Azərbaycanda yeni Layihələrin İdarə edilməsi Məktəbi təsis edilmişdir

1 fevral 2011

BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları Azərbaycanda yeni bir Layihələrin İdarə edilməsi Məktəbinin (LİEM) təsis edilməsi üçün bir milyon dollar vəsait ayıracaqdır. 

Özəl və ictimai sektorlarda çalışanlar üçün nəzərdə tutulmuş layihə dünyada tanınmış, hərtərəfli layihə idarə edilməsi proqramına daxil olmaq imkanını təmin edir. Layihədə əsas diqqət ölkədə layihə idarə edilməsi bacarıqlarının təkmilləşdirilməsi və uzun müddətli layihə idarə edilməsi biliklərini yaratmaq kimi məqsədlər üzərində cəmlənəcəkdir. 

Məktəbin tədris planı dünyada tanınmış iki sertifikasiyanın – Corc Vaşinqton Universiteti (CVU) tərəfindən verilən “Layihələrin İdarə edilməsi üzrə Magistr sertifikatı”nın və Layihələrin İdarə edilməsi İnstitutu (LİEİ) tərəfindən verilən "Layihənin İdarə edilməsi Mütəxəssisi" sertifikatının alınması üçün tərtib olunmuşdur. 

Proqram səkkiz moduldan ibarət olacaqdır – Layihələrin İdarə edilməsi, Layihəyə Rəhbərlik, İdarəetmə və Əlaqə, Risklərin İdarə edilməsi, Planlaşdırma və Xərclərə Nəzarət, Layihə Menecerləri üçün Keyfiyyət, Layihənin İdarə edilməsinin Tətbiqi Mexanizmi və Layihələrin İdarə edilməsi Mütəxəssisi (LİEM) imtahanına hazırlıq. Bundan başqa, layihənin məqsədi həm də yerli təlim müəssisəsinin bacarıqlarını artırmaqdır. Buna görə də ilkin mərhələdə kursun keçiriləcəyi dil ingilis dili olacaqdır və 2-3 il keçdikdən sonra proqramı Azərbaycan dilində tədris etmək üçün yerli mütəxəssislər hazırlanacaqdır. 

Layihə Xəzər Universiteti ilə əməkdaşlıq çərçivəsində, layihələrin idarə edilməsi və onunla bağlı problemlərin həlli sahəsində aparıcı şirkət olan ESİ İnternational tərəfindən icra ediləcəkdir.

BP Azərbaycan şirkətinin Əlaqələr, Xarici İşlər və Təhlükəsizlik üzrə vitse-prezidenti Seymur Xəlilov deyir: “Azərbaycana gəldiyimiz birinci gündən başlayaraq BP və onun tərəfdaşları bacarıqların yaradılması sahəsində ölkənin səylərinə qətiyyətlə kömək etmək niyyətini nümayiş etdirir. Biz sahibkarlığın inkişafına dəstək vermək üçün əsas bacarıqların yaradılması məqsədi ilə yüzlərlə layihə həyata keçirmişik ki, bizim biznes fəaliyyətlərimizdə yerli şirkətlərin iştirakı genişlənsin..Ölkənin elmi və təhsil potensialının inkişafına kömək etmək məqsədilə Elmlər Akademiyası, universitetlər və kolleclər də daxil olmaqla onlarla yerli təhsil və elmi institutlarla əməkdaşlıq etmişik. Biz Azərbaycanın uğurlu gələcəyinə töhfələr vermək öhdəliyimizə sadiqik və bu öhdəliyin bir hissəsi kimi, bu gün biz öz tərəfdaşlarımızla birgə yeni bir mühüm təhsil təşəbbüsünə dəstək vermək üçün buradayıq. Mən çox məmnunam ki, bu proqram vasitəsilə biz iqtisadiyyatın bütün sahələrindən 120 nəfərdən artıq orta və yüksək səviyyəli menecerlərə layihələrin idarə edilməsi sahəsində öz bacarıqlarını və biliklərini inkişaf etdirməyə kömək edə biləcəyik”. 

Kadrlar üzrə vitse-prezident Syu Adlam Hill deyir: “BP və onun Azərbaycandakı tərəfdaşları yerli istedadların inkişafını diqqət mərkəzində saxlayır. İxtisaslı işçi heyətimizin 88%-i, ixtisaslı olmayan işçilərimizin isə 100%-i Azərbaycan vətəndaşlarıdır. İşçilərimizin beynəlxalq ixtisaslar almaq imkanları da daxil olmaqla, öz əməkdaşlarımız üçün bizim bir sıra təlim təşəbbüslərimiz var. Mən çox məmnunam ki, indi biz Layihələrin İdarə Edilməsi Məktəbinin əsasını qoymaqla Azərbaycanda peşəkarlara inkişaf imkanı verən mühüm bir addım atırıq”.


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57