Xəzər dənizindəki Dərinsulu Günəşli yatağından neft hasilatına qrafik üzrə başlanır

22 aprel

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) operatoru olan BP bu gün Dərinsulu Günəşli (DSG) platforma kompleksindən neft hasilatına planlaşdırıldığı kimi başlandığını elan etdi. DSG kompleksinin işə salınması Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli (AÇG) yatağının tammiqyaslı işlənməsinin üçüncü fazasını başa çatdırır. 

AÇG üzrə iştirak payları: BP (operator – 34,1%), Şevron (10,2%), ARDNŞ (10%), İNPEKS (10%), StatoylHaydro (8,6%), EksonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), İTOÇU (3,9%), Hess (2,7%).

DSG kompleksi Günəşli yatağının şərqində, suyun dərinliyinin 175 metr olduğu ərazidə yerləşir. Bu kompleks iki platformadan – qazma və hasilat platforması və ona körpü ilə birləşdirilmiş suvurma və qaz kompressor platformasından ibarətdir. 

Platforma qazmasına başlanana qədər hasilat 2008-ci il ərzində digər öncə qazma quyuları istifadəyə verildikcə artacaq. Ən yüksək sabit hasilat dövründə DSG kompleksində hər gün təxminən 320.000 barel neft hasil olunacaq ki, bu da Çıraq-1, Şərqi Azəri, Qərbi Azəri və Mərkəzi Azəri daxil olmaqla ümumilikdə AÇG hasilatını gündəlik 1.000.000 bareldən yüksək səviyyəyə çatdıracaq. 

BP-nin Azərbaycandakı prezidenti Bill Şreyder dedi: “DSG kompleksinin işə salınması hamımızın fəxr edə biləcəyi bir nailiyyətdir. Bu nailiyyət AÇG yatağının işlənilməsi layihəsinin qrafikə uyğun həyata keçirilməsində əldə etdiyimiz yüksək göstəriciləri əks etdirir. Mən əksəriyyəti Azərbaycandan olan, bu kompleksin dayaq bloklarını və üst modullarını inşa etmiş minlərlə insana son üç ildə göstərdikləri fədakarlığa və sanballı iş icrasına görə təşəkkür etmək istərdim. Mən bu böyük nailiyyət münasibəti ilə eləcə də hökuməti, tərəfdaşlarımızı, işçiləri, bütün podratçıları və təchizatçıları təbrik etmək istərdim”. 


Redaktorlar üçün qeyd: 
  • DSG kompleksi 48 quyu gövdəsinə malik bir qazma, texniki təchizat və yaşayış platformasından (QTTY) və bir texnoloji emal, qaz kompessoru, suvurma və texniki təchizat (TEKSTT) platformasından ibarətdir. Hasil edilən məhsul bu kompleksi Azəri yatağında yerləşən əvvəlcədən quraşdırılmış sualtı boru kəmərləri şəbəkəsinə birləşdirən 30 düymlük iki neft kəməri və 28 düymlük tək qaz kəməri ilə qurudakı Səngəçal terminalına nəql edilir. Bundan əlavə, AÇG layihəsinin qalan hissəsindən fərqli olaraq, DSG işlənməsində iki sualtı suvurma manifoldu, dörd suvurma təchizatı axın xətti və eləcə də müvafiq nəzarət kabelləri quraşdırılmışdır.
  • DSG-dən gələn neft qurudakı Səngəçal terminalındakı iki yeni neft sabitləşdirici texnoloji emal aqreqatında texnoloji emal olunacaq. DSG-dən hasil olunan səmt qazının platformanın yanacaq ehtiyatları üçün istifadə edilən hissəsindən qalanı mövcud sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına nəql ediləcək və buradan ölkə daxilində istifadə üçün Azəriqaz sisteminə təhvil veriləcək.
  • AÇG üzrə hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1994-cü ilin sentyabrında imzalanmışdır, Azəri-Çıraq-Günəşli müqavilə sahəsinin 30 illik işlənməsini nəzərdə tutur. Bu yataq bir neçə mərhələ üzrə işlənmişdir: İlkin Neft Layihəsinin (İNL) bir hissəsi olaraq Çıraqdan neft 1997-ci ildən hasil olunur. Bundan sonra Azəri Faza 1 Layihəsi gəlir – Mərkəzi Azəridən hasilata 2005-ci ilin əvvəlində başlanıb. Faza 2-yə 2006-cı ilin yanvarında hasilata başlayan Qərbi Azəri və hasilata 2006-cı ilin oktyabrında başlayan Şərqi Azəri daxil idi. AÇG yataqlarının işlənməsinin Faza 3 (Dərinsulu Günəşli) üzrə hasilata 2008-ci ilin aprelində başlamışdır.
Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57