Şərqi Azəri platformasının üst modulları dənizdə quraşdırıldı

28 iyul 2006

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) məmnunluqla bildirir ki, Şərqi Azəri (ŞA) hasilat, qazma və yaşayış platformasının üst modulları bu gün təhlükəsiz şəkildə dənizdə dayaq bloku üzərinə quraşdırılmışdır. 
15 850 ton ağırlığında olan üst modullar iyulun 26-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsindən uğurla dənizə yola salınmışdı. Modullar iyulun 6-sından bəri STB-1 daşıma barjı üzərinə yüklənmiş hazır vəziyyətdə dənizə yola salınmaq üçün əlverişli hava şəraitini gözləyirdi.

Azəri-Çıraq-Günəşli Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları bunlardır: BP (operator – 34,1%), Şevron (10,3%), ARDNŞ (10%), İNPEKS (10%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), İtoçu (3,9%), Amerada Hess (2,7%).

ŞA platforması Azəri yatağının şərq tərəfində suyun 150 metr dərinliyində yerləşir. ŞA platformasının dayaq bloku dənizdə 2006-cı ilin martında quraşdırılmışdı. ŞA platformasından ilk neftin 2006-cı ilin sonunadək əldə olunması planlaşdırılır. Həmin vaxta qədər isə üst modulların dənizdə nizamlanması və istismar sınaqları tamamlanacaq. ŞA platformasının istismara verilməsi Azəri-Çıraq-Günəşli (AÇG) üzrə dəniz obyektlərinin neft hasilatı gücünü gündəlik 260 min barel artıracaq. 

BP-nin əsas layihələr üzrə vitse-prezidenti Bryus Luberski deyir: “Biz bu il üçün götürdüyümüz mühüm öhdəliklərin yerinə yetirilməsini davam etdiririk. Bu ilin əvvəlində Qərbi Azəri və kompressor və suvurma platformalarının, eləcə də Səngəçal terminalının Faza 2 obyektlərinin uğurla istismara verilməsindən sonra bu, faktiki olaraq uğurla yerinə yetirdiyimiz dördüncü mühüm hadisədir. 

Şərqi Azəri platformasından nefti 2006-cı ilin sonunda, sanksiya üzrə vəd verilən müddətdən bir neçə ay əvvəl hasil etməyi planlaşdırırıq. Bu işin plandan əvvəl yerinə yetirilməsi bizim standartlaşdırılmış yanaşma metodumuz və əvvəlki platformalardan əldə etdiyimiz təcrübənin tətbiq edilməsi sayəsində olmuşdur. 
Bu işdə çalışan insanların hər birinə və bütün podratçılarımıza əməyin təhlükəsizliyi üzrə öhdəliklərinə və bu layihəyə münasibətdə fərdi qətiyyətlərinə görə təşəkkür edirəm. Üst modulların təhlükəsiz şəkildə yola salınması və dənizdə dayaq bloku üstündə quraşdırılmasından sonra komandamın davamlı əzmi və qətiyyəti sayəsində əminəm ki, qarşımızdan duran növbəti vəzifəmizi yerinə yetirib Şərqi Azəri platformasından ilk nefti cari ilin sonuna qədər hasil edə bilərik.“ 

Maraqlananlar üçün fotoşəkillər var. 

Redaktorlar üçün qeydlər: 
AÇG Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1994-cü ilin sentyabrında imzalanmışdır və Azəri-Çıraq-Günəşli müqavilə sahəsinin 30 illik işlənməsini əhatə edir. Hesablanmışdır ki, bu HPBS dövründə 5,4 milyard barel neft hasil ediləcək. Bu yataq bir neçə mərhələdə işlənməkdədir: Çıraqdan İlkin Neft Layihəsinin (İNL) bir hissəsi olaraq 1997-ci ildən neft hasil olunur. Bundan sonrakı mərhələ Azəri Faza 1 layihəsi idi – Mərkəzi Azəri hasilata 2005-ci ilin əvvəlində başlamışdır. Növbəti mərhələlər Azəri Faza 2 layihəsi kimi 2006-cı ilin əvvəlində hasilata başlamış Qərbi Azərini və istismara verilməsi 2007-ci ilin əvvəlinə planlaşdırılmış Şərqi Azərini əhatə edir. AÇG Faza 3 – Dərinsulu Günəşli layihəsi üzrə isə artıq tikinti işləri gedir və onun 2008-ci ildə hasilata başlaması gözlənilir. 


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: +994 (0) 12 599 45 57