BTC Ceyhandan 2500-cü tankeri yola saldı

22 aprel 2014

BP-nin əməliyyatçısı olduğu Bakı-Tbilisi-Ceyhan şirkəti (BTC Co.) məmnuniyyətlə elan edir ki, BTC vasitəsilə ixrac olunmuş neftin yüklənildiyi 2500-cü tanker dünən  Türkiyənin Ceyhan terminalından yola düşüb.

“Vinga” adlı tanker 15 aprel tarixində Ceyhan dəniz terminalına gəlib və dünən neftin yüklənilməsi başa çatdıqdan sonra İspaniyaya yola düşüb. Bu tankerə Bakı yaxınlığındakı Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac edilən 735 000 barel neft yüklənib. ”Vinga” tankerinə yüklənilmiş xam neft Azərbaycan Dövlət Neft Fonduna  məxsusdur.

BTC vasitəsilə nəql olunan və Ceyhan terminalından dünya bazarlarına yola salınan neft əsasən Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqlarından hasil edilir.

1768 km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismara verilib. Həmin vaxtdan etibarən BTC boru kəməri ümumilikdə 1,9 milyard bareldən artıq (256 milyon ton) xam neft nəql edərək dünya bazarlarına göndərib.

BP-nin Midstrim əməliyyatları üzrə vitse-prezidenti Kreyq Viqqz deyir: “Fəaliyyət göstərdiyi səkkiz il ərzində BTC çox yüksək səmərəlilik nümayiş etdirib. Ceyhandan 2500-cü tankerin yola salınması bu dünya səviyyəli obyektin nail olduğu əlamətdar bir hadisədir. Biz bu boru kəmərini inşa etdiyimiz vaxt onu nəhəng texniki nailiyyət kimi təsvir etmişdik. İndi isə, səkkiz illik təhlükəsiz və etibarlı fəaliyyətindən sonra, onu üç ölkə – Azərbaycan, Gürcüstan və Türkiyə boyunca vahid bir heyət tərəfindən idarə olunan səmərəli və dünya səviyyəli əməliyyatların yüksək nümunəsi adlandıra bilərik. Fürsətdən istifadə edərək, mən bizim BTC üzrə əməliyyatlar heyətinə əməyin təhlükəsizliyi üzrə əldə etdikləri mükəmməl göstəricilərə və əməliyyat səmərəliliyinə görə təşəkkür etmək istəyirəm. Bu heyətə boru kəmərinin və onun bütün qurğularının gecə və gündüz sakit və səmərəli şəkildə işləməsi üçün xidmət göstərən yüzlərlə insan daxildir. Mən həmçinin boru kəmərinin Türkiyə hissəsinin və Ceyhan terminalının əməliyyatçısı olan Botaş İnternəşnl Limitid (BİL) şirkətinə bu mühüm uğurların əldə olunmasındakı əməyinə görə təşəkkür etmək istərdim.

Bu əlamətdar nailiyyətlə yanaşı BTC üç ölkə boyunca yerli icmalarda səriştə və bacarıqların yaradılması, sosial infrastruktura çıxışının artırılması və onların özləri üçün davamlı gəlirlər yaratmasına dəstək verilməsi istiqamətində mühüm davamlı inkişaf təşəbbüsləri həyata keçirib. Mən boru kəməri boyunca yaşayan bütün icmalara göstərdikləri dəstəyə və əməkdaşlığa görə təşəkkür edirəm. BTC bu mükəmməl əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidlə baxır.”
Redaktorlar üçün qeydlər
BTC Ko.-nun səhmdarları:  BP (30,1%); AzBTC (25%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5%); Total (5%), İtoçu (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (BTC) Limitid (2,36%) şirkətləridir.


Hazırda BTC-nin ötürücülük qabiliyyəti gündə 1,2 milyon barel təşkil edir.

2013-cü ildə BTC vasitəsilə 33 milyon ton (247,2 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 329 tankerə yüklənərək bazarlara yola salınıb. 

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. 2013-cü ilin oktyabrından başlayaraq BTC vasitəsilə Tengiz neftinin nəql olunması bərpa olunub.

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: +994 (0) 12 599 45 57

Maraqlananlar tankerin yüksək keyfiyyətli şəkillərini  yükləyə bilərlər: