Bakıda BP-nin yeni ofisi açıldı

20 sentyabr 2013

Bu gün BP Azərbaycan şirkəti elan etdi ki, Bakıda “BP Xəzər Mərkəzi” adlanan yeni ofisinə köçüb. Həmin ofis Neftçilər prospektindəki Port Baku kompleksində yerləşir.

BP bu gün bu münasibətlə Bakıda rəsmi açılış tədbiri keçirib. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell və ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, müxtəlif dövlət qurumlarını və tərəfdaş təşkilatları təmsil edən qonaqların müşayiəti ilə xatirə lövhəsindəki örtüyü endirdi və binanı gəzərək ofis ilə tanış oldu. 
BP Xəzər Mərkəzi 16 mərtəbəli binanın 5-14-cü mərtəbələrində yerləşəcək və 2100 iş masasından və 135 iclas otağından ibarət olacaq. 

Yeni ofis ən qabaqcıl texnologiyalar ilə, o cümlədən BP-nin bütün uzaq məsafədə yerləşən dəniz və qurudakı obyektləri ilə birbaşa əlaqə yaratmağa imkan verən Qabaqcıl Birgə İş Mühiti (ACE) texnologiyası, habelə TelePresence, təhlükəsiz çap etmə qurğuları, iclas otaqlarının elektron şəkildə sifariş edilməsi və VoİP (interter protokolu üzərindən səs) telefoniya ilə təchiz ediləcək. 

Yeni ofisin açılışına həsr olunmuş tədbirdə çıxış edən Qordon Birrell dedi: “Biz Bakıda vahid müasir bir ofisə köçməkdən məmnunluq hissi duyuruq və bu ofis, demək olar ki, bütün işçilərimizi bir yerə toplamaqla “bir ailə” mühiti yaradacaq. Yeni ofis işçilərin iclaslar və digər işgüzar məqsədlər üçün şəhərin müxtəlif yerlərinə səfər etməsi zərurətini aradan qaldıracaq. İclas otaqlarımızda istifadə edilən müasir TelePresence texnologiyası bizə imkan verəcək ki, dünyanın müxtəlif yerləri ilə birləşmiş şəbəkə üzərindən əlaqə yaradaraq “şəxsən” görüşmə imkanı əldə edək və bu, iclas iştirakçılarının özlərini fiziki cəhətdən olmadıqları yerdə hiss etmələrinə imkan yaradacaq. Mən qürur duyuram ki, kollektivimiz bu sağlam, texnoloji cəhətdən əlverişli və gözəl iş mühitindən faydalanacaq. Xüsusilə də, yeni ofisimizdə beynəlxalq miqyasda qəbul edilmiş praktikaya uyğun olaraq məhdud əmək qabiliyyətli insanlar üçün lazımi şəraitin olacağından çox məmnunam.” 

Binanın tikintisi 2009-cu ilin sonlarında başlanıb və hazırda başa çatmaq üzrədir. BP Azərbaycan şirkətinin heyəti artıq Bakının müxtəlif yerlərində olan əvvəlki ofislərindən BP Xəzər Mərkəzinə köçməyə başlayıb. 

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Tel.: (+994 12) 599 45 57