Boru Kəməri Dəhlizində Keçmiş və Gələcək İrs - Azərbaycan, Gürcüstan, Türkiyə

12 sentyabr 2011

Bu gün BP şirkəti və onun Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları “Boru Kəməri Dəhlizində Keçmiş və Gələcək İrs - Azərbaycan, Gürcüstan, Türkiyə” adlı kitabı ictimaiyyətə təqdim etdilər. 

Bu kitab BTC/CQBK boru kəmərlərinin Xəzərdən Aralıq dənizinə qədər olan marşrutu boyunca tikinti zamanı aşkar olunmuş arxeoloji tapıntıları əks etdirməklə mədəni irsin qorunmasına dair sanballı bir tədqiqatın nəticələrini özündə birləşdirir. 

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Gürcüstanın Milli Muzeyi və Türkiyənin Qazi Universiteti tərəfindən aşkar edilmiş bu qiymətli arxeoloji tapıntılar qorunmaq, tədqiq edilmək və gələcək nəsillərə çatdırılmaq üçün hər üç ölkənin hökumətinə təhvil verilib. BTC və CQBK boyunca aşkar olunmuş bütün arxeoloji tapıntılar haqqında dəyərli tədqiqat materialları və elmi məlumatları özündə birləşdirən bu kitab həm də dünyanın ən qədim mədəniyyətlərindən birinə sahib olan üç ölkənin – Azərbaycan, Gürcüstan və Türkiyənin - tarixi irsi ilə tanışlıq üçün bir mənbədir. Kitab üç dildə - Azərbaycan, gürcü və ingilis dillərində tərtib olunub. 

Bu arxeoloji tədqiqatlar və kitab mədəni irsin qorunması yönümündə BTC və CQBK boru kəmərləri boyunca həyata keçirilmiş böyük proqramın bir hissəsidir. 2008-ci ildə başlanmış bu proqramın ictimai təbliğat və bacarıqların yaradılması kimi iki əsas məqsədi vardı və proqram üç əsas tərəf - Qobustan Dövlət Tarixi-Bədii Qoruğu (QDTBQ), Azərbaycan Arxeologiya və Etnoqrafiya İnstitutu və Gürcüstan Milli Muzeyi üçün nəzərdə tutulmuşdu. 
Təqdimat mərasimindəki çıxışında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir demişdir: “BP şirkəti və onun tərəfdaşları həqiqətən fəxr edirlər ki, Xəzərdən Aralıq dənizinə qədər bizim boru kəmərləri boyunca olan ərazilərdə tarixən məskunlaşmış ən qədim sivilizasiyaların mədəni irslərinin tədqiqinə dəyərli töhfə veririk. Bizim bu proqramımız azərbaycanlı, gürcü, türk, britaniyalı və amerikalı arxeoloqları tikinti zamanı boru xətti boyunca səfərbər edərək yüzlərlə illər mövcud olan, amma bizə məlum olmayan və heç vaxt qazıntı işləri aparılmamış sahələri aşkar etmək imkan yaradıb. Bildiyimizə görə bu, sovet hökuməti dövründən bəri Azərbaycan və Gürcüstan ərazisində həyata keçirilmiş ən böyük arxeoloji qazıntı proqramıdır. 

Nəticələr doğrudan da çox sevindiricidir və biz inanırıq ki, bizim bu gün təqdim etdiyimiz dəyərli elmi araşdırma kitabı dünya oxucularına imkan yaradacaq ki, regionun zəngin mədəni irsi haqqında məlumat əldə etsinlər.” 

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57