Qərbi Çıraq platformasının dayaq bloku dənizə yola salındı

15 aprel 2013

Qərbi Çıraq platforması dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsindən dənizdə quraşdırılmaq üçün yola salınmışdır.

BP Azəri-Çıraq-Günəşli (AÇG) yatağının operatoru kimi məmnunluqla bildirir ki, Qərbi Çıraq platformasının dayaq bloku bu gün Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsindən dənizdə quraşdırılmaq üçün yola salınmışdır. Bu platforma Çıraq Neft Layihəsinin (ÇNL) bir hissəsi olaraq inşa edilir. Dayaq blokunun dənizdəki əraziyə daşınması, suya endirilməsi və quraşdırılması əməliyyatları ətraflı planlaşdırılmışdır və bu işlərin, hava imkanları da nəzərə alınmaqla, təqribən 45 günə başa çatacağı gözlənilir. 

Bu yeni platformanın dayaq bloku Xəzərdə indiyədək tikilmiş ən ağır blokdur və o, BDÖZ-dəki yerli tikinti-quraşdırma infrastrukturundan istifadə edilməklə büsbütün ölkə daxilində inşa edilmişdir. Blokun tikintisinə 2000 insan, o cümlədən subpodratçı və təchizatçı mütəxəssislər cəlb olunmuşdu. İşçi qüvvəsinin təxminən 96% azərbaycanlılar olub. Dayaq blokunu yerli şirkət olan və indi bütünlüklə ARDNŞ-yə məxsus BOS Şelf şirkəti inşa edib. 

Qərbi Çıraq platformasının dayaq blokunun tikintisi qrafikə uyğun olaraq 2012-ci ilin dördüncü rübündə başa çatmışdı. Blok sonra BDÖZ tikinti-quraşdırma sahəsinin yanalma limanında təhlükəsiz şəkildə STB-1 daşıma barjasına yüklənmiş və ÇNL ərazisində aparılan planlaşdırılmış dəniz işlərinin, o cümlədən öncə qazma və sualtı boru kəmərləri inşası əməliyyatlarının, başa çatmasını gözləmişdir.

BP-nin iri layihələr üzrə vitse-prezidenti Brus Luberski deyir: “Dayaq blokunun dənizə yola salınması çox mühüm bir hadisədir və biz bu mühüm işin platformanın üst modullarının bu yay dənizə yola salınması və daha sonra da bu platformadan ilk neftin əldə olunmasına doğru irəliləyərkən əldə olunmasından məmnunuq. Mən bu mühüm işin ən yüksək əməyin təhlükəsizliyi göstəriciləri ilə əldə olunmasını öz gərgin əməyi ilə mümkün edən hər bir kəsə - BP əməkdaşlarına, podratçı və subpodratçı şirkətlərin işçilərinə - öz təşəkkürümü bildirirəm. Xüsusilə də BOS Şelf şirkətinə tikinti işlərinin aparıldığı 2 il ərzində BP-nin əməyin təhlükəsizliyi standartlarına ciddi əməl etdiklərinə görə təşəkkür etmək istərdim. Mən Xəzərdə indiyədək tikilmiş ən ağır dayaq blokunun inşasına sərf olunmuş 6,8 milyon adam/iş saatının qəza ucbatından heç bir iş günü itirilmədən əldə olunduğunu deməkdən, həqiqətən də, qürur duyuram. Bu, əla nailiyyətdir və əminəm ki, dənizdə quraşdırılma işləri də həm əməyin təhlükəsizliyi, həm də keyfiyyət baxımından yüksək səviyyədə yerinə yetiriləcək.” 

Qərbi Çırağın dayaq blokunun ümumi çəkisi 18,200 (1500 tonluq üzmə pantonları da daxil olmaqla) tondur. Onun hündürlüyü təxminən 185 metrdir və ümumi çəkisi 6700 ton olan 13 payası (12 üstəgəl biri ehtiyat məqsədilə), yeddi dikborusu, səkkiz j-şəkilli borusu və on kessonu var. Dayaq bloku suyun dərinliyi təxminən 170 metr olan yerdə quraşdırılacaq. 

AÇG-də iştirak payları: BP (operator – 35,78%), ARDNŞ (11,65%), Şevron (11,27%), İNPEKS (10,96%), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,72%). 

Əlavə məlumat üçün BP şirkətinin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Tel.: (+994 12) 599 45 57