Kompressor və suvurma platformasından ilk qaz laya vuruldu

26 may 2006

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) məmnunluqla bildirir ki, Mərkəzi Azəri Kompleksindən laya ilk qaz vurulmağa başlanmışdır. 
Kompressor və Suvurma Platforması (KvəSP) Mərkəzi Azəri hasilat, qazma və yaşayış platformasında (MA HQY) bu yaxınlarda tamamlanmış 13-cü quyu vasitəsilə Fasilə layına bir gündə 35 milyon standart kubfut qaz vurmaqla mayın 24-də səhər saat 9:40-da işə salınmışdır. 

13-cü quyuya vurulan qazın həcmi indi gündəlik təxminən 100 milyon standart kubfuta qaldırılmışdır və 2008-ci ilə qədər qalan beş qazvurma quyusu tamamlandıqca və qaz sisteminə birləşdirildikcə laya vurulan qazın həcmi gündəlik ümumilikdə maksimum 1 milyard standart kubfuta çatacaq. 

Azəri-Çıraq-Günəşli Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları bunlardır: BP (operator – 34,1%), Şevron (10,3%), ARDNŞ (10%), İNPEKS (10%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), İtoçu (3,9%), Amerada Hess (2,7%). 

KvəSP tamamilə Bakı yaxınlığındakı Amek-Tekfen-Azfen (üst modullar) və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (dayaq bloku) tikinti-quraşdırma sahələrində inşa olunmuş dünya səviyyəli bir obyektdir. 

KvəSP platforması Mərkəzi, Qərbi və Şərqi Azəri platformalarına gələcək hasilat əməliyyatları üçün zəruri olan suvurma və qazvurma xidmətlərini təmin etmək üçün layihələşdirilmişdir. Bu məqsədlə Azəri yatağının işlənməsi ərzində ümumilikdə maksimum 6 qazvurma quyusundan, 72 suvurma quyusundan və yan lülə quyularından istifadə olunacaq. 

Bu platformanın həmçinin səmt qazının nəqli ilə bağlı əməliyyatları da idarə etmək və elektrik enerjisi təmin etmək imkanı var. 

Platformanın suvurma, qazvurma və ixrac imkanları aşağıda göstərilən kimidir: 

Qazvurma: altı qazvurma quyusundan istifadə etməklə gündəlik 1 milyard standart kubfut (təxminən 29 milyon kubmetr) 
Suvurma: 12 suvurma quyusundan istifadə etməklə gündəlik 1 milyon barel
Qaz ixracı: gündəlik 250 milyon standart kubfut (7 milyon kubmetr) 
MA HQY platformasına körpü ilə birləşdirilmiş KvəSP platformasının dənizdə istismar sınaqlarına keçən yay, 14 000 ton ağırlığında üst modullarının iyulda təhlükəsiz şəkildə və uğurla dayaq bloku üzərinə qoyulmasından sonra başlanmışdı. 

BP-nin AÇG layihəsi üzrə vitse-prezidenti Bryus Luberski demişdir: “Biz Xəzərdə ilk olan daha bir obyekti işə salmaqdan məmnunuq. Bundan əlavə, nəzərə alsaq ki, dünyada bu miqyasda birləşdirilmiş xidmətləri təmin etmək qabiliyyətinə malik və ümumilikdə bu miqdarda və həcmdə avadanlıqları özündə birləşdirən başqa bir platforma yoxdur, biz həmçinin öz platformamızın sənayedə birinci olması ilə də fəxr edirik. Bu, elə bir nadir qurğudur ki, özü neft hasil etməsə də, onsuz neftin 30%-i yataqda qala bilərdi. Əminik ki, bu platforma ilə Azərbaycan xalqının və tərəfdaşlarımızın mənfəəti üçün AÇG yatağından mümkün olan qədər çox neft çıxara biləcəyik. Mən fürsətdən istifadə edərək AÇG layihə və istismar əməliyyatları qruplarına təşəkkür edirəm, onların birgə əməyi bizə Xəzərdə daha bir dünya səviyyəli obyektin işə salınmasını qeyd etməyə imkan verib”. 

Maraqlananlar üçün fotoşəkillər var. 
Redaktorlar üçün qeydlər: AÇG Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1994-cü ilin sentyabrında imzalanmışdır və Azəri-Çıraq-Günəşli müqavilə sahəsinin 30 illik işlənməsini əhatə edir. Hesablanmışdır ki, bu HPBS dövründə 5,4 milyard barel neft ehtiyatı hasil ediləcək. Bu yataq bir neçə mərhələdə işlənməkdədir: Çıraqdan İlkin Neft Layihəsinin bir hissəsi olaraq 1997-ci ildən neft hasil olunur. Bundan sonrakı mərhələ Azəri Faza 1 layihəsi idi – Mərkəzi Azəri hasilata 2005-ci ilin əvvəlində başlamışdır. Növbəti mərhələlər Azəri Faza 2 layihəsi kimi 2006-cı ildə hasilata başlamış Qərbi Azərini və istismara verilməsi 2007-ci ilə planlaşdırılmış Şərqi Azərini əhatə edir. AÇG Faza 3 – Dərinsulu Günəşli layihəsinə artıq sanksiya verilmişdir və onun hasilata başlaması 2008-ci ilə gözlənilir. 


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: +994 (0) 12 599 45 57