Çiraq Neft Layihəsinə başlamaq qərari verildi

9 mart 2010

Bu gün Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin (AÇG) işlənməsi üzrə Rəhbər Komitə yeni Çıraq Neft Layihəsinə (ÇNL) sərmayə qoyulmasına qərar verdi. Dəyəri 6 milyard dollar olan bu layihə Xəzər dənizinin Azərbaycan sektorundakı AÇG yatağının hazırda davam edən işlənməsində növbəti əhəmiyyətli addımdır. 

Layihənin məqsədi ACG yatağından neft hasilatını və çıxartma əmsalını artırmaqdır. Bu məqsədə mövcud Dərinsulu Günəşli (DərSG) və Çıraq-1 platformaları arasında yataq infrastrukturunda ciddi hiss olunan boşluğu doldurmaq üçün layihələşdirilmiş yeni bir dəniz qurğusu vasitəsilə nail olunacaq. 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev: “Bugünkü tədbir Azərbaycanın öz enerji hasilatını artırmaq planlarını reallaşdırması yönümündə atılmış mühüm bir addımdır. Bu planlar ölkəmizi dünyanın neft bazarlarının əsas təchizatçılarından biri mövqeyində möhkəmləndirmək məqsədi daşıyır. Bu uzun müddətli faydalardır, lakin inanırıq ki, layihənin dərhal gətirəcəyi faydalar bizim üçün daha qiymətlidir - layihə üçün lazım olan bütün qurğuların hamısı yerli ehtiyatlardan istifadə olunmaqla ölkə daxilində inşa ediləcək və bu qurğuların hamısı dünya səviyyəli milyardlarla dollar dəyərə malik obyektlərdir. Bu o deməkdir ki, birinci dəniz platformasının inşa edilməsindən bəri Azərbaycan öz neft sənayesi gücünü və bacarıqlarını, o cümlədən işçi qüvvəsi və infrastrukturunu, elə inkişaf etdirmişdir ki, bunlar indi dünya standartları səviyyəsindədir”. 
BP Azərbaycan şirkətinin prezidenti Rəşid Cavanşir demişdir: “Son dərəcə vacib olan bu layihə AÇG yatağının işlənməsinə başlanandan bəri ARDNŞ və ABƏŞ-in birgə həyata keçirdikləri böyük layihələrin uğurlu davamıdır. Layihə AÇG-nin indiyədək əldə etdiyi nailiyyətlər üzərində qurulacaq və bu nailiyyətlərdən ən əsası odur ki, hazırda yataq gündə təxminən 850000 barel neft verir və bunun nəticəsində də hər il bu ölkəyə milyardlarla dollar gəlir gətirir. Əminəm ki, bu yeni nəhəng sərmayə qoyuluşu qərarını verməklə fəxr edirik desəm, bütün ABƏŞ tərəfdaşlarının fikrini ifadə etmiş olaram, cünki bu qərarla biz bir daha Azərbaycanın gələcəyinə və bizim birgə uğurlarımızın gələcəyinə inamımızı təsdiq etmiş oluruq.” 

ÇNL işlənməsi ümumilikdə 360 milyon barel əlavə ehtiyatların çıxarılmasına imkan verəcək. Buna hazırda istismarda olan Fasilə kollektorları və eləcə də Fasilədən yuxarıdakı Balaxanı X, IX və VIII kollektorlarına yeni quyular quraşdırmaqla nail olunacaq. 

Layihənin ümumi dəyərinin təxminən 4 milyard dolları obyekt və qurğuların tikintisinə və öncə qazma proqramına, yerdə qalan hissəsi isə hasilat dövründə platformadan quyuların qazılmasına sərf ediləcək. 

AÇG-nin 15 il əvvəl başlanmış işlənməsinin davamı olan Çıraq Neft Layihəsindən ilk neft hasilatı 2013-cü ilin sonlarına planlaşdırılır. 

Redaktorlar üçün qeyd: AÇG-də iştirak payları: BP (operator – 34,1%), Şevron (10,2%), ARDNŞ (10%), İNPEKS (10%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), İTOÇU (3,9%), Hess (2,7%). 

1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) Azəri-Çıraq-Günəşli müqavilə sahəsinin 30 illik işlənməsini nəzərdə tutur. Azərbaycanda və dünyanın digər yerlərində “Əsrin müqaviləsi” kimi tanınan bu saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmuş və həmin il dekabrın 12-də qüvvəyə minmişdir. 
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) altı ölkədən olan beynəlxalq neft şirkətləri tərəfindən yaradılmışdır, bu şirkətlər ARDNŞ ilə birlikdə bu iri neft işlənməsi layihəsinin səhmdarlarıdır. 

Elə başlanğıcdan ABƏŞ-də fəaliyyət səviyyəsi son dərəcə yüksək olmuşdur. AÇG yatağı bir neçə mərhələdə işlənməkdədir: Çıraqdan İlkin Neft Layihəsinin bir hissəsi olaraq 1997-ci ildən neft hasil olunur. Bundan sonrakı mərhələ Azəri Faza 1 Layihəsi - Mərkəzi Azəridən hasilata 2005-ci ilin əvvəlində başlanmışdır. Növbəti mərhələlər Azəri Faza 2 layihəsi kimi Qərbi Azəri və Şərqi Azərini əhatə edir ki, bu layihələrdən ilk neft müvafiq olaraq 2006-cı ilin yanvarında və həmin ilin oktyabr ayında əldə edilmişdir. AÇG Faza 3 layihəsi kimi Dərinsulu Günəşlidən hasilat 2008-ci aprel ayında başlamışdır. 

AÇG yatağının işlənməsinin növbəti addımı Çıraq Neft Layihəsidir ki, bu layihə də hazırda tikinti mərhələsinə başlayır. Çıraq Neft Layihəsindən ilk neftin əldə olunması 2013-cü ilə planlaşdırılır. AÇG yatağından ümumi hasilatın gündə təxminən 1 milyon barel olacağı gözlənilir. 

Hesablanmışdır ki, potensial olaraq AÇG müqavilə sahəsindən ümumilikdə 5 milyard bareldən artıq neft çıxarılacaq və bu, dünya üzrə istənilən miqyasda çox nəhəng bir yataq deməkdir. Bu günədək AÇG yatağından təqribən 1.4 milyard barel (təqribən 188 milyon ton) neft hasil edilmişdir. 

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57