BTC ilə 100 milyonuncu barel neft yola salındı

5 avqust 2007

Əməliyyatçısı BP olan Bakı-Tbilisi-Ceyhan (BTC) ilə göndərilmiş 100 milyonuncu barel xam neft Türkiyədə Ceyhan terminalından gəmiyə yüklənmişdir. Bu hadisə BTC-nin maksimum ötürücülük gücünə çatmasında möhöm addımdır. 

Bu boru kəməri ilə neft ixracının hazırkı səviyyəsi gözlənildiyindən daha yüksəkdir və 2008-ci ilin sonlarınadək gündə bir milyon barel (ildə təqribən 50 milyon ton) neft ötürmək planına uyğundur. 

100 milyonuncu barel neft “Siprins” adlanan tankerə yüklənmişdir. “Siprins” gəmisi Ceyhandan yola salınan 130-cu gəmidir və İtaliyaya yola düşmüşdür. 

BTC-nin baş İcraçı direktoru və BP-nin qurudakı istismar əməliyyatları üzrə vitse-prezidenti Rəşid Cavanşir bildirmişdir: “Bu, mühüm bir hadisədir və onu sübut edir ki, BTC qətiyyətlə öz qarşısına qoyduğu məqsədə - Xəzərdən dünya bazarlarına gündə bir milyon barel neft ixrac edən boru kəməri olmağa doğru irəliləyir. Artıq mart ayında nail olduğumuz gündəlik 750.000 barel neft həcminin ötürülməsi ilə biz bu məqsədə doğru inamlı irəliləyiş edirik. Mən bu uğurların əldə olunmasında əməyi olanların hamısını bu münasibətlə təbrik edir və onların hər birinə təşəkkür edirəm”. 

BTC-nin nasoslarının tam istismara verilməsi və mart ayında Azərbaycan və Gürcüstandakı bütün nasosların dizel yanacağından qaz turbinlərinə keçirilməsinin başa çatması ilə indi BTC özünün layihə ötürücülük qücü olan gündə bir milyon barel neft həcmini qəbul etməyə qadirdir. 

Bu boru kəməri ilə ilkin olaraq yalnız Azəri-Çıraq-Günəşli nefti daşınsa da, bu ilin əvvəllərində Şahdəniz yatağından hasilat başlandıqdan bəri kondensat da bu boru xəttinə vurulur. Gözlənilir ki, gələcək həcmlər Xəzərin o biri sahilindən gələcək həcmləri də əhatə edəcək. 

BTC Ko.-nun səhmdarları: BP (30,1%, əməliyyatçı); AzBTC (25%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5%); Total (5%), İtoçu (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və Hess (2,36%) şirkətləridir. 
Fotoşəkillər xahiş əsasında təqdim oluna bilər. 

Redaktorlar üçün qeydlər: BTC nefti Ceyhanda ilk tankerə 2006-cı il iyunun 4-də yükləmişdir və bununla da BTC boru kəməri ilə Azərbaycan neftinin dünya bazarlarına Türkiyə boğazlarından yan keçməklə ixracı başlanmışdır. Boru kəmərinin 1.076 kilometr uzunluğunda olan Türkiyə hissəsinin, Ceyhan terminalının və tam BTC sisteminin rəsmi açılışı 2006-cı il iyulun 13-də keçirilmişdir. 

1.768 km uzunluğunda olan BTC boru kəməri Xəzərdən gündə bir milyon barel neftin, onsuz da nəqliyyatı çox sıx olan Türkiyə boğazlarından keçən tankerlərin sayını artırmadan, təhlükəsiz və məsuliyyətlə ixrac edilməsinə imkan yaradır. 

Bu boru kəmərində diametri 46/42/34 düymlük borulardan istifadə edilmişdir. Kəmərin üç tranzit ölkə boyunca yerləşmiş səkkiz nasos stansiyası və 98 siyirtmə məntəqəsi var. Boru kəməri 1500-dən artıq çayla kəsişir. Boru kəmərinin ən yüksək nöqtəsi 2.800 metr hündürlüyü olan dağlardan keçdiyi yerdir ki, bundan sonra o, Ceyhanda yenidən dəniz səviyyəsinə enir. 

BTC regiona əhəmiyyətli faydalar gətirməklə müsbət dəyişikliklər edəcək dünya səviyyəli bir layihədir. Bosfor boğazından yan keçməklə kəmər neftlə bağlı nəqliyyatın labüd artımının qarşısını alacaq və bununla əlaqədar ətraf mühit risklərini azaldacaq, tranzit ölkələri üçün sanballı gəlirlər yaradacaq və Azərbaycan, Gürcüstan, Türkiyə ilə Qərb arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə kömək edəcək. 

Daha ətraflı məlumat üçün müraciət edə bilərsiniz: 
BP-nin Bakıdakı mətbuat ofisindən Tamam Bayatlı, tel. (+994 12) 599 4557
Ankaradakı mətbuat ofisindən Murat Lekompte, tel. (+90 216) 571 20 02