Faza 3 qazma modulları və yaşayış blokları Bakıya çatdırılmışdır

21 iyun 2006

Аzərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) məmnunluq hissi ilə bildirir ki, Dərinsulu Günəşli – Faza 3 qazma, texnoloji təchizat və yaşayış platformasının (QTTY) Niderlandda və İsveçdə inşa edilmiş qazma modulları və yaşayış blokları artıq həmin ölkələrdən Bakıya çatdırılmışdır. 
ABƏŞ-in qazma modullarının quraşdırılması üzrə podratçısı Merkon Still Strakçəz şirkəti bu modulların Niderlandda quraşdırılmasına 2004-cü il sentyabrın sonunda, AÇG Faza 3 layihəsinə sanksiya veriləndən sonra başlamışdı. İnşaat işləri 2006-cı ilin martında tamamlanmış və qazma modulları barjlara yüklənərək Xəzər dənizinə Rusiyanın kanal marşrutu ilə daşınmışdır. 

Qazma buruğu da daxil olmaqla bu modulların ümumi quru çəkisi təxminən 3.700 tondur. Qazma, texnoloji təchizat və yaşayış platforması üçün qazma modulları üç əsas tərkib hissəsindən ibarətdir: yardımçı qazma modulu, qazma avadanlığı komplekti və qazma buruğu. Bu modullar qazma, texnoloji təchizat və yaşayış platformasının bütün istismar müddəti ərzində 48 quyu gövdəsindən qazma əməliyyatını təmin etmək üçün layihələşdirilmişdir. 

Qazma, texnoloji təchizat və yaşayış platforması üçün yaşayış bloku modulları, helikopter meydançası da daxil olmaqla, ABƏŞ-in platformalar üçün yaşayış bloklarının mühəndis-layihə, tədarük, tikinti və istismar sınaqları üzrə podratçısı Farmadul Emtunqa tərəfindən İsveçdə inşa edilmişdir. Onlar Bakıya üç daşıma barjı ilə gətirilmişdir.

Qazma, texnoloji təchizat və yaşayış platformasının yaşayış bloku ümumilikdə 48 mini moduldan quraşdırılacaq. Yaşayış modulları elə layihələşdirilmişdir ki, dənizdə platformanın montaj və quraşdırma işləri aparılan zaman üç yüz çarpayılıq yaşayış yeri təmin etsin. Sonralar isə platformanın istismar müddəti ərzində bu yaşayış bloku iki yüz çarpayılıq bir modula çevriləcək. 

Həm qazma modulları, həm də yaşayış blokları hazırda Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun platformanın üst modulları inşa olunan sahəsində boşaldılır. Bu modulların birləşmiş göyərtə üzərinə quraşdırılmasını qarşıdan gələn aylarda platformanın üst modullarının quraşdırılması üzrə ABƏŞ-in podratçısı olan MakDermott Kaspian Kontraktors İnk. şirkəti yerinə yetirəcək. 
Azəri-Çıraq-Günəşli Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları bunlardır: BP (operator – 34,1%), Şevron (10,3%), ARDNŞ (10%), İNPEKS (10%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), İtoçu (3,9%), Amerada Hess (2,7%).

Redaktorlar üçün qeydlər: 
AÇG Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1994-cü ilin sentyabrında imzalanmışdır və Azəri-Çıraq-Günəşli müqavilə sahəsinin 30 illik işlənməsini əhatə edir. Hesablanmışdır ki, bu HPBS dövründə 5,4 milyard barel neft hasil ediləcək. Bu yataq bir neçə mərhələdə işlənməkdədir: Çıraqdan İlkin Neft Layihəsinin (İNL) bir hissəsi olaraq 1997-ci ildən neft hasil olunur. Bundan sonrakı mərhələ Azəri Faza 1 layihəsi idi – Mərkəzi Azəri hasilata 2005-ci ilin əvvəlində başlamışdır. Növbəti mərhələlər Azəri Faza 2 layihəsi kimi 2006-cı ilin əvvəlində hasilata başlamış Qərbi Azərini və istismara verilməsi 2007-ci ilin əvvəlinə planlaşdırılmış Şərqi Azərini əhatə edir. AÇG Faza 3 – Dərinsulu Günəşli layihəsi üzrə isə artıq tikinti işləri gedir və onun 2008-ci ildə hasilata başlaması gözlənilir. 

Maraqlananlar üçün fotoşəkillər var


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: +994 (0) 12 599 45 57