Prezident İlham Əliyev Qərbi Çıraq platformasının tamamlanmış üst modullarına baş çəkib

23 iyul 2013

Bu gün zati-aliləri Prezident İlham Əliyev Çıraq Neft Layihəsinin (ÇNL) bir hissəsi kimi inşa edilmiş Qərbi Çıraq platformasının üst modullarının yerləşdiyi Bibiheybət ərazisindəki ATA (AMEK-TEKFEN-AZFEN) tikinti-quraşdırma sahəsinə baş çəkib.

Prezident üst modulların tikintisinin artıq tamamlanmış olduğunu görməkdən məmnun olduğunu birdirib və Azəri-Çıraq-Günəşli (AÇG) üzrə əldə olunmuş bu mühüm uğurda əməyi olan hər kəsə öz təbriklərini çatdırıb.

AÇG neft yatağının işlənməsi üzrə operator olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell cənab Prezidentə məlumat verib ki, üst modulların tikintisinə 2010-cu ilin iyul ayında başlanıb, indi isə qurğu tam hazırdır və dənizə yola salınmazdan əvvəl son istismar sınaqları aparılır. Tikinti işləri texniki təhlükəsizlik üzrə ən yüksək standartlara tam uyğun şəkildə aparılıb və bu işlərə sərf olunmuş təxminən 20 milyon adam/saat ərzində heç bir qəza ucbatından itirilmiş iş günü qeydə alınmayıb. 

Quruda aparılan istismar sınaqları başa çatdıqdan sonra bu ilin avqust ayında üst modullar dənizə yola salınacaq. Bundan əvvəl isə Qərbi Çıraq platformasını 18200 ton ağırlığında olan dayaq bloku uğurla və təhlükəsiz şəkildə dənizə aparılaraq quraşdırılıb. 

Prezident İlham Əliyev obyektin alt və üst göyərtələrini gəzərək qazma modullarına, elektrik generatorlarına, 175 nəfər üçün layihələndirilmiş yaşayış blokuna və mərkəzi nəzarət otağına baxıb. 

Prezident İlham Əliyevə məlumat verilib ki, Qərbi Çıraq platformasının üst modullarının çəkisi 18500 tondur və Xəzər dənizində indiyə qədər quraşdırılmış ən ağır konstruksiyadır. Bu nəhəng obyekt yerli infrastrukturdan istifadə etməklə belə iri miqyasda işləri aparmaq üçün modernləşdirilmiş ATA tikinti-quraşdırma sahəsində büsbütün ölkə daxilində inşa edilib. O da vurğulanıb ki, tikinti işlərinin aparıldığı 3 il ərzində yerli ehtiyatlardan istifadənin maksimuma çatdırılması başlıca prioritet olub - subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla tikinti işlərinə təxminən 4000 nəfər insan cəlb edilib ki, bunun da 90%-ə qədəri yerli işçilər olub. 



Redaktorlar üçün qeydlər:

Çıraq Neft Layihəsi (ÇNL) AÇG yatağı üzrə 6 milyard dollar dəyərində olan növbəti işlənmə planıdır. Layihənin ümumi dəyərinin təxminən 4 milyard dolları obyektlərin tikintisi və öncəqazma proqramı üçün planlaşdırılıb, məbləğin qalan hissəsi isə istismar müddəti ərzində platformadan quyularının qazılmasına sərf olunacaq. Bu iri investisiya AÇG yatağı laylarının neft verməsini optimallaşdırmağa xidmət edəcək.

Qərbi Çıraq platformasının tikintisi Azərbaycanın dünya səviyyəli tikinti-quraşdırma sahələrinin tarixində ilk dəfə olaraq yerli ehiyatlardan istifadə etməklə büsbütün ölkə daxilində həyata keçirilib. 

Yeni platformanın layihə gücü gündəlik 183 000 barel neft və 229 milyon standart kub fut qaz təşkil edir, lakin platforma gündəlik 285 milyon standart kub fut qaz ixrac edə bilər və gündəlik 80 milyon standart kub futadək qazlift təmin etmək gücü var. 

AÇG-də iştirak payları: BP (operator – 35,78%), ARDNŞ (11,65%), Şevron (11,27%), İNPEKS (10,96%), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,72%). 


Əlavə məlumat üçün BP şirkətinin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Tel.: (+994 12) 599 45 57