Mədəni irs üzrə təlim kursunun keçirilməsinə başlandı

23 aprel 2010

BP şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından mədəni irs üzrə təlim kursunun həyata keçirilməsinə başlanmasını məmnuniyyətlə elan edir. Təlim kursu 2008-ci ildən bəri Azərbaycan-Gürcüstan-Türkiyə boru kəmərləri dəhlizi boyunca həyata keçirilən mədəni irs proqramının bacarıqların yaradılması komponentidir. 

Təlim məşğələləri Smitsonian İnstitutunun, Arizona Universitetinin və Berlin Milli Muzeyinin alimləri də daxil olmaqla bir qrup beynəlxalq mütəxəssislər tərəfindən keçirilir. Təlim kursunda Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun, Azərbaycan Arxeologiya İnstitutunun və Gürcüstan Milli Muzeyinin 43 nəfərə yaxın əməkdaşı iştirak edir. 

Məşğələlər iki gün davam edəcək və qiymətləndirmə metodologiyalarını, mədəni irs abidələrinin toplanması və qorunub saxlanılması metodlarını əhatə edən bir çox aspektlər üzərində cəmlənəcəkdir. 

Təlim kursundan əvvəl BTC/CQBK arxeoloji tədqiqat proqramlarında iştirak etmiş ekspertlərə BTC/CQBK arxeoloji tapıntılarının beynəlxalq təcrübəyə uyğun təhlil işlənməsinə imkanı vermək məqsədi ilə iki günlük seminar keçirildi. Seminarda mütəxəssislər BTC/CQBK-nın inşası zamanı aşkar edilmiş arxeoloji tapıntıların və ümumiyyətlə Qafqaz regionu arxeologiyasının dünya mədəniyyəti tarixi üçün əhəmiyyətini bir daha vurğuladılar. 

BP-nin Əlaqələr və Xarici İşlər üzrə vitse-prezidenti Seymur Xəlilov deyir: “Mədəni irs sahəsində bacarıqların yaradılması, məlumatlılığın artması və təhsil üzrə öhdəliklərimizin yerinə yetirilməkdə olduğunu görmək bizim üçün xoşdur. İnanırıq ki, bu proqram həm milli, həm də beynəlxalq səviyyələrdə arxeologiya mütəxəssisləri ilə əlaqələri daha da gücləndirəcək və Qafqaz regionunun arxeologiya elminin inkişafına öz töhfəsini verəcəkdir.” 
BTC/CQBK Mədəni İrs Proqramı Azərbaycanda və Gürcüstanda Smitsonian İnstitutu tərəfindən həyata keçirilir. Bacarıqların yaradılmasından əlavə, proqramın bir sıra fəaliyyətlər vasitəsilə həyata keçiriləcək ictimai təbliğat komponenti də vardır. Bu fəaliyyətlərə aşağıdakılar daxildir: 

– BTC/CQBK boru kəmərləri marşrutu boyunca üç ölkədə (Azərbaycan, Gürcüstan və Türkiyə) aşkar edilmiş maddi-mədəniyyət nümunələrinə dair və mədəni irs proqramı haqqında 1000 tirajlı kataloqun nəşri. Bu kataloq dörd dildə Azərbaycan, gürcü, türk və ingilis dillərində nəşr ediləcəkdir; 
– BTC/CQBK Mədəni İrs Proqramını təsvir edən və BTC/CQBK boru kəmərləri marşrutu boyunca üç ölkədə aşkar edilmiş maddi-mədəniyyət nümunələrini geniş ictimaiyyətə interaktiv yolla təqdim edəcək xüsusi olaraq nəzərdə tutulmuş vebsaytın yaradılması. Bu vebsaytdan geniş ictimaiyyət maneəsiz olaraq istifadə edə biləcəkdir. 

Bu proqramın ümumi dəyəri 1 milyon ABŞ dollarından bir qədər artıq və həyata keçirilmə müddəti təxminən üç ildir.

Redaktorlar üçün qeyd:
  • Sovet İttifaqının süqutundan sonra Azərbaycanda və Gürcüstanda ilk böyük arxeoloji qazıntı proqramına BTC və CQBK şirkətləri sponsorluq etmişdir;
  • BTC/CQBK arxeoloji tədqiqat proqramının əhatə dairəsi genişlənərək 4 arxeoloji qazıntı yerindən 54-dək artdı və bu da BP və onun BTC və CQBK-daki tərəfdaşları üçün xeyli çətinlik və əlavə məsuliyyət yaratdı;
  • Bu üç ölkənin ərazilərindəki mədəni irs yerlərində aparılmış tədqiqat işindən əhəmiyyətli elmi biliklər əldə olundu. Onların bir qismi milli və regional əhəmiyyətə malikdir;
  • Bu qiymətsiz mədəni irs nümunələrinin böyük bir hissəsi toplanmışdır və onlar lazımi qaydada yerləşdiriləcək, tədqiq ediləcək və gələcək nəsillər üçün qorunub saxlanılacaqdır;
  • BTC/CQBK arxeoloji tədqiqat proqramı öz təcrübələrini bölüşən və bununla da Azərbaycanda və Gürcüstanda müvafiq elmi metodologiyanı təkmilləşdirən beynəlxalq və yerli mütəxəssisləri bir araya gətirdi;
  • Muzeylərin idarə edilməsi işində bilik və bacarıqların əhəmiyyətli dərəcədə təkmilləşməsinə nail olunmuşdur.
Smitsonian İnstitutu dünyanın ən böyük muzey və tədqiqat kompleksidir. Bu kompleksə 19 muzey, qalereyalar və Milli Zoologiya Parkı daxildir. Smitsonian kolleksiyalarındakı maddi-mədəni abidələrin, incəsənət əsərlərinin və eksponatların ümumi sayının 137 milyon olması ehtimal edilir. Bu materialın əsas hissəsi – 126 milyondan çox nümunə və maddi-mədəniyyət abidəsi – Milli Təbiət Tarixi Muzeyinin bir hissəsini təşkil edir. Bundan başqa, Smitsonian İnstitutunun kitabxanasında nadir kitablar da daxil olmaqla 1,5 milyon cild kitab və 89 000 kub fut arxiv materialı saxlanılır. 

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57