Qaradağlı icmasında kənd təsərrüfatı sektorunu gücləndirmək üçün yeni əməkdaşlıq

18 fevral 2010

BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları bu yaxınlarda Ucar rayonunun Qaradağlı icmasında kənd təsərrüfatı sektorunu gücləndirmək vasitəsilə iqtisadi inkişafı artırmaq üçün yeni qrant ayrıldığını məmnuniyyətlə elan edir. 

Layihənin məqsədii kiçik torpaq sahələrinin sahibləri, fermerlər, ticarətçilər, emal sahəsində çalışanlar, kənd təsərrüfatı xidmətlərini təmin edənlər və təchizatçılar da daxil olmaqla əsasən kənd təsərrüfatı sektorunda çalışan icma üzvləridir. 

Layihə davamlı gəlir yaradılmasını təmin etmək üçün nəzərdə tutulmuşdur. Buna yem bitkiləri toxumları, tərəvəz toxumları və yeni yem emalı qurğusunun təmin edilməsi, həmçinin kənd təsərrüfatı məhsulları istehsalçılarına və emal sahəsində çalışanlara müvafiq kənd təsərrüfatı və biznes bilik və bacarıqlarının ötürülməsi yolu ilə nail olunacaq. 

Layihə 1996-cı ildə təsis edilmiş yerli qeyri-hökumət təşkilatı olan Gəncə Aqrobiznes Assosiasiyası (GAA) tərəfindən həyata keçiriləcəkdir. GAA layihəni həyata keçirmək üçün BP və tərəfdaşlarının BTC və CQBK boru kəmərləri boyunca Davamlı İnkişaf Təşəbbüsü çərçivəsində keçirililmiş müsabiqə əsasında seçilmişdir. 

Layihə üzrə işlər icma üzvlərinin iqtisadi inkişafının gücləndirilməsi üçün onların kənd təsərrüfatı materialları və avadanlıqları ilə təmin edilməsi, eləcə də tərəvəz məhsullarının və mal-qaranın keyfiyyətini və kəmiyyətini yaxşılaşdırmaq üçün yeni aqrar texnologiya və metodlar, toxumların bölüşdürülməsi, ekoloji cəhətdən təmiz kənd təsərrüfatına keçid kimi müvafiq sahələrdə təlim vasitəsilə biznes və texniki bacarıqların yaradılmasını əhatə edəcək. Bundan başqa, fermerlərə səhralaşmanın və eroziyanın qarşısını almaq, məhsuldarlığı yaxşılaşdırmaq məqsədi ilə torpağın əkinə yararlılığını bərpa etmək üçün kənd təsərrüfatı metodları üzrə təlim keçiriləcək.

BP-nin Davamlı İnkişaf Təşəbbüsləri üzrə meneceri İbrahim İsmayılov deyir: “BTC və CQBK boru kəmərləri boyunca həyata keçirdiyimiz icma proqramlarından əldə etdiyimiz təcrübə göstərir ki, əgər icma üzvlərinə lazımi imkanlarla yanaşı həmçinin tələb olunan vərdişlər də verilərsə, layihənin nəticələri daha səmərəli olar. İnanırıq ki, bununla da layihənin nəticələrinin davamlı və iqtisadi baxımdan yaşamağa qabilliyi təmin olunacaq.” 

Layihənin ümumi dəyəri təqribən 121000 dollar məbləğindədir və bunda BP və tərəfdaşlarının payı 110000 dollardan artıq, icma və layihəni həyata keçirən tərəfin payı isə qalan – təxminən 11000 dollar həcmindədir. 

Layihənin həyata keçirilmə müddəti bir ildir və bu müddət 2010-cu ilin noyabr ayında başa çatacaq. 

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57