BTC bir milyard barel neft daşıyıb

13 sentyabr 2010

Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri şirkəti (BTC Co., əməliyyatçısı BP-dir), bu gün élan edir ki, BTC bir milyard barel Xəzər neftini tam təhlükəsiz şəkildə dünya bazarlarına ixrac edib. 

Bir milyardıncı barel sentyabr ayının əvvəllərində Səngəçal terminalından BTC-yə vurularaq Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə bu yaxınlarda Ceyhan terminalına çatmış və orada da 1275-ci tanker olan “Nippon Prinses”-ə yüklənmişdir. Bir milyardıncı barel neft yüklənmiş “Nippon Prinses” Ceyhandan bu gün, sentyabr ayının 13-də Rotterdama yola düşmüşdür. 

BP-nin prezidenti Rəşid Cavanşir deyir:“Bir milyard barel neftin BTC ilə ötürülməsi çox mühüm bir hadisədir. Bu o deməkdir ki, 2005-ci ildə boru kəməri doldurulmağa başlandığı vaxtdan indiyədək BTC bütün gözləntiləri doğruldub – o, təhlükəsizdir, səmərəlidir və etibarlıdır. BTC nəhəng bir texniki nailiyyətdir. Kəmər həmçinin ətraf mühitin qorunması və social məsuliyyət sahəsində də ixrac sənayesi üzrə bir nümunə yaradıb. 

Biz fəxr edirik ki, Bosfor boğazından keçən neft tankerlərinin artımını azaltmaq kimi əsas işi ilə bərabər, BTC həm də onun qonşuluğunda yaşayan insanlar üçün əsl mənfəət mənbəyi olub – boru kəməri boyunca 550 icmada təxminən 730,000 nəfərə yaxın insan BTC-dən bəhrələnib – çoxsaylı iş yerləri vasitəsilə, davamlı inkişaf layihələrinə qoyulmuş on milyonlarla dollar sərmayələr və əhalinin iqtisadi inkişafı üçün yaradılmış imkanlar vasitəsilə. Bu əlamətdar nailiyyətə gətirən yolda bizə kömək etmiş bütün tərəflərə və şəxslərə minnətdarlığımı bildirirəm – Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinə, BTC-nin səhmdarlarına, qonşularımıza, BTC-nin əməkdaşlarına, boru kəmərinin Türkiyə hissəsinin və Ceyhan terminalının əməliyyatçısı olan Botaş İnternəşnal Limited (BIL) şirkətinə”, Rəşid Cavanşir deyir.

BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. BTC boru kəməri ilə dünya bazarlarına nəql edilən xam neft əsasən Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqlarından gəlir. 2010-cu ilin iyul ayında yeni nəql sazişi imzalandıqdan sonra BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. BTC-nin həmçinin Qazaxıstandakı Tengiz yatağından neft həcmlərini daşımaq haqqında sazişləri də var. 

Hazırda BTC ilə gündəlik təxminən 850 000 barel neft ixrac edilir. Bu günədək kəmər vasitəsilə ən yüksək gündəlik ixrac göstəricisi 2010-cu il iyul ayının 21-də olub - 1,06 milyon barel. 

2010-cu il ərzində BTC vasitəsilə ümumilikdə təqribən 25,8 milyon ton və ya 191 milyon barel neft ixrac olunub. 

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İtoçu (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və Hess (2,36%) şirkətləridir. 


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57