Çıraq platformasından İlkin Neft hasilatının 15 illiyi qeyd olundu

7 noyabr 2012

Azəri-Çıraq-Günəşlidən (AÇG) hasilata başlamış ilk platformadan - Çıraqdan, İlkin Neftin əldə olunmasının 15 illiyi tamam olur.

Bu gün Azəri-Çıraq-Günəşlidən (AÇG) hasilata başlamış ilk platformadan - Çıraqdan, İlkin Neftin əldə olunmasının 15 illiyi tamam olur. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 1997-ci il oktyabrın 27-də imzaladığı fərmana əsasən Xəzər dənizinin Azərbaycan sektorundakı AÇG yataqlarının birgə işlənməsi üçün ölkə tarixində ilk dəfə olaraq bağlanmış Hasilatının Pay Bölgüsü Sazişi (HPBS) çərçivəsində hasilatın başlanması 1997-ci il noyabrın 12-də rəsmi olaraq qeyd olunub.
AÇG-nin operatoru olan BP o vaxtdan bəri həmin yataqlarda 6 əlavə platforma (onlardan 4-ü hasilat platformasıdır) tikib və onları təhlükəsiz və etibarlı şəkildə istismar etməkdədir. Bu platformalardan indiyədək ümumilikdə 2.1 milyard bareldən artıq neft hasil edilib ki, bu da ilk növbədə Azərbaycan xalqının və AÇG tərəfdaşlarının, eləcə də regionun mənafeyinə xidmət edir. 

AÇG hasilatının ardınca dünya səviyyəli bir layihə olan və Azərbaycanı birbaşa dünya bazarları ilə bağlayan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri tikildi. BTC Azərbaycan, Gürcüstan və Türkiyə ilə Qərb arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə kömək etməklə bu ölkəyə və regiona əhəmiyyətli əlavə faydalar gətirməkdə davam edir. Bugünədək BTC boru kəməri vasitəsilə Azərbaycandan təqribən 1.552 milyon (təqribən 1.6 milyard) barel xam neft nəql edilib və bu neft 2013 tankerə yüklənərək dünya bazarlarına göndərilib. 

BP-nin əməliyyatlar üzrə vitse-prezidenti Mark Tomas deyir: “Azərbaycanın ilk sazişi çərçivəsində hasilatın başlanması hökumət tərəfindən qəbul edilmiş Neft Strategiyasının uğurlu icrasının başlandığını göstərən tarixi bir hadisə idi. AÇG üzrə İlk Neftin məhz ARDNŞ tərəfindən tikilmiş platformadan əldə edilməsi özlüyündə rəmzi bir məna kəsb edir, çünki bu, AÇG-nin bu vaxtadək etdiyi bütün işlərin və qazandığı uğurların arxasında dayanan iki əsas qüvvənin - davamlı tərəfdaşlığın və əməkdaşlığın – nə qədər əhəmiyyətli olduğunu bir daha əks etdirir.

Biz həqiqətən də qürur duyuruq ki, Çıraq platforması indiyədək 600 milyon bareldən artıq neft hasil edib ki, bu da AÇG-nin ümumi hasilatının təxminən üçdə biri qədərdir. Nəzərə almalıyıq ki, Çıraq ilkin olaraq 7 illik istismar üçün planlaşdırılmışdı, lakin peşəkar işçi heyətinin əla iş icrası və qətiyyəti sayəsində bu platforma hələ də AÇG layihəsinin yeni platformaları ilə yanaşı ən yüksək standartlara uyğun şəkildə istismardadır və gözlənilir ki, hələ uzun illər boyunca da işləyəcək.” 

AÇG layihəsinin bu vaxtadək gətirdiyi faydalardan bəziləri bunlardır:
  • qoyulmuş ümumi investisiya - 24.8 milyard dollar;
  • açılmış iş yerləri və milli kadrların inkişafı - daimi işçilər və podratçılar - 6000-dən çox, tikinti mərhələsi dövründə müvəqqəti iş yerləri - 12000-dən artıq;
  • sosial layihələr - BP və tərəfdaşlarının Azərbaycanda fəaliyyətə başladığı 1994-ci ildən bu ilin 3-cü rübünün sonunadək ümumi social xərclər - 56 milyon dollardan artıq, bunun da təqribən 30%-i (yəni 17 milyon dollardan artıq) ACG-nin payına düşur.
Əlavə məlumat üçün aşağıdakı şəxslərə müraciət edə bilərsiniz:

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlı.

Tel.:  994 (0) 12 599 4557