya əhalisinin təxminən 8,8 milyard nəfərə çatması gözlənilir və bu da o deməkdir ki, əlavə 1,5 milyard nəfər insan enerjiyə ehtiyac duyacaq. Həmin müddət ərzində ÜDM-nin iki dəfədən çox artması gözlənilir və proqnozlaşdırılan bu artımın yarısı Çin və Hindistanın payına düşür.


Deyl dedi: “Çin iqtisadiyyatında daha dayanıqlı artım tempinə nail olmaq istiqamətində davamlı görülən islahatlar onun enerjiyə tələbatındakı artımın kəskin azalmasına səbəb olur – beləliklə də, Çinin son 20 il ərzində müşahidə edilmiş artım tempinin beşdə birindən az sürətlə artan kömür tələbatından ciddi şəkildə asılı vəziyyətə düşməsinə gətirib çıxarır. Dünya əsaslı şəkildə dəyişməkdədir və biz bunun bariz nümunəsini necə və hansı növ enerjinin istehlak olunmasında müşahidə edirik.”

Dünyada enerji daşıyıcılarındakı artımın yarısından çoxu elektrik enerjisinin istehsalına sərf olunur və bu artımın çox hissəsi əhalisinin böyük hissəsinin elektrik enerjisindən istifadə imkanları məhdud olan regionlarda baş verir. 

Elektrik enerjisi istehsalı bütün yanacaq növlərinin rəqabət apardığı bir sektordur və kömürlə işləyən elektrik stansiyalarını bərpa olunan enerji mənbələri və qaz əvəz etdikcə, elektrik enerjisi istehsalı yanacaq növlərinin strukturunda əhəmiyyətli rol oynayacaq.

İqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə güclü artım tempi neftə tələbatı stimullaşdıracaq (dünyadakı tələbata artımın yarısından çoxu Çin və Hindistanın payına düşür), çünki, planetimizdə nəqliyyat vasitələrinin sayı iki dəfədən çox artacaq.

Təchizatda artım

Təbii qaz təchizatı əhəmiyyətli şəkildə artır və dünyada şist qazının hasilatındakı güclü artım da bu prosesi dəstəkləyir – bunun ildə 5,6% templə artacağı proqnozlaşdırılır. Ümumi qaz hasilatında şist qazının payı 2014-cü ildə mövcud olan 10%-dən artaraq 2035-ci ilədək təxminən 25%-ə çatacaq.

Dünyada maye yanacaq növlərinin təchizatı 2035-ci ilədək təxminən 19 milyon barel/gün səviyyəsinədək artacaq və buna qeyri-OPEC ölkələrinin təchizatındakı artım (xüsusən də ABŞ-da şist neft) gətirib çıxaracaq. OPEC çox güman ki, özünün bazardakı payını təxminən 40% saxlamağa çalışacaq.

Karbon emissiyaları növbəti 20 il ərzində yarım dəfə artacaq

Hesabatın əhatə etdiyi dövr ərzində karbon emissiyalarının artım tempinin ildə 0,9% təşkil etməklə (ildə 2,1% ilə müqayisədə) ötən 20 ilə nisbətən yarım dəfə çox olacağı gözlənilir. Emissiyaların artım tempinin kəskin azalması enerji səmərəliliyinin sürətlə təkmilləşməsini və enerji daşıyıcılarında karbon tutumunun azalmasını əks etdirir.

Dünya daha az karbon tərkibli enerji sisteminə keçid etməyə başlayır və ötən ilin dekabr ayında Parisdə keçirilmiş COP21 konfransı bu istiqamətdə atılmış əhəmiyyətli addımdır.

Lakin, karbon emissiyalarının yenə də artacağı proqnozlaşdırılır ki, bu da əlavə siyasi tədbirlərə zərurət olacağını göstərir. Karbon üçün dünyada müvafiq qiymətin olması çox güman ki, dünyada karbon emissiyalarının az olmasına daha tez nail olmaq üçün ən səmərəli mexanizmdir.

Alternativ ehtimallar

Əsas variantlardan əlavə, builki hesabatda həmçinin üç alternativ variant üzrə əsas proqnozla bağlı risklər və qeyri-müəyyənliklər araşdırılıb:
  1. Dünyada ÜDM-nin daha asta templə artması;
  2. Dünyada daha az karbon emissiyalarının atıldığı bir vəziyyətə daha tez nail olunması; və
  3. Şist qazının və şist neftinin daha sabit şəkildə artması.

Redaktorlar üçün qeydlər:

  • “BP-nin Enerji Perspektivlərinə Baxışı – 2035” hesabatının yeni buraxılışı 10 fevral 2016-cı il tarixində saat 15:00 (GMT) buraxılacaq
  • Enerji Perspektivlərinə Baxış hesabatını yaxud ölkə və regionlar üzrə əlavə baxışları yükləmək və video yaxud animasiya kimi digər materiallara nəzər salmaq üçün www.bp.com/energyoutlook ünvanına daxil olun.
  • Onlayn müzakirəyə qoşulun: #bpstats

Faktların xülasəsi:

  • Bərpa olunan enerji mənbələri 2035-ci ilədək dünyada ilkin enerji mənbələrinin artım həcminin dörddə birini və dünyada elektrik enerjisi istehsalındakı artımın üçdə birini təşkil edir
  • 2035-ci ildə Aİ-nin enerjiyə tələbatı 50 il əvvəlki səviyyəyə qayıdacaq (baxmayaraq ki, iqtisadiyyatı demək olar 150% böyümüş olacaq)
  • 2021-ci ilədək ABŞ öz ümumi enerji tələbatını özü tam ödəyəcək və 2030-cu ilədək isə neftə tələbatını tam ödəyəcək.
  • 2035-ci ilədək Çin dünyanın aparıcı neft istehlakçısı kimi ABŞ-ı qabaqlayacaq, lakin onun adambaşına düşən neft istehlakı ABŞ-dakı göstəricinin 27%-ni təşkil edəcək.
  • 2014-cü ildən 2035-ci ilədək qlobal qaz istehlakında artım ABŞ və Rusiyanın hazırkı qaz hasilatının birgə cəmindən daha çoxdur.
  • 2035-ci ilədək kömürün payı ilkin enerji mənbələrinin 25%-dən daha az olacaq və bu, sənaye inqilabından bu vaxtadək kömürün payında qeydə alınan ən aşağı səviyyədir.
  • Hesabat dövrü ərzində Çinin bərpa olunan enerji mənbələrindən əldə etdiyi əlavə elektrik enerjisi Aİ və ABŞ-ın birgə göstəricisindən daha çox olacaq.
  • Ehtiyat emal gücü və üstəgəl növbəti beş il ərzində planlaşdırılan əlavə emal gücləri hesabat dövrü ərzində xam neft təchizatındakı artımın öhdəsindən gəlmək üçün kifayət edir.
Əlavə məlumat:

BP-nin Londonda mətbuat xidməti: +44 (0)20 7496 4076, bppress@bp.com