Layihələri İdarəetmə Məktəbi məzunların ikinci buraxılışını qeyd edir

10 iyun 2013

BP-nin Bakıdakı ofisində keçirdiyi tədbirdə bir sıra sektorları, o cümlədən neft və qaz, hökumət, layihələndirmə və tikinti, dəniz və geologiya, təhsil, bank və maliyyə, telekommunikasiya və digər sektorları təmsil edən 52 nəfər məzuna Layihələri İdarəetmə ixtisası üzrə beynəlxalq Magistr Sertifikatı təqdim olunub.

BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşlarının birlikdə təsis etdiyi və maliyyələşdirdiyi Layihələri İdarəetmə Məktəbi (LİM) bu gün məzunların ikinci buraxılışını qeyd edir. 

2011-ci ildə fəaliyyətə başladığı vaxtdan LİM özəl və dövlət sektoruna aid 96 təşkilatdan 205 mütəxəssisə uğurla təlim keçib. Həmin məzunların 103 nəfəri Corc Vaşinqton Universitetinin Magistr və 102 nəfəri isə Bakalavr sertifikatını alıb. LİM layihələri idarəetmə üzrə beynəlxalq səviyyədə qəbul olunmuş xüsusi tədris proqramından istifadə edir və bu proqram artıq ingilis dili ilə yanaşı, Azərbaycan dilində də mövcuddur. Ötən iki il ərzində Layihələri İdarəetmə Məktəbinin digər bir mühüm nailiyyəti də ondan ibarət olub ki, o, “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi” çərçivəsində müxtəlif nazirliklərdən olan 30 nəfər nümayəndədən ibarət bir qrupa təlim keçmək üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə müqavilə bağlayıb. 

Tədbirdə çıxış edən BP-nin Əlaqələr, Xarici İşlər və Təhlükəsizlik üzrə vitse-prezidenti cənab Hüseyn Məmmədov dedi: “Biz fəxr edirik ki, iki il bundan əvvəl təsis etdiyimiz təşəbbüs uğurlu və mötəbər bir təhsil layihəsinə çevrilib və o, Azərbaycanın qeyri-neft sektorunun idarə olunmasında keyfiyyəti və standartları beynəlxalq tələblərə uyğun səviyyəyə qaldırmaq səylərini dəstəkləyir. Ona görə də, bizi bu ilki məzunlar arasında qeyri-neft sektorundan olan nümayəndələrin sayının neft və qaz sektoruna nisbətən çox olması məmnun edir. Bu fakt bizi daha da həvəsləndirir və biz əminik ki, LİM BP və onun tərəfdaşlarının bu məktəbi təsis edərkən qarşıya qoyduqları məqsədlərə nail olmaqda davam edəcək. Biz ümumi nəticələrdən məmnunuq və Azərbaycanda səriştə və bacarıqların yaradılması səylərini gücləndirməyə yönəlmiş böyük təhsil təşəbbüslərinin dəstəklənməsi öhdəliyinə sadiqik. 


Mən bütün məzunları bu nüfuzlu beynəlxalq layihələri idarəetmə təlimini başa vurmaları münasibətilə təbrik edirəm və həmçinin layihəni uğurla idarə etdiyinə görə Xəzər Universitetinə və bu mükəmməl təşəbbüsü yüksək keyfiyyətlə yerinə yetirdiyinə görə “ESİ İnternational” təşkilatına minnətdarlığımı bildirmək istəyirəm.” 


Redaktorlar üçün qeydlər:

BP və onun tərəfdaşları 2011-ci ilin yanvar ayında Azərbaycanda yeni bir Layihələri İdarəetmə Məktəbinin (LİM) təsis edilməsi məqsədi ilə bir milyon dollar vəsait ayırdıqlarını elan etdilər. 

LİM özəl və dövlət sektoru nümayəndələrinin layihələri idarəetmə üzrə beynəlxalq səviyyədə qəbul edilmiş geniş bir proqram üzrə təhsil almaq imkanını təmin etmək vasitəsi kimi nəzərdə tutulub. Bu təşəbbüsdə diqqət həm layihələrin bilavasitə idarə edilməsinin icrasının təkmilləşdirilməsi, həm də ölkədə layihələri idarəetmə üzrə uzun müddətli bacarıqların yaradılması üzərində cəmlənir. 

LİM-in tədris proqramı səkkiz moduldan ibarətdir – Layihələrin İdarə edilməsi, Layihəyə Rəhbərlik, İdarəetmə və Əlaqə, Risklərin İdarə edilməsi, Planlaşdırma və Xərclərə Nəzarət, Layihə Menecerləri üçün Keyfiyyət, Layihənin İdarə edilməsinin Tətbiqi Mexanizmi, Danışıqlar aparmaq bacarığı və ya Layihələri idarəetmə mütəxəssisi (LİEM) imtahanına hazırlıq. 

Bundan başqa, layihənin məqsədi həm də yerli təlim müəssisələrinin imkanlarını artırmaqdır. Buna görə də, ilkin mərhələdə kursun keçirildiyi dil ingilis dili olsa da, sonradan yerli mütəxəssislərə təlim keçirilərək onların bu proqramı Azərbaycan dilində tədris edə bilməsi təmin olunacaq. Bu məqsədlə bütün tədris proqramı artıq Azərbaycan dilinə tərcümə olunub və bu da digər təşkilatlara ingilis dilində danışa bilməyən işçilərinə eyni təlimi təklif etmək imkanı yaradır. 


Əlavə məlumat üçün BP şirkətinin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0)12 437 7573.