Qərbi Çıraq platformasının dayaq bloku hazırdır

23 oktyabr 2012

AÇG-nin işlənməsinin tarixində ilk dəfə olaraq ÇNL yerli ehtiyatlardan mümkün qədər geniş istifadə etməklə bütün quraşdırma işlərini Azərbaycanda aparmışdır.

BP Azəri-Çıraq-Günəşli (AÇG) yatağının operatoru kimi məmnunluqla bildirir ki, Qərbi Çıraq platformasının dayaq blokunun tikintisi başa çatıb. Bu platforma dəyəri 6 milyard dollar olan Çıraq Neft Layihəsinin (ÇNL) bir hissəsidir. Bu yeni platformanın dayaq bloku Xəzərdə indiyədək tikilmiş ən ağır blokdur və o, ötən həftənin sonunda Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsinin yanalma limanında təhlükəsiz şəkildə STB-1 daşıma barjasına yüklənmişdir. 

Dayaq bloku ilin sonunadək barjanın üzərində qalacaq ki, “Dədə Qorqud” qazma qurğusuna 2010-cu ildən başladığı öncə qazma işlərini başa çatdırmağa imkan versin. Dayaq blokunun dənizdə quraşdırılmaq üçün yola salınması 2013-cü ilin əvvəllərinə planlaşdırılır. 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional Prezidenti Rəşid Cavanşir deyir: “ Belə iri və əsas bir işin başa çatdırılmasından qürur duyuram. Bununla biz ÇNL-dən gələn ilin 4-cü rübünə planlaşdırdığımız ilk neftin əldə olunmasına daha bir addım yaxınlaşmış olduq. Barjaya yüklənmə əməliyyatı çox uğurlu və ən əsası isə tam təhlükəsiz qaydada yerinə yetirilmişdir. Bu məndə əminlik yaradır ki, ÇNL-in 2013-cü ildə bitməsi planlaşdırılan qalan işləri, o cümlədən də Qərbi Çıraq platforması bütövlükdə, eyni uğurla başa çatdırılacaq. Mən həmçinin qürur duyuram ki, AÇG-nin işlənməsinin tarixində ilk dəfə olaraq ÇNL yerli ehtiyatlardan mümkün qədər geniş istifadə etməklə bütün quraşdırma işlərini Azərbaycanda aparmışdır. 

Bu nailiyyətin əldə olunması açıqca göstərir ki, biz Azərbaycanda layihə istehsal xəttini yaradıb saxlamaq öhdəliyimizə sadiqik. İnanırıq ki, ÇNL AÇG tərəfdaşlarının yeni iri bir sərmayəsi kimi bizə Dərinsulu Günəşli ilə mövcud Çıraq platforması arasındakı sahədən neftverməni maksimuma çatdırmağa imkan verəcək. ÇNL-dən əvvəl biz AÇG-də altı dünya-səviyyəli platforma tikmiş və indiyədək onları Azərbaycan xalqının və bizim tərəfdaşlarımızın mənfəəti üçün təhlükəsiz və səmərəli şəkildə istismar etmişik. Mən bu imkandan istifadə edərək bir daha vurğulamaq istəyirəm ki, biz Xəzərdə dünya səviyyəli bir biznes həyata keçirmək öhdəliyimizə sadiqik.” 

Qərbi Çıraq platformasının dayaq blokunun tikintisi 2010-cu ildə başlanıb və qrafikə uyğun olaraq 2012-ci ilin dördüncü rübündə başa çatıb. Bu müddət ərzində tikinti işlərinə 2000 insan, o cümlədən subpodratçı və təchizatçı mütəxəssislər cəlb olunub. İşçi qüvvəsinin təxminən 96% yerli azərbaycanlılar olub. Dayaq blokunu yerli şirkət olan və indi bütünlüklə ARDNŞ-yə məxsus BOS Şelf şirkəti inşa edib və bu işlər BDÖZ-dəki yerli tikinti-quraşdırma infrastrukturundan istifadə edilməklə həyata keçirilib. 

BP-nin iri layihələr üzrə vitse-prezidenti Brus Lyuberski deyir: “ÇNL layihəsi BP-yə Azərbaycanın yerli ehtiyatlarından istifadəni optimallaşdırmaq öhdəliyinə sadiq qalmaq üçün daha bir imkandır. Layihənin tikinti dövründə 20 milyondan artıq adam/iş saatı sərf olunacağı gözlənilir ki, bunun da 90%-i Azərbaycanda yerinə yetirilir, həm də bu işlərin 90%-indən çoxunu Azərbaycanın yerli işçi qüvvəsi həyata keçirir. Bundan əlavə, podratçı şirkətlərə yerli subpodratçılardan maksimum istifadə etmək tövsiyə olunub və bunun nəticəsində də ÇNL üzrə ümumi xərclərin 30%-dən çox hissəsinin Azərbaycanda sərf ediləcəyi gözlənilir. Bu imkandan istifadə edərək mən BOS Şelf şirkətinə BP-nin standartlarına davamlı şəkildə əməl etdiklərinə görə təşəkkür edir, həmçinin ARDNŞ-ni də onlara məxsus bir yerli şirkətin ilk iri nailiyyətinə görə təbrik edirəm.” 

Qərbi Çırağın dayaq blokunun ümumi çəkisi 18,200 (1500 tonluq üzmə pantonları da daxil olmaqla) tondur. Onun hündürlüyü təxminən 185 metrdir və ümumi çəkisi 6700 ton olan 13 payası (12 üstəgəl biri ehtiyat məqsədilə), yeddi dikborusu, səkkiz j-şəkilli borusu və on kessonu var. Dayaq bloku suyun dərinliyi təxminən 170 metr olan yerdə quraşdırılacaq. 

AÇG-də iştirak payları: BP (operator – 35,78%), ARDNŞ (11,65%), Şevron (11,27%), İNPEKS (10,96%), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), Hess (2,72%).