Dərinsulu Günəşli yatağında ilk üst modullar uğurla quraşdırılmışdır

27 iyul 2007

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) məmnunluqla bildirir ki, Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarının dərinsulu Günəşli hissəsində Faza 3 qazma, texniki təchizat və yaşayış (QTTY) platformasının üst modulları 26 iyul tarixində təhlükəsiz şəkildə dənizdə dayaq bloku üzərində oturdulmuşdur. 

Bundan əvvəl, iyulun 25-i 15.656 ton ağırlığında üst modullar Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsindən uğurla dənizə yola salınmışdı. 

Azəri-Çıraq-Günəşli Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları bunlardır: BP (operator – 34,1%), Şevron (10,3%), ARDNŞ (10%), İNPEKS (10%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), İtoçu (3,9%), Hess (2,7%). 

QTTY platformasının BDÖZ-da tikilmiş dayaq bloku da aprelin 9-da tikinti-quraşdırma sahəsindən dənizə yola salındı və iki gün sonra gəmidən Dərinsulu Günəşlidəki daimi yerində dayaq tavasını dəniz dibinə bərkidən dişli payalar üzərinə endirildi. Bu dayaq blokunun hündürlüyü təxminən 190 metrdir. 

QTTY platforması Günəşli yatağının dərinsulu hissəsində suyun 175 metr dərinliyində yerləşir. Günəşli yatağının dərinsulu hissəsindən ilk neftin 2008-ci ildə hasil olunması planlaşdırılır. Bu isə son nəticədə Azəri-Çıraq-Günəşli üzrə dəniz obyektlərinin gündəlik neft hasilatı gücünü ümumilikdə bir milyon bareldən artıq səviyyəyə qaldıracaq. 

Faza 3 çərçivəsində quraşdırılacaq sonuncu üst modullar texnoloji emal, kompressor, suvurma və texniki təchizat platformasının (TTKSTT) modullarıdır. Həmin üst modulların inşası təxminən 98% tamamlanmışdır və bu üst modulların dənizdə quraşdırılması 2007-ci ilin sentyabr ayında QTTY platformasının üst modullarının dənizdə quraşdırılması tam başa çatandan sonraya planlaşdırılır. 
BP-nin iri layihələr üzrə vitse-prezidenti Bryus Luberski demişdir: “Bu nailiyyət builki son dərəcə sıx iş planımızın yerinə yetirilməsi istiqamətində atılmış mühüm bir addımdır. Biz artıq borudüzən barjın əsaslı təmirini, Dərinsulu Günəşli yatağında Faza 3 layihəsi çərçivəsində şimal və cənub sualtı manifoldlarının və texnoloji emal, kompressor, suvurma və texniki təchizat platformasının dayaq blokunun quraşdırılmasını tamamlamışıq. İndi isə sentyabr ayında sonuncu üst modulların eyni dərəcədə təhlükəsiz və uğurlu şəkildə dənizdə quraşdırılmasını gözləyirik, eyni zamanda, Mərkəzi Azəri platformasında qazın və suyun idarə olunması həcmlərinin artırılması üçün geniş miqyaslı modifikasiyaların yerinə yetirilməsinə hazırlaşırıq. Bundan əlavə, lay suyunun utilizasiyası üzrə boru kəmərlərini çəkməyi planlaşdırırıq. 

Bütün bu fəaliyyətlərdə əsas prioritetimiz işçilərimizin təhlükəsizliyidir, ona görə də son dərəcə məmnunuq ki, üst modulların dənizdə quraşdırılması işlərində əməyin təhlükəsizliyi üzrə gözəl nəticələrə nail olunub. Fəxr edirik ki, bu işlərin hamısı BP-nin yüksək əməyin təhlükəsizliyi standartları ilə həyata keçirilib, insanlara heç bir xəsarət yetirilməyib. Layihə qrupumuz və podratçılarımız bir daha əməyin təhlükəsizliyi üzrə BP-nin və tərəfdaşlarımızın ən sərt tələblərinə uyğun işləməyə can atdıqlarını nümayiş etdirirlər. Bundan da məmnunuq ki, quraşdırma və yığma işləri yerli infrastrukturdan maksimum istifadə etmişdir, bu da bizə işlərimizdə yerli ehtiyatlardan istifadə olunmasını əsaslı şəkildə artırmağa imkan vermişdir”. 

Maraqlananlar üçün fotoşəkillər var. 
Redaktorlar üçün qeydlər: 
AÇG Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1994-cü ilin sentyabrında imzalanmışdır və Azəri-Çıraq-Günəşli müqavilə sahəsinin 30 illik işlənməsini əhatə edir. Hesablanmışdır ki, bu HPBS dövründə 5,4 milyard barel neft hasil ediləcək. Bu yataq bir neçə mərhələdə işlənməkdədir: Çıraqdan İlkin Neft Layihəsinin (İNL) bir hissəsi olaraq 1997-ci ildən neft hasil olunur. Bundan sonrakı mərhələ Azəri Faza 1 layihəsi idi – Mərkəzi Azəri hasilata 2005-ci ilin əvvəlində başlamışdır. Növbəti mərhələlər Azəri Faza 2 layihəsi kimi 2006-cı ildə hasilata başlamış Qərbi Azərini və 2006-cı ilin oktyabr ayında istismara verilmiş Şərqi Azərini əhatə edib. AÇG Faza 3 – Dərinsulu Günəşli layihəsi üzrə isə tikinti işləri gedir və onun 2008-ci ildə hasilata başlaması gözlənilir. 


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: +994 (0) 12 599 45 57