BTC Ceyhan terminalından 500-cü tankeri yola saldı

17 iyun

BP-nin əməliyyatçısı olduğu Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəməri keçən həftənin sonunda Bakı yaxınlığındakı Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac edilən neftlə doldurulmuş 500-cü tankeri yola saldı. “Seynt Helen” adlı 500-cü tanker Ceyhan terminalına ötən şənbə günü səhər gəlmiş və elə həmin gün – iyun ayının 14-də - oradan yola salınmışdır.

500-cü tankerə ARDNŞ-yə (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) məxsus 630 000 barel xam neft yüklənmişdir. Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli (AÇG) yatağından hasil edilmiş bu neft İtaliyanın Triyest şəhərinə yola salınmışdır. 

2006-cı ildə BTC-nin ixrac əməliyyatlarına başlamasından indiyədək boru kəməri əməyin təhlükəsizliyi üzrə əla göstəricilər nümayiş etdirib. Boru kəmərinin ötürmə qabiliyyəti durmadan artmır və bu günədək ən yüksək gündəlik axın 949 393 barel olmaqla 2008-ci ilin may ayının 11-də əldə edilmişdir. Bundan başqa, 2008-ci ilin may ayı BTC üçün daha bir rekordla – Ceyhan terminalında ümumi həcmi 29 milyon barel xam neft olmaqla bir ay ərzində 37 tankerin yüklənib yola salınması ilə əlamətdar olmuşdur. 

Bu günədək BTC kəməri vasitəsilə ixrac edilən neft və kondensatın ümumi həcmi təxminən 397 milyon barel (53 milyon tondan artıq) olub. 

İndi BTC ilə gündəlik təxminən 850 000 barel neft ixrac edilir və gözlənilir ki, bu ilin sonlarında boru kəməri ilə gündə bir milyon barel (ildə təxminən 50 milyon ton) neft göndərilməsinə nail olunacaq. 
BTC-nin baş icraçı direktoru və BP-nin quruda əməliyyatlar üzrə vitse-prezidenti Rəşid Cavanşir deyir: “Bu, BTC-nin iki illik sabit və səmərəli əməliyyatlarını yekunlaşdıran əlamətdar bir hadisədir. 500-cü tankerin yola salınması ilə bağlı bu nailiyyət boru kəmərinin üç ölkə boyunca gecə və gündüz istismarını təmin edən və bütün BTC qurğularının sakit tərzdə işləməsi üçün xidmət göstərən yüzlərlə adamın zəhmətinin nəticəsidir. Bakıdan Ceyhanadək BTC əməliyyatlarını idarə edən bütün əməkdaşları bu böyük nailiyyət münəsibətilə təbrik edirəm”. 

Hazırda BTC-nin gündəlik gücünün 20%-dək – yəni gündə 1,2 milyon barelədək artırmaq üçün işlər aparılır. Bu işlərin bu ilin dekabr ayınadək tamamlanması planlaşdırılir və beləliklə də boru kəmərinin genişləndirilməsi Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarından hasil edilən karbohidrogenləri yaxın müddət üçün bazarlara çatdırmaq, üzün müddət üçün isə kəmərə əlavə ötürmə gücü gətirməklə bağlı nəqletmənin təminatını artıracaq. 

BTC regiona əhəmiyyətli faydalar gətirməklə müsbət dəyişikliklər yaradan dünya səviyyəli bir layihədir. Bosfor boğazından yan keçməklə kəmər neftlə bağlı nəqliyyatın artımının qarşısını alır və bununla əlaqədar ətraf mühit risklərini azaldır, eyni zamanda tranzit ölkələr üçün sanballı gəlirlər yaradır və Azərbaycan, Gürcüstan, Türkiyə ilə Qərb arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə kömək edir

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25%); Şevron (8,90%); StatoylHydro (8,71%); TPAO (6,53%); ENİ (5%); Total (5%), İtoçu (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və Hess (2,36%) şirkətləridir. 


Redaktorlar üçün qeydlər: 

Uzunluğu 1768 km olan BTC boru kəməri Xəzərdən gündə bir milyon barel neftin, onsuz da nəqliyyatı çox sıx olan Türkiyə boğazlarından keçən tankerlərin sayını artırmadan, təhlükəsiz və məsuliyyətlə ixrac edilməsinə imkan yaradır. 
Bu boru kəmərində diametri 46/42/34 düymlük borulardan istifadə edilmişdir. Kəmərin hər üç tranzit ölkə boyunca səkkiz nasos stansiyası və 98 siyirtmə məntəqəsi var. Boru kəməri 1500-dən artıq çayla kəsişir. Boru kəmərinin ən yüksək nöqtəsi onu dağlardan keçdiyi yerdə 2800 metrdir və bundan sonra o, Ceyhanda yenidən dəniz səviyyəsinə enir. 

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57