Azərbaycanın Şahdəniz yatağında böyük həcmdə qaz ehtiyatları kəşf edilmişdir

14 noyabr 2007

Bu gün BP şirkəti Şahdəniz layihəsindəki tərəfdaşları adından Xəzər dənizindəki Şahdəniz yatağında böyük həcmdə yeni əlavə qaz-kondensat ehtiyatları kəşf olunduğunu elan etmişdir. Bakı şəhərinin cənub-şərq tərəfində sahildən təxminən 70 km məsafədə yerləşən SDX-04 qiymətləndirmə və kəşfiyyat quyusu hazırda qaz hasil olunan kollektordan aşağıda daha dərin yeni bir strukturda yüksək təzyiqli kollektorun olduğunu aşkara çıxarmışdır. 

Quyu Şahdəniz yatağının cənub-qərb hissəsində Xəzər üçün rekord olan 7300 metrdən çox dərinliyə qazılmışdır. 

Kəşfiyyat quyusunda aşkara çıxarılan ehtiyat potensial baxımdan əhəmiyyətli bir tapıntı olmuşdur. Növbəti bir neçə il ərzində yeni strukturun konturlarını tam təsvir etmək üçün qiymətləndirmə işləri həyata keçiriləcək. 

Bundan əlavə olaraq qiymətləndirmə mərhələsi ərzində quyuda yatağı cənub istiqamətində genişləndirən əsas hədəf horizontlarda qaz kondensatı aşkar edilmişdir. Sınaq axınları göyərtədəki avadanlıqların 35 milyon standart kub fut/gün (1 milyon standart kub metr/gün) civarında maksimum gücü həddində olmuşdur. Nəticələr Şahdəniz yatağında işlənmənin ikinci mərhələsi üçün yetərincə qaz olduğunu sübut edir. Sözügedən ikinci mərhələnin həcmini müəyyənləşdirmək üçün əlavə işlər tələb olunur, buna baxmayaraq, onun da illik həcmi 8,6 milyard kub metr olan Mərhələ 1 işlənməsinə oxşar və ya daha böyük miqyaslı olacağı ehtimal edilir. 


“SDX-04 quyusu çox böyük nailiyyətdir və yatağın işlənməsinin növbəti mərhələsini planlaşdırmağımıza əsas verir. Qürur hissi ilə deyə bilərəm ki, quyudan əldə olunmuş nəticələr qarşıya qoyulmuş hər iki qiymətləndirmə və kəşfiyyat məqsədinə nail olunmaqla Xəzər dənizində əvvəllər heç vaxt qazılmamış belə ən dərin quyunu tamamlamaq və sınaqdan keçirmək üçün göstərdiyimiz səylərin əbəs olmadığını sübut edir”, - BP Azərbaycan şirkətinin prezidenti Bill Şreyder demişdir. 

“Biz inanırıq ki, nəticələr bütöv yatağı başa düşməyimizə əlavə əhəmiyyətli töhfə vermişdir. Belə bir dərin, yüksək təzyiqli kollektor hazırda sənayedə işlənib hazırlanmaqda olan yeni texnologiyalar tələb edəcək. Bu, Şahdəniz layihəsinin tərəfdaşları və Azərbaycan üçün çox böyük uğurdur”, - Şreyder əlavə etmişdir. 

Şahdəniz Hasilatın pay bölgüsü sazişinin (HPBS) tərəfləri bu şirkətlərdir: BP (operator – 25,5%), Statoyl (25,5%), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ – 10%), LUKOyl (10%), NICO (10%), Total (10%) və TPAO (9%).

Redaktorlar üçün qeydlər

1999-cu ildə başlanmış əvvəlki üç kəşfiyyat və qiymətləndirmə quyusu (SDX-01, SDX-02 və SDX-03) yatağın şimal cinahında indi hasil olunan mərhələ 1 ehtiyatlarını qiymətləndirmək və konturlarını təsvir etmək üçün layihələndirilmişdi. Həmin quyularda əsas diqqət iki stuktur üzərində cəmləşmişdi -- Fasilə lay dəstəsi və Balaxanı VIII intervalı. 

Şahdəniz yatağı Bakı şəhərinin cənub-şərqində sahildən təxminən 70 km məsafədə suyun 50 metrdən 600 metrə qədər dəyişən dərinliyində yerləşir. Şahdəniz üzrə HPBS 17 oktyabr 1996-cı il tarixində ratifikasiya olunmuşdur. 


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: +994 (0) 12 599 45 57