BP-nin Enerji Perspektivlərinə Baxışı-2035: Artan qaz həcmləri və dəyişən enerji axınları

17 fevral 2015

Qlobal enerji bazarlarının son vaxtlar kəskin zəifləməsinə baxmayaraq, Asiyada, xüsusən də Çində və Hindistanda iqtisadiyyatın davamlı genişlənməsi növbəti 20 il ərzində dünyanın enerjiyə olan tələbatının davamlı artmasına təkan verəcək. “BP-nin Enerji Perspektivlərinə Baxışı – 2035” nəşrinin yeni buraxılışına əsasən dünyada enerjiyə olan tələbatın 2013-cü ildən 2035-ci ilə qədər 37% artması və bu artımın ildə orta hesabla 1,4% təşkil etməsi gözlənilir.

Enerji Perspektivlərinə Baxış hesabatı uzunmüddətli enerji tendensiyalarına nəzər salır və növbəti iyirmi il üçün dünyadakı enerji bazarları üçün proqnozlar verir. Bu gün Londonda BP Qrupunun baş iqtisadçısı Spenser Deyl və Qrupun baş icraçı direktoru Bob Dadli tərəfindən hesabatın yeni buraxılışının təqdimatı olub.

Spenser Deyl dedi: “Üç il yüksək və sabit kimi görünən neft qiymətlərinin son aylarda baş verən enişi enerji bazarlarında normanın davamlı dəyişdiyini bir daha bizə xatırlatmış oldu. Növbəti 20 il ərzində enerji sektorunu formalaşdıra biləcək təchizat və tələbatdakı uzunmüddətli tendensiyaları aşkar etmək üçün qısamüddətli dəyişkənliyə nəzər salmağımız və beləliklə də həm sənayenin, həm də siyasəti müəyyənləşdirən dairələrin qarşılaşacağı əsaslandırılmış strateji seçimlər etməyə yardım etməyimiz mühüm əhəmiyyət kəsb edir.

ABŞ-da şist nefti artır

Enerji Perspektivlərinə Baxış hesabatında verilmiş proqnoza əsasən neftə olan tələbat 2035-ci ilə qədər hər il təxminən 0,8% artacaq. Artan tələbat bütövlüklə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) üzvü olmayan ölkələrdən gəlir; İƏİT-yə üzv ölkələrdə neft istehlakı 2005-ci ildə pik həddə çatıb və 2035-ci ilə qədər bunun 1986-ci ildən bu vaxtadək müşahidə edilməmiş səviyyələrə qədər enəcəyi gözlənilir. 2035-ci ilə qədər Çinin dünyada ən böyük vahid neft istehlakçısı kimi ABŞ-ı ötəcəyi ehtimal edilir.

Əsasən ABŞ-da şist neftinin hasilatındakı güclü artımdan irəli gələn neft bazarının hazırda zəifləməsinin bir neçə il davam edəcəyi ehtimal olunur. 2014-cü ildə şist neftinin hasilatı ABŞ-dakı neft hasilatının həcmini gündə 1,5 milyon barel artırıb və bu da ABŞ-ın tarixində bir il ərzində baş vermiş ən böyük artımdır. Lakin, daha sonra şist neftinin artması çox güman ki zəifləyəcək və Yaxın Şərqdəki hasilat yenidən özünə yer edəcək.

Bu vaxta qədər, məsələn 2005-ci ildə olduğu kimi öz ümumi tələbatının 60%-ni idxal edən ABŞ çox güman ki, 2030-cu illərə qədər öz neft tələbatını özü tam ödəyəcək.

Qaza tələbatın sürətlə artması; kömürə tələbatın azalması

2035-ci ilə qədər olan müddət ərzində mədən yanacaqları arasında ən sürətli artım təbii qaza olan tələbatda müşahidə ediləcək və bu artım Asiyadakı tələbatdan irəli gəlməklə ildə 1,9% təşkil edəcək.

Artan tələbatın yarısı ənənəvi qaz hasilatının (əsasən Rusiya və Yaxın Şərq) artması hesabına və təxminən yarısı isə şist qazı hesabına qarşılanacaq. Demək olaraq ki, hazırda bütün dünyanın şist qazı üzrə təchizatını təmin edən Şimal Amerika 2035-ci ilə qədər ümumi həcmin təxminən dördə üçünü hələdə hasil edəcək.

Kömür Çindəki tələbatdan irəli gələrək ötən on il ərzində mədən yanacaqları arasında ən sürətlə artan yanacaq növlərindən biri olub. Lakin Enerji Perspektivlərinə Baxış hesabatında növbəti 20 il ərzində kömürün neftdən azca aşağı tempdə olmaqla ildə 0,8% artım təşkil edəcəyi və ən asta sürətlə artan mədən yanacağı olacağı proqnozlaşdırılır. Bu dəyişikliyə üç amil təsir göstərir: Çində zəif və nisbətən az enerji tələb edən artım; normativ tənzimləmənin və siyasətin həm ABŞ-da, həm də Çində kömürdən istifadəyə təsiri; və qaz təchizatının yüksək olması nəticəsində kömürün enerji istehsalından sıxışdırılıb çıxarılması.

Mayeləşdirilmiş təbii qazın (LNG) artması, alqı-satqıda üstün mövqeyə yiyələnməsi

Qaza tələbat artdıqca, regionlarda onun alqı-satqısı da artacaq və 2020-ci illərin əvvəllərinə qədər Asiya-Sakit Okean regionu ən böyük xalis qaz idxal edən region kimi Avropanı üstələyəcək. Şist qazın davamlı surətdə artması həm də onu göstərir ki, növbəti bir neçə ildə Şimali Amerika qazın xalis idxalatçısından xalis ixracatçısına çevriləcək.

Satılan qaz həcmindəki artımın böyük əksəriyyəti LNG həcmlərinin təchizatını artırmaqla qarşılanacaq. LNG hasilatı bu onilliyin qalan hissəsi ərzində kəskin artım nümayiş etdirəcək və 2020-ci ilə qədər olan müddətdə təchizat həcmi ildə demək olar ki 8% artacaq.   Bu həm də onu göstərir ki, 2035-ci ilə qədər LNG satılan qazın əsas növü kimi boru kəməri həcmlərini üstələyəcək.
LNG-nin alqı-satqısının artması bazarlara həm də digər təsirlər də göstərəcək. Vaxt keçdikcə bunun, dünyada daha əlaqəli və inteqrasiya edilmiş qaz bazarlarına və qiymətlərinə gətirib çıxaracağını gözləmək olar. Həmçinin bu, çox güman ki, Avropa və Çin kimi istehlakçı regionlara qaz təchizatında əhəmiyyətli dərəcədə daha böyük müxtəliflik təmin edəcək.

Enerjinin şərqə axını

Bu il xalis ixracatçıya çevriləcəyi gözlənilən Şimali Amerikanın öz enerji tələbatını tam qarşılamasının və LNG alqı-satqısının artmasının həm də müəyyən vaxt ərzində qlobal enerji axınlarına fundamental təsirlər göstərəcəyi gözlənilir.

ABŞ-da neft və qaz təchizatının artması və enerji səmərəliliyinin təkmilləşməsi və artımın nisbətən aşağı tempdə olması səbəbindən ABŞ və Avropada tələbatın daha aşağı olması Asiyada güclü iqtisadi artımın davam etməsi fonunda enerji axınlarının getdikcə qərbdən şərqə doğru istiqamətlənməsinə gətirəcək.

Karbon emissiyalarında artımın davam etməsi

Enerji Perspektivlərinə Baxış hesabatında həmçinin enerji bazarları üzrə proqnozlara və karbonla bağlı siyasətlərin güman edilən təkmilləşməsinə əsasən 2035-ci ilə qədər qlobal CO2 emissiyaları da nəzərdən keçirilir. Oradakı proqnozlar emissiyaların 2035-ci ilə qədər ildə 1% artacağını və artımın bu müddət ərzində 25%-dən çox olacağını göstərir. Bu artımın mütəxəssislər tərəfindən tövsiyə olunan (məsələn Beynəlxalq Enerji Agentliyinin “450 Scenario” sənədində verildiyi kimi) trayektoriyadan daha yüksək olacağı proqnozlaşdırılır.

Karbon emissiyalarının daha da azalması üçün siyasəti formalaşdıran dairələrin artıq nəzərdə tutulduğundan da əlavə əhəmiyyətli tədbirlər görməsi tələb olunacaq və Enerji Perspektivlərinə Baxış hesabatında mümkün variantlar üzrə müqayisəli məlumatlar və onların emissiyalara əlaqədar təsirləri qeyd edilir. Lakin, variantlardan heç birinin özü-özlüyündə kifayət etməyəcəyini nəzərə alaraq, çoxsaylı variantlar həyata keçirilməli olacaq. Bu, siyasəti formalaşdıran dairələrin gördüyü tədbirlərin əhəmiyyətini vurğulayaraq onu göstərir ki, həmin tədbirlər dünyada artan enerji tələbatının qarşılanmasında hər bir kəsin üzərinə düşən vəzifəni dayanıqlı şəkildə yerinə yetirməsini stimullaşdırmaq üçün karbon üzrə qlobal qiymətlərin əhatəli olmasına imkan yaratmalıdır.

Enerji Perspektivlərinə Baxış sənədinə dair şərh verən Bob Dadli yekunda bildirdi: “Enerji sektoru çox vaxt on illərlə davam edən strategiyalar və investisiyalarla işləyir. Ona görə də, bu uzun müddət ərzində bazarlarımızı formalaşdıran əsas tendensiyalar və dinamikalara əsaslı baxış vacib əhəmiyyət kəsb edir və məhz buna görə də Enerji Perspektivlərinə Baxış hesabatı bu qədər əhəmiyyətlidir.”

Redaktorlar üçün qeydlər:

  • “BP-nin Enerji Perspektivlərinə Baxışı – 2035” hesabatının yeni buraxılışı 17 fevral 2015-ci il tarixində saat 15:00 (GMT) buraxılacaq
  • Enerji Perspektivlərinə Baxış hesabatını yaxud ölkə və regionlar üzrə əlavə baxışları yükləmək və video yaxud animasiya kimi digər materiallara nəzər salmaq üçün www.bp.com/energyoutlook ünvanına daxil olun.
Əlavə məlumat üçün BP-nin Londondakı mətbuat xidmətinə müraciət edin: +44 (0)20 7496 4076, bppress@bp.com