Təhsil sahəsində tərəfdaşlıq ücün imkan

19 iyun 2014

Bu gün Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından çıxış edən BP şirkəti və UNİCEF planlaşdırılan böyük təhsil təşəbbüsü çərçivəsində əməkdaşlıq etmək niyyətində olduqlarını təsdiqləmək üçün anlaşma memorandumu imzalayıb.

“Təhsil sahəsində tərəfdaşlar” adlı bu layihənin ölkədə yeni təhsil modellərinin yaradılmasına yönəlmiş layihələrin hazırlanması və həyata keçirilməsinə dəstək olması nəzərdə tutulub.

Bu Memorandum hər iki tərəfə imkan verir ki, birlikdə digər maraqlı tərəflərlə, o cümlədən Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə yeni effektiv məktəb modellərinin hazırlanması üzərində işləsin. Layihə xüsusən BP-nin əməliyyatçısı olduğu BTC və CQBK boru kəmərləri boyunca yerləşən Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Samux, Goranboy, Şəmkir və Tovuz rayonlarında uşaqların təhsilə cəlb edilməsinə yönəlmiş yeni geniş əhatəli məktəb modellərinin yaradılmasını əhatə edir.

Layihənin dörd komponentdən ibarət olacağı planlaşdırılır: Ailə Təhsil Mərkəzləri (məktəbəqədər yaşlı uşaqların ilkin vərdiş və bacarıqlara yiyələnməsi üçün), hər kəs üçün bərabər təhsil imkanı (sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbdə təhsil alma imkanı), təbii fəlakətlərə hazırlıq, gigiyena və sanitariya.

Bu layihənin yekunda təhsil sistemini təkmilləşdirərək təhsildəki nəticələri yüksəldən və təhsilin keyfiyyətini artıran nümunəvi modellər yaradacağı gözlənilir.

Anlaşma memorandumu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell və UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mark Hervord tərəfindən imzalandı. Bundan əlavə, UNİCEF hökuməti təmsil edən iki maraqlı tərəf – Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə layihənin hər bir iştirakçısının vəzifələrini təsvir edən fəaliyyət planları imzaladı.

Bu gün Bakıda keçirilən Memorandumun imzalanması mərasimində çıxış edən cənab Birrell dedi: “Biz inanırıq ki, bu tərəfdaşlıq öz məqsədinə çatdığı təqdirdə, biz müvafiq regionlarda yeni və effektiv icma əsaslı məktəb modelinin yaradılmasına və beləliklə də, Azərbaycandakı gənclər üçün imkanların artırılmasına yardım etmiş olacağıq. Bizim üçün uğur bu yeni modellərin real həyatda özünü doğrultduğunu və bütün Azərbaycanda davamlı təməl üzərində tətbiq olunduğunu görmək olacaq.”

Cənab Hervord dedi: "UNİCEF inanır ki, uşaqların bəhrələnə biləcəyi nəticələrə nail olmaq və onların hüquqlarını reallaşdırmaq üçün tərəfdaşlıqlar son dərəcədə əhəmiyyətlidir. Biz Azərbaycandakı uşaqların təhsil almalarına yardım etmək üçün çox yaxşı məktəb modellərinin yaradılması istiqamətində hökumət və BP şirkəti ilə əməkdaşlıq etmək imkanı əldə etdiyimizə görə çox şadıq."

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: 994 (0) 12 599 4557
UNİCEF-in Azərbaycandakı Nümayəndəliyində Əlaqələr və Tərəfdaşlıq üzrə mütəxəssis Ayna Mollazadə. Telefon: 994 (0) 12 492 3013