BTC-nin tam istismara verilməsi qeyd edilir

13 iyul 2006

Bu gün Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixracı boru kəmərinin Türkiyə hissəsinin, Ceyhandakı yeni dəniz ixrac terminalının və bütövlüklə BTC ixrac boru kəməri sisteminin rəsmi açılış mərasimi keçirildi. 
Türkiyə hökuməti tərəfindən keçirilən bu tədbirdə zati-aliləri – Türkiyənin Prezidenti Əhməd Necdet Sezer, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixail Saakaşvili, eləcə də bura təşrif buyurmuş yüksək vəzifəli hökumət və dövlət rəsmiləri, BTC-nin səhmdar şirkətlərinin baş icraçı direktorları və işgüzar dairələrin nümayəndələri iştirak etdilər.

BTC-nin əməliyyatçısı olan BP qrupunun Prezidenti Lord Braun Ceyhandakı rəsmi açılış mərasimi iştirakçılarına müraciətlə dedi: “Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istismara verilməsi neft sənayesinin zəngin tarixində mühüm bir mərhələdir. Bu, Xəzərdəki iri neft həcmlərini bir əsr ərzində ilk dəfə yenidən bir araya gətirir və dünya bazarına çıxarır. Bu məqama yetməyə imkan yaradanların hamısına BP adından təşəkkürlərimizi bildirmək istərdim. 

Layihədə bilavasitə iştirak edən üç ölkənin – Azərbaycanın, Gürcüstanın və Türkiyənin, eləcə də bir çox digər ölkələrin minlərlə misilsiz insanlarına – işçi qüvvəsi üzvlərinə, yerli icmaların sakinlərinə, şirkətlərə, hökumətlərə, beynəlxalq təşkilatlara, tərəfdaşlarımıza və əlbəttə, öz işçilərimizə əvəzedilməz dəstək və iştiraka görə minnətdarlıq etmək istərdim. 

BTC 21-ci əsrin ilk nəhəng mühəndis layihəsidir.” 

BP-nin Azərbaycandakı təmsilçi prezidenti Deyvid Vudvord dedi: “Bütövlükdə, bu onu əks etdirir ki, minlərlə insanın 12 ildən artıq bir müddətdə göstərdikləri səylər vasitəsilə çoxlarının “qeyri-mümkün” hesab etdikləri bir layihəni biz gerçəkliyə çevirə bilmişik. Lord Braunun layihədə iştirak edənlərin hamısına – tranzit ölkə hökumətlərinə, tərəfdaşlarımıza, kreditorlara, podratçılara, BP-nin işçi heyətinə və Azərbaycan, Gürcüstan, Türkiyə xalqlarına göstərdikləri ciddi səylərə, əməkdaşlığa və dəstəyə görə etdiyi təşəkkürə mən də qoşulmaq istərdim.” 
BTC ixrac sisteminin 1076 kilometr uzunluğunda Türkiyə hissəsinə dörd nasos stansiyası, iki ölçmə stansiyası və Ceyhan dəniz neft ixracı terminalı daxildir. Bu terminalın özü də hər biri bir milyon barel xam neft tutan yeddi çəndən və eyni vaxtda 300.000 dedveyt tonluq iki tankeri neftlə doldurmaq imkanına malik iki kilometr yarım uzunluğunda yanalma körpüsündən ibarətdir. 

Boru kəmərinin doldurulması üçün ümumilikdə 10 milyon barel neft tələb olunurdu və bu neft Xəzər dənizinin Azərbaycan sektorundakı AÇG yataqlarından təmin olundu. Həmin neft boru kəmərinə 2005-cı ilin mayında Bakı yaxınlığındakı Səngəçal terminalından vurulmağa başlandı və 2006-cı il mayın 28-də Ceyhan terminalına çatdı. BTC boru kəməri ilə Səngəçal terminalından Ceyhana qədər Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə 1768 kilometr məsafə qət etmiş bu neftlə yüklənmiş ilk tanker iyunun 4-də Aralıq dənizinin Türkiyə sahilindən yola salındı. 

O vaxtdan bəri Ceyhandan ümumilikdə 4,8 milyon barel həcmində yeddi tanker AÇG nefti yola salınmışdır. Bu ilkin mərhələ ərzində boru kəmərinin ötürücülüyü dəyişkən olacaq, lakin indiyədək gündə 400.000 bareldən artıq olub və bu rəqəm 2008-ci ilədək gündə bir milyon barelə qədər artacaq. İlk dövrdə bu kəmərlə neft AÇG yataqlarından gətiriləcək və gələcəkdə Xəzərin o tayından gələn neft daxil olmaqla digər həcmlərin də BTC vasitəsilə nəql olunacağı gözlənilir. 

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5%); Total (5%), İtoçu (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və Amerada Hess (2,36%) şirkətləridir. 

Redaktorlar üçün qeydlər: 

BTC boru kəməri Xəzərdən gündə bir milyon barel neftin, onsuz da nəqliyyatı çox sıx olan Türkiyə boğazlarından keçən tankerlərin sayını artırmadan, təhlükəsiz və məsuliyyətlə ixrac edilməsinə imkan yaradacaq. 
Bu boru kəmərində diametri 46/42/34 düymlük borulardan istifadə edilmişdir. Kəmərin hər üç tranzit ölkə boyunca səkkiz nasos stansiyası və 98 siyirtmə məntəqəsi var. Boru kəməri 1500-dən artıq çayla kəsişir. Boru kəmərinin ən yüksək nöqtəsi 2.800 metr olan dağlardan keçdiyi yerdir ki, bundan sonra o, Ceyhanda yenidən dəniz səviyyəsinə enir. 

BTC regiona əhəmiyyətli faydalar gətirməklə müsbət dəyişikliklər edəcək mühüm bir layihədir. Bosfor boğazından yan keçməklə kəmər neftlə bağlı nəqliyyatın labüd artımının qarşısını alacaq və bununla əlaqədar ətraf mühit risklərini azaldacaq, tranzit ölkələri üçün sanballı gəlirlər yaradacaq və Azərbaycan, Gürcüstan, Türkiyə ilə Qərb arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə kömək edəcək. 

Daha ətraflı məlumat üçün müraciət etməniz xahiş olunur: 
BP-nin London ofisinin mətbuat xidmətindən Deyvid Nikolas,
tel: +44 (20)7496 4708
BP-nin Bakı ofisinin mətbuat xidmətindən Tamam Bayatlı,
tel: (+994 12) 599 45 57; 
BP-nin Ankara ofisinin mətbuat xidmətindən Murat Lekompt,
tel: (+90 216) 571 20 02
BP-nin Tbilisi ofisinin mətbuat xidmətindən Rusudan Medzmariaşvili,
tel: +995 32 593 400