Rəşid Cavanşir BP-nin Baş Vitse Prezidenti təyin olundu

2 noyabr 2012

BP bu gün Rəşid Cavanşirin Londonda BP-nin Strategiya və İnteqrasiya bölümü üzrə baş vitse-prezidenti təyin olunduğunu elan etdi.

BP bu gün Rəşid Cavanşirin Londonda BP-nin Strategiya və İnteqrasiya bölümü üzrə baş vitse-prezidenti təyin olunduğunu elan etdi. Rəşid 2009-cu ilin sentyabr ayından BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionundakı biznesinə rəhbərlik edir. 
Rəşid Cavanşiri BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti kimi Qordon Birrell əvəz edəcək. Qordon öz yeni vəzifəsinin icrasına bu il noyabr ayının 15-dən başlayır. 

Qordon Birrell hazırda BP-nin Hasilat bölümü üzrə Texniki Təhlükəsizlik və Əməliyyat Riski funksiyasına rəhbərlik edir. Bu vəzifədə o, şirkətin dünya üzrə hasilat bölümündə əməliyyat keyfiyyətinin təkmilləşdirilmələrini irəli aparmağa cavabdehdir. 

BP-nin hasilat üzrə icraçı vitse- prezidenti Bob Frayar deyir: “Biz Rəşidi Londona elə bir vəzifəyə aparırıq ki, onun böyük təcrübəsindən bu regiondan da geniş miqyasda və BP-nin ümumi biznesi xeyrinə istifadə edə bilək. Biz Rəşidə BP-nin Azərbaycandakı biznesinə rəhbərliyi və Azərbaycandakı, həmçinin regiondakı uğurlarımıza doğru müstəsna qətiyyətinə görə təşəkkür etmək istərdik. 

Biz qəti şəkildə o niyyətdəyik ki, ARDNŞ, hökumət və tərəfdaşlarımızla daha da sıx əməkdaşlıq vasitəsilə regiondakı uğurlarımızı davam etdirək. Buna nail olmaq üçün diqqətimizi işlərimizin təhlükəsiz şəkildə həyata keçirilməsinə, hasilatın maksimallaşdırılmasına və iş icrasının intensivləşdirilməsinə cəmləşdirməkdə davam edəcəyik. 

Bir təcrübəli rəhbər və bizim Azərbaycandakı geoloji-kəşfiyyat layihələrimizdə iştirak etmiş birisi kimi Qordon bizim buradakı uğurlu tərəfdaşlığımızı davam etdirəcək. Buna uzunmüddətli biznes planlarımızın, xüsusilə də hazırda tərəfdaşlarımız və Azərbaycan hökumətilə birgə işlənən ACG hasilatının uzunmüddətli stabilləşdirilməsi ilə bağlı planın həyata keçirilməsi yolu ilə nail olunacaq. 
Mən Rəşidə və Qordona öz yeni mühüm rollarında uğurlar arzulayıram.” 



Redaktorlar üçün qeydlər: 

Rəşid Cavanşir

Rəşid Cavanşirin BP-də müxtəlif rəhbər vəzifələrdə 17-illik iş təcrübəsi var. Bu vəzifələrin ən yüksəyi 2009-cu ilin sentyabın 1-dən təyin olunduğu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti vəzifəsidir. 
Rəşidin regiondakı biznesə rəhbərlik etdiyi dövrdə qazandığı əsas uğurlara bunlar daxildir: Çıraq Neft Layihəsinin icrası, “Şəfəq-Asiman” sazişinin danışıqlarının aparılması və imzalanması, Şahdənizin inteqrasiya olunmuş təşkilatının yaradılması, 2010-cu ildə Ankarada imzalanmış Anlaşma Memarandumunda və 2011-ci ilin İzmir anlaşmalarında birbaşa iştirak, Şahdəniz Mərhələ 2 layihəsinin ilkin mühəndis-layihələşdirmə işlərinə (İMLİ) başlaması qərarının təsdiqi, BTC-BİL sazişinin 3-cü düzəlişinin danışıqları və icrası, AÇG-nin bir sıra kommesiya sazişləri o cümlədən dərin qaz müqaviləsinin şərtləri üzrə danışıqlar, Şahdəniz Mərhələ 1-dən rekord hasilatın – gündəlik 960 milyon kub fut - əldə olunması, və gənc yerli neft-qaz mühəndislərinin texniki ixtisaslar üzrə inkişafı üçün nəzərdə tutulmuş yeni təlim proqramının açılışı. 

Rəşid Cavanşir indiki vəzifəsindən əvvəl Amoko Kaspian Si şirkətinin axtarış-kəşfiyyat işləri üzrə direktoru, Amoko İnam Əməliyyat Şirkətinin prezidenti, BP-nin əməliyyatçısı olduğu 3 müqavilənin - Şahdəniz, İnam və Araz-Alov-Şərq üzrə Hasilatın Pay Bölgüsü Sazişlərinin prezidenti, Londondakı Qlobal Biznes Mərkəzində BP Qrupu Strategiyasının İşlənməsi üzrə rəhbər, Aberdində (Şotlandiya) BP-nin Şimal dənizinin cənub hissəsindəki əməliyyatları üzrə vitse-prezidenti, BTC Ko şirkətinin prezidenti, BP Azerbaijan şirkətinin qurudakı əməliyyatları üzrə vitse-prezidenti kimi vəzifələrdə çalışmışdır. 

BP-nin AGT regionundakı biznesinə rəhbərlik etdiyi dövrdə Rəşid Cavanşir bizim tədarük-təchizat sahəmizdə yerli resursların həcmini artırmaq və şirkətdəki yerli kadrların inkişafına töhfə vermişdir. Bunun nəticəsində AGT regionunda idarəetmə və texniki sahədəki bir çox əsas vəzifələrə məhz yerli kadrlar irəli çəkiliblər. 

Rəşid Cavanşir həmçinin geologiya-mineralogiya elmləri doktorudur. Geofizika üzrə elmi dərəcəsi var və professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. O, beynəlxalq səviyyədə biznes rəhbərliyi və idarəçiliyi üzrə də ixtisaslaşmışdır - ABŞ-ın tanınmış Dyuk və Rays Universitetlərinin və Harvard Biznes Məktəbinin biznesə icraçı rəhbərlik üçün nəzərdə tutulmuş proqramlarını bitirmişdir. 

Evlidir, iki qızı var.


Qordon Birrell

Qordon neft və qaz sahəsində geniş təcrübəyə malik bir peşəkardır. Onun BP-də hasilat və geoloji-kəşfiyyat sahəsində 26 il rəhbərlik və əməliyyatlar üzrə təcrübəsi var. Qordon BP-yə 1986-cı ildə şirkətin Məzunların Təlimi Proqramı vasitəsilə qoşulub. Karyerasının ilk dövrlərində o, Şimal Dənizindəki biznesin həm dəniz, həm də qurudakı əməliyyatları, mühəndisliyi və rəhbərliyi üzrə bir sıra vəzifələrdə çalışıb. Bu vəzifələri o, Manqus yatağı, Fortis Yatağı, Miller yatağının işlənməsi, Sullom Vou Terminalı və BP-nin mərkəzi mühəndislər təşkilatında icra edib. 
1999-cu ildə Qordon Londona dəyişilərək BP şirkətinin baş ofisində bir sıra administrativ vəzifələrdə çalışıb. Sonra o, Azərbaycana təyinat alaraq Şahdəniz layihəsinin işlənməsinin ilkin mərhələləri də daxil olmaqla buradakı geoloji-kəşfiyyat və qiymətləndirmə layihələrinə rəhbərlik edib. 

2001-ci ildən 2005-ci ilə qədər Qordon Alyaska və Kanadada müvafiq olaraq İcra bölümü və Biznes bölümündə BP-nin hasilat əməliyyatlarına rəhbərlik edib. 2005-ci ildə o, BP-nin Şimal Dənizindəki yetkin yataqlarından hasilat üzrə biznesinə rəhbərlik edib – bu yataqlardan gündəlik hasilat təxminən 250,000 barel neft ekvivalenti olub. Bu müddət ərzində o həmçinin BP Ekploreyşn Opereytinq Kompani Ltd və Britoyl plc-nin direktorlarından biri olub. 

Daha sonra Qordon müxtəlif vəzifələrdə, o cümlədən Hasilat və Geoloji-kəşfiyyat Texnologiyaları üzrə vitse-prezident və Hasilat və Geoloji-kəşfiyyat bölümünün icra aparatının rəhbəri kimi vəzifələrdə çalışıb. 

2010-cu ilin sonlarından Qordon BP-nin Hasilat bölümü üzrə Texniki Təhlükəsizlik və Əməliyyat Riski funksiyasına rəhbərlik edir. Bu vəzifədə o, BP-nin dünyada əməliyyatlar apardığı regionların hər birində yerləşdirilmiş qruplardan ibarət ümumi bir qlobal heyətə rəhbərlik edir. O həmçinin BP-nin “Subsea Well Response Company Ltd.” (Sualtı Quyularda Cavab Tədbirləri) şirkətinin direktorlarından biri olub. 

Qordon hazırda Neft və Qaz İstehsalçılarının Beynəlxalq Assosiasiyası (NQİ) sədrinin müavinlərindən biridir. Bu təşkilat neft və qaz hasilatçılarının beynəlxalq ticarət assosiasiyasıdır. Qordon 4 ildir ki, NQİ-nın İdarə Komitəsinin üzvüdür. 

O, yüksək ixtisaslı mühəndisdir və Mühəndis-layihə və Texnologiya İnstitutunun üzvüdür. 

Qordonun Uorik Universitetindən magistr dərəcəsi (MBA) və Heriot-Uott Universitetindən (Edinburq) Elektrik və Elektronika Mühəndisliyi üzrə fəxri dərəcəsi var. 

Evlidir, 3 oğlu var. 


Əlavə məlumat üçün aşağıdakı şəxslərə müraciət edə bilərsiniz:

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlı.

Tel.:  994 (0) 12 599 4557