BTC/ CQBK boyunca gənclərin bacarıqlarını artırmaq üçün yeni təşəbbüs

31 yanvar 2012

Layihə Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərlərinin Azərbaycan hissəsi boyunca doqquz bələdiyyəni əhatə edir.

BP özünün Azərbaycandakı tərəfdaşları adından yerli idarəetməni, gənclərin bacarıqlarının inkişafını və ətraf mühit təşəbbüslərini dəstəkləmək məqsədilə Avrasiya Tərəfdaşlıq Fondu (ATF) ilə qrant sazişi imzalayıb. 
Bu sazişin məqsədi bələdiyyələrin yerli problemləri müəyyən etmək və onları aradan qaldırmaq bacarıqlarını gücləndirməkdən ibarətdir. Saziş həmçinin ətraf mühitdəki ən adi problemlərlə bağlı məlumatlılığı artırmaq və əhalini cəlb etməklə onların həllinə kömək göstərmək məqsədi daşıyır. 

Gözləntilərdən biri də budur ki, layihə çərçivəsində görülən işlər nəticəsində bələdiyyələr nəzdində gənclər palataları yaradılacaq. Bu qurumlar gənclərin təlimi, həmçinin onların liderlik və layihələri idarəetmə potensialını artırmaq yolu ilə öz icmalarındakı ətraf mühit problemlərinin həllinə cəlb edilməsini təmin edəcək. 

Layihə Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərlərinin (BTC/CQBK) Azərbaycan hissəsi boyunca doqquz bələdiyyəni əhatə edir. Bunlar Qaraxanlı (Tovuz), Qırılı (Ağstafa), Dəllər Cəyir (Şəmkir), Dəllər Daşbulaq (Şəmkir), Ağasıbəyli (Samux), Aran ( Yevlax), Cinliboluslu (Goranboy), Orta Ləki (Ağdaş) və Ucar şəhərindəki (Ucar) bələdiyyələrdir. 

Sazişə görə BP və onun tərəfdaşlarının layihəyə ayırdığı məbləğ 200000 dollar təşkil edir. ATF isə digər mənbələrdən əldə etdiyi 260000 dollar məbləğində vəsaitlə layihəni birgə maliyyələşdirir. 

Layihə üzrə görüləcək işlərə həmçinin bələdiyyələrdə strateji planlaşdırma və iş icrasının ölçülməsi sahəsində bacarıq və səriştələrin yaradılması da daxildir. Layihənin ətraf mühit komponenti çərçivəsində yeni yaradılacaq gənclər palatalarının öz icmalarındakı ekoloji problemləri aradan qaldırmasına kömək məqsədilə ATF-nın onlara kiçik sub-qrantlar ayırması da planlaşdırılır. 

BP-nin Davamlı İnkişaf Təşəbbüsü üzrə meneceri İbrahim İsmayılov deyir: “BP və onun tərəfdaşları inanırlar ki, bu layihə inkişafla məşğul olan digər tərəfdaşların və yerli maraqlı tәrәflәrin təcrübəsini və resurslarını bir araya gətirməklə Azərbaycanda yerli icmalara hiss edilən faydalar gətirəcək. Biz daha çox ondan məmnunuq ki, layihədə əsas diqqət gənclərə yönəlib, çünki məqsəd onların liderlik və layihələrin idarə olunması potensialını gücləndirməkdir. Bu isə öz növbəsində ətraf mühitlə bağlı yerli problemlərin həllində hiss edilən nəticələrə gətirib çıxaracaq. Biz inanırıq ki, bütövlükdə bu layihə yerli davamlı inkişaf təşəbbüsləri üçün yeni imkanlar açacaq.” 

ATF-nin icraçı direktoru Nailə Həşimova deyir: "İnanırıq ki, BP şirkəti və onun tərəfdaşları ilə birgə səylərimiz layihənin əhatə etdiyi bölgələrdə əhalinin öz icmaları və ətraf mühitləri ilə bağlı məsələrə sahib çıxmaq və məsuliyyət hissinin artmasına kömək edəcək. ATF çoxpilləli yanaşma üsulu ilə BTC/ CQBK boru kəmərləri boyunca yaşayan icmaların geniş əhatəsinə mənfəətlər gətirmək məqsədilə özünün bütün ehtiyatlarından istifadə edəcək. ” 

Proqram iş icrasının ölçülməsi sistemi və strateji planlaşdırma sahəsində ekspertlər də cəlb olunmaqla ATF tərəfindən həyata keçiriləcək. Bu sazişə görə ATF layihənin ekoloji komponentinin həyata keçirilməsini subpodrat müqaviləsi vasitəsilə “Ekoloji Tarazlıq” (“EKOT”) adlı yerli təşkilata həvalə edəcək. 


Əlavə məlumat üçün aşağıdakı şəxslərə müraciət edə bilərsiniz:

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlı.

Tel.:  994 (0) 12 599 4557