Şərqi Azəridə neft hasilatına başlandı

22 oktyabr 2006

Operatoru BP olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) bu gün bildirmişdir ki, Şərqi Azəri platformasından neft hasilatı qrafiki dörd ay qabaqlamaqla başlanmışdır. Şərqi Azəri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsinin 2-ci fazası başa çatır. AÇG-nin Dərinsulu Günəşli hissəsinin istismarını nəzərdə tutan Faza 3 isə 2008-ci ildə hasilata başlamaq üçün qrafik üzrə irəliləyir. 

Azəri-Çıraq-Günəşli Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları: BP (operator – 34,1%), Şevron (10,3%), ARDNŞ (10%), İNPEKS (10%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), İtoçu (3,9%), Hess (2,7%) şirkətləridir. 

Şərqi Azəri (ŞA) Azəri yatağınin şərq hissəsində suyun təxminən 150 metr dərinliyində yerləşir. Bu platformadan hasilat burada əvvəlcədən qazılmış səkkiz öncə qazma quyusunun birincisindən oktyabrın 21-də başlanmışdır. Hasil edilmiş ilk ŞA neftinin yeni sualtı boru kəməri vasitəsilə iki həftəyə sahildə Səngəçal terminalına çatacağı gözlənilir. 

Hasilat 2007-ci ilin ortalarında platformadan qazma işləri başlananadək öncədən qazılmış digər quyular istismara verildikcə artacaq. Ən yüksək hasilat zamanı ŞA platforması gündə 260 000 barel neft hasil edəcək ki, bu da Mərkəzi və Qərbi Azəri də daxil olmaqla Azəridən hasil edilən neftin ümumi həcmini gündəlik 800 000 bareldən yüksək bir həddə çatdıracaq. 

“Bir ildə iki dünya səviyyəli hasilat platformasını və elə həmin yataqda da kompressor və suvurma platformasını işə salmaq dünyada heç də hər neft şirkətinə nəsib olmuş nailiyyət deyil. AÇG-nin işlənməsində biz layihənin hasilat konveyeri xəttini yaradaraq hər bir mərhələni əvvəlkindən daha səmərəli həyata keçirə bilmişik”, - BP-nin Azərbaycandakı prezidenti Deyvid Vudvord deyir. 
“Bu bizə Şərqi Azəridən ilk nefti qrafikdən dörd ay əvvəl əldə etməyə imkan verib və bunun üçün də biz Xəzər dənizində planlaşdırma, tikinti və istismar əməliyyatları üzrə gözəl iş təcrübəsi qurmuş AÇG-nin layihə və əməliyyatlar üzrə qruplarımıza minnətdar olmalıyıq. Mən bu platformanın üst modullarını və dayaq blokunu tikmiş və əksəriyyəti də Azərbaycan vətəndaşları olan minlərlə insana son üç il ərzində göstərdikləri qətiyyət və yüksək iş icrasına görə təşəkkür etmək istərdim. Mən həmçinin hökuməti, tərəfdaşlarımızı, işçilərimizi, bütün podratçılarımızı, təchizatçılarımızı və bu işdə əməyi olan hər kəsi bu böyük nailiyyət münasibətilə təbrik etmək istərdim. ” 

ŞA obyektləri 48 quyu gövdəsinə malik bir hasilat, qazma və yaşayış platformasından və qurudakı Səngəçal terminalına birləşmiş 30 düymlük sualtı boru kəmərindən, həmçinin bir sıra yataqarası boru xəttləri və sistemlərindən ibarətdir. 

ŞA-dən hasil edilən neft qurudakı Səngəçal terminalına 30 düymlük yeni sualtı boru kəməri ilə daşınacaq. ŞA-dən hasil edilən səmt qazının isə platformanın yanacaq ehtiyaclarını ödədikdən sonra qalan hissəsi yataqarası sualtı qaz kəmərləri ilə Mərkəzi Azəridə quraşdırılmış Kompressor və Suvurma Platformasına (KvəSP) nəql ediləcək ki, lay təzyiqinin saxlanılması üçün yenidən laya vurulsun. Səmt qazının artıq qalan hissəsi mövcud sualtı qaz boru kəməri ilə Səngəçal terminalına nəql olunacaq, oradan isə ölkə daxilində istifadə olunmaq üçün Azəriqaz sisteminə vurulacaq. 

Maraqlananlar üçün fotoşəkillər də var. 
Redaktorlar üçün qeydlər: Azəri-Çıraq-Günəşli (AÇG) Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1994-cü ilin sentyabrında imzalanmışdır və AÇG müqavilə sahəsinin 30 illik işlənməsini əhatə edir. Hesablanmışdır ki, bu HPBS dövründə 5,4 milyard barel neft ehtiyatı hasil ediləcək. Bu yataq bir neçə mərhələdə işlənməkdədir: Çıraqdan İlkin Neft Layihəsinin bir hissəsi olaraq 1997-ci ildən neft hasil olunur. Bundan sonrakı mərhələ 2005-ci ilin əvvəllərində hasilata başlamış Azəri Faza 1 Layihəsi adlanan Mərkəzi Azəridir. Növbəti mərhələlər Azəri Faza 2 layihəsi kimi 2006-cı ilin yanvarında hasilata başlamış Qərbi Azəri və indi hasilata başlayan Şərqi Azərini əhatə edir. Sonuncu AÇG işlənmə mərhələsi olan Faza 3 (Dərinsulu Günəşli) üçün hazırda tikinti işləri gedir və buradan hasilatın başlaması 2008-ci ildə gözlənilir


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: +994 (0) 12 599 45 57