Kənd təsərrüfatının inkişafına yönəlmiş yeni davamlı inkişaf təşəbbüsü

21 noyabr 2011

BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları bu gün BTC və CQBK boyunca yaşayan icmalara dəstək məqsədilə mühüm bir davamlı inkişaf təşəbbüsünə başladıqlarını elan etdilər. Layihənin məqsədi kənd təsərrüfatı sektorunda çalışan icma üzvləri üçün davamlı gəlir imkanları yaratmaq, onları lazımi bacarıq və vərdişlərlə təmin etməkdir. 

Proqrama 132 istixana təsərrüfatı, bir çörəkbişirmə müəssisəsi və arı pətəkləri, qutular və avadanlıq da daxil olmaqla 96 arıçılıq təsərrüfatının yaradılması daxildir. Layihə həmçinin bu müəssisə və təsərrüfatların dayanıqlı olması üçün onların idarə olunmasına tələb olunan bilik və bacarıqların da ötürülməsini təmin edəcək. Gözlənilir ki, layihə əlavə bazarların açılması, yeni iş imkanlarının yaradılması, özünü-təminetmə imkanlarının genişləndirilməsi, benefisiarların texniki biznes bacarıqlarının gücləndirilməsi, biomüxtəlifliyə dəstək də daxil olmaqla ətraf mühitin qorunması səylərinə kömək edəcək. Layihənin komponentlərinin eyni icmadan olan digər üzvlər, həmçinin digər icmaların nümayəndələri tərəfindən yenidən istifadə olunmasına da imkan veriləcək. 

Layihəni yerli qeyri-hökumət təşkilatı olan Gəncə Aqrobiznes Assosiasiyası (GABA) Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıqda həyata keçirəcək. BP və onun tərəfdaşlarının layihəyə ayırdığı məbləğ 800,000 dollar təşkil edir. Layihənin əhatə etdiyi icmalar özləri əlavə təqribən 230,000 dollar və layihəni həyata keçirən “QABA” qeyri-hökumət təşkilatı isə 14,000 dollar təmin edəcəklər. 
Azərbaycan Dövlət Aqrar Universiteti layihənin təlim komponenti ilə bağlı işlərə cəlb olunacaq, istixana və arıçılıq təsərrüfatları üzrə təlimlər universitetin mütəxəssisləri tərəfindən aparılacaq. Layihənin həyata keçirilmə müddəti iki ildir (noyabr 2011 – noyabr 2013).

BP-nin vitse-prezidenti Seymur Xəlilov deyir: “BP və onun tərəfdaşları bütün qonşu icmalarımızla sıx işləyərək inkişaf imkanları yaradılması və bu imkanların dayanıqlı olmasını təmin edə biləcək bilik və bacarıqların əldə olunmasında onlara dəstək vermək öhdəliyinə sadiqdirlər. Bu gün başladığımız təşəbbüs öhdəliyimizin hər iki məqsədini özündə birləşdirir. Layihə hiss edilən faydalar yaradacaq mühüm aqrar biznes imkanlarını təmin etməklə bərabər, bu imkanların davamlı olması üçün əsas şərt olan bilik və bacarıqların ötürülməsini də təmin edəcək. Mən layihəni həyata keçirəcək “QABA” yerli qeyri-hökumət təşkilatına və Azərbaycan Dövlət Aqrar Universitetinə bu çox vacib təşəbbüsdə bizimlə əməkdaşlıq etdiklərinə görə təşəkkür edirəm”. 
Redaktorlar üçün qeydlər:

Bizim Xəzərdəki layihələrimizin uğuru həm də yerli əhali üçün hiss edilən faydalar yaratmaq bacarığımızdan asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları irimiqyaslı davamlı inkişaf təşəbbüsləri həyata keçirir. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir. 

2011-ci ilin ilk üç rübü ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda 3 milyon dollar xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər. 

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57