Bakı 2015 Avropa Oyunları və BP şirkəti Oyunlar Akademiyası məzunlarının buraxılışını qeyd edir

30 iyun 2015

Bu gün Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) BP şirkəti ilə birlikdə BEGOC tərəfindən təşkil edilmiş birillik təlim proqramını tam başa vurmuş Azərbaycandan və Avropanın müxtəlif ölkələrindən olan 188 nəfər universitet məzununa Oyunlar Akademiyasının sertifikatlarını təqdim edib.

BP Oyunlar Akademiyası təşəbbüsünün eksklüziv rəsmi tərəfdaşıdır. Bu innovativ təlim proqramının məqsədi tədbirlərin idarə olunması sahəsində yerli kadrlar yetişdirməklə Azərbaycanda peşəkar bacarıqların davamlı irsinin yaradılmasını dəstəkləməkdir.

2014-cü ilin iyul ayında proqram çərçivəsində 162 Azərbaycanlı və 26 beynəlxalq yüksək potensiallı universitet məzunu seçilib, onlara çoxsaylı idman növlərini əhatə edən mötəbər tədbirlərin səmərəli təşkili üzrə hazırlıq keçilib və gələcək karyeralarında kömək olacaq səriştələri inkişaf etdirilib.

Məzun Təkmilləşdirmə Proqramı ilk Avropa Oyunlarının uğurla həyata keçirilməsi üçün tələb olunan mühüm səriştə və biliklərə hədəflənmiş altı təlim modulundan ibarət olub. Təlim boyu bütün iştirakçıların işdə səriştələrə yiyələnməsi prosesini davam etdirmək üçün təcrübəli beynəlxalq heyət üzvləri, o cümlədən müxtəlif ixtisas sahələrində təcrübəyə malik ekspertlər onlara təlim keçib. 

İştirakçılara həmçinin Oyunların planlaşdırılması mərhələsində və məşqlərdə əməliyyatlarla bağlı vəzifələri yerinə yetirməklə əməli təcrübə əldə etmək imkanı verilib. Bundan əlavə, digər mötəbər idman tədbirlərində də təcrübə qazanmaq imkanı yaradılıb.

Bu gün Bakıda sertifikatların təqdim edilməsi mərasimində çıxış edən BP-nin regional vitse-prezidenti İan Saderlənd dedi: “BP şirkəti peşəkar bacarıqların yaradılmasına yönəlmiş bu mühüm təşəbbüsün bir hissəsi olmaqdan məmnunluq duyur və biz əminik ki, bu təşəbbüs Azərbaycanın gələcək idman tədbirlərinə ev sahibliyi etmək planlarını dəstəkləyən davamlı irs qoyacaq. Hesab edirik ki, ilk Avropa Oyunlarının uğuru bütün gözləntilərdən daha üstün oldu və mən Oyunlar Akademiyası iştirakçılarının öz səylərini bütün Oyunlar Ailəsinin səyləri ilə birləşdirərək bu uğura verdiyi töhfəni alqışlayıram.

BP şirkəti olaraq biz bu Oyunlara hazırlıq işlərinin bir sıra mərhələlərinə cəlb olunduq. Biz Bakı Oyunlarının rəsmi neft və qaz tərəfdaşı idik və bu, bizim 2012-ci ildə Londonda keçirilmiş Olimpiya və Paralimpiya Oyunları ilə tərəfdaşlıq təcrübəmizə əsaslanırdı. Bundan əlavə, biz ən qabaqcıl Azərbaycan Olimpiyaçıları və Paralimpiyaçılarına sponsorluq edərək məşqçiləri ilə birlikdə onları elit idmançıların yetişdirilməsi üzrə “Michael Johnson Performance” mərkəzinin təlimləri ilə təmin etdik. Biz həm də ölkənin gələcəkdə dünya səviyyəli tədbirlər keçirmək potensialını artırmaq üçün Oyunlar Akademiyasını dəstəklədik. Biz BP-nin idman elçiləri seçilmiş idmançıların və Oyunlar Akademiyası məzunlarının əldə etdiyi nailiyyətləri görməkdən qürur duyuruq və ölkənin həm Oyunların ev sahibi, həm də bu idman yarışlarının iştirakçısı kimi qazandığı belə böyük nailiyyətin həyəcanını bölüşürük.”

Əlavə məlumat üçün BP-nin Bakı ofisinin mətbuat xidmətində Tamam Bayatlıya müraciət  edə bilərsiniz. Tel.: 994 (0) 12 599 4557